2008-ci ildə Azərbaycanda qadınlara qarşı törədilən cinayətlərin sayı 6352 olub. Bundan 4 il əvvəl - 2004-cü ildə isə belə cinayətlərin sayın 4480 olub. Məhz belə artan statistika "Azərbaycanda məişət zorakılığının qarşısının alınması" haqqında qanunun qəbulunu zəruri edib. Bu haqda dünən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının keçirdiyi tədbirdə fikirlər səsləndi.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının müəllimi Vüqar Mansurov dedi ki, qanun qəbul edilsə də, onda bəzi dəyişikliklərə ehtiyac var. Məsələn, mövcud qanunvericiliyə görə, polis münaqişəli ailələri profilaktik qeydiyyata alır. Amma bu qeydiyyat yalnız "yaxın qohumluq əlaqələri olan ailələrə" aiddir. Yəni iki münaqişəli qonşunun qeydiyyata alınmasından söhbət gedə bilməz. Odur ki, Vüqar Mansurov "Cinayətlərin profilaktikası" haqqında qanun qəbulunun da vacib olduğunu bildirdi. DİN təmsilçisi onu da qeyd etdi ki, məişət zorakılığının qarşısının alınmasında yalnız polis yox, ictimaiyyətin bütün qüvvələri iştirak etməlidir. Onun fikrincə, bu işi həyata keçirəcək polis naşı ola bilməz. Çünki ailə içinə girib söhbət aparan bir şəxsin ən azından psixoloji hazırlığı olmalıdır.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə məişət zorakılığının qurbanları üçün 4 sığınacaq hazırlandığını bildirdi. Artıq Lənkərandakı ilk mərkəzin hazır olduğunu deyən sədr müavini həmin sığınacağın işə düşməsi üçün maliyyə axtarıldığını söylədi. Yaxın vaxtlarda Xaçmaz, Zaqatala və Gəncədə isə mərkəzin yaradılması üçün hazırlıq işləri aparılır.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun dəyişiləcəyindən əmin olduğunu bildirdi. Onun sözlərinə görə, qanunun tətbiqi zamanı onun dəyişilməsinə ehtiyac olduğu zərurəti ortaya çıxıb: "Ən azından bəzi beynəlxalq terminlər var ki, qanuna salınmalıdır. Bu qanunun nikahdankənar əlaqələrə də şamil olunmasına mən o vaxt qarşı çıxmışdım. Çünki bu maddənin qanuna salınacağı təqdirdə əks effekt verəcəyini, gənclər arasında belə əlaqələrin yayılmasına xidmət edəcəyini düşündüm. Dedim ki, gəlin bu məsələdə tələsməyək. Amma indi görürsən bəzi peşəkar hüquqşünaslar deyirlər ki, qız qaçırılmasının cinayət hesab olunmasına dair maddə məcəllədən çıxarılmalıdır. Və ya ölüm hökmünün bərpasından danışırlar. Bunlar olmayacaq. Çünki bu sahədə iradə ortaya qoyulub".
|