Əməkdar artist Ədalət Şükürovun yeni albomu işıq üzü gördü. Deyir ki, bu qısa zamanda toplunun xoş sorağını eşidir. Dinləyicilərinə təşəkkür borcu olduğunu bildirən sənətçi alboma onların zövqünü oxşayan mahnılarını cəm edib. Azərbaycan bəstələri ilə yanaşı, gürcü və rus dillərində mahnılar da yer alıb. Onun işinin çoxu Gürcüstan və Rusiya ilə bağlı olduğu üçün istər-istəməz bu iki dildə də mahnılar oxuyur.
- Klip çəkdirmək fikriniz yoxdur?
- Klip çəkilişlərini hələlik dayandırmışıq. Ona görə ki, mahnı var klip çəkiləndən sonra tanınır, elə mahnılar da var ki, klip çəkdirməyə ehtiyac olmur, artıq o populyardır. Mənim elə bir mahnım yoxdur ki, ona klip çəkdirməyə ehtiyac olsun. Belə bir ehtiyac yaranarsa, əlbəttə, klip də çəkilər.
- Son zamanlar şou-biznesdə intellektual səviyyə müzakirə mövzusudur. Sizcə, bu səviyyə göstəricisini necə qiymətləndirmək olar?
- Şou-biznesdə 100-dən 10-nun səviyyəsi var. Kitab oxumurlar. Əksəriyyətinin heç ali təhsili yoxdur. Fəxr edirəm ki, onların bəzilərinə təsirim keçib, sonra onlar ali məktəblərə qəbul olunublar, nəticədə sanbalları birə on artıb.
- Sənətçilərin əsas qazancı el şənlikləridir. Ortaya belə bir qəribə söz atılıb ki, sənətçilərin özlərinə "qiymət" qoymasına nəzarət sistemi yaradılsın. Sizcə, bu nə dərəcədə realdır?..
- Bilmirəm bu təklifi kim verib, amma mümkün olan şey deyil. O adam bunu edə bilməz və buna heç gücü də çatmaz.
Hər sənətçinin öz qiyməti var. Kimsə nəzarət edəcəksə, deməli, o adamın bu işdən, ümumiyyətlə, heç nədən başı çıxmır. Əgər bizi sevirlərsə, bizim qiymətlərimizə baxmayaraq, toylara çağıracaqlar. Yox, əgər sevmirlərsə, mən Ədalət Şükürov 10 000 manat da versəm, yenə çağırmayacaqlar. Hərənin öz qiyməti var. Və kimin zövqünü kim oxşayırsa, onu da toyunda görmək istəyəcək.
- Belə olubmu ki, kimsə toy eləyir və onun çox böyük arzusudur ki, siz o toyda iştirak edəsiniz. Amma sizə yaxınlaşır və imkanının aşağı olduğunu bildirir. Bu zaman güzəştə gedirsinizmi?
- Əlbəttə, bu normal bir şeydir. Mən gedirəm. Bilirəm ki, başqa müğənnilər getmir, amma mən insanların istəyini qırmıram. Birdən də görürsən ki, dəvət eləyirlər sanballı bir yerə və ağlayırlar ki, pulum yoxdur, artıq bu gülməlidir. Deməli, məni aldadırlar. Amma imkansız şəxslər var ki, zəng edirlər və xahiş edirlər, mən də orda məmnuniyyətlə iştirak edirəm.
- Builki "Eurovision" təmsilçilərimizin birinci olacağına ümid edirdiniz.
- Bu müsabiqədə çox vaxt gözlənilməyən nəticələr olurdu deyə, təmsilçilərimizi ilk üçlüyə qədər şanslarının olduğunu düşünürdüm. Amma birinci olduqlarını eşidəndə çox sevindim və əmin oldum ki, səslər layiqli ifaçılara verilib. Azərbaycanın yeri hər zaman yüksəkdədir. Gələn il Azərbaycan bu müsabiqəyə ev sahibliyi edəcək. İnanıram ki, həmin müsabiqə möhtəşəmliyi ilə tarixə düşəcək.
|