Aynişan Quliyeva Azərbaycanı "Slavyan bazarı" adlı beynəlxalq müsabiqədə təmsil edəcək. Anası Aybəniz xanım AYNAya bildirib ki, əslində builki "Eurovision" müsabiqəsinin milli seçim turlarının sonuna qədər gələn və yarımfinalda məğlub olan Aynişanın daha bir müsabiqəyə qatılmasını istəmirdi.
"Açığını deyim, ümidimi itirmişdim. Bir qədər də yorğun idim. Amma hər ikimizi yeni müsabiqəyə həvəsləndirən oldu. "Slavyan bazarı" bu ilin iyulunda Belarusda keçiriləcək. Bizim heyətin sədri Validə Abbasova Aynişanın namizədliyini təklif etdi. İnanmırdım keçə bilər. Biz Aynişanın bioqrafiyası, mahnıları, ekran görüntülərini təşkilat komitəsinə göndərdik. Cavab gələndə inana bilmirdik. Adı yarımfinala vəsiqə qazananların sırasında idi".
Aynişan Quliyeva 19 ölkə iştirakçısı ilə mübarizə aparacaq. Artıq onun ifa edəcəyi mahnılar hazırdır. Bunlar gənc bəstəkar Ülviyyə Vəliyeva və Adil Baxışlının mahnılarıdır. Eyni zamanda bir Ukrayna mahnısı ifa edəcək.
Aynişan bildirdi ki, iyulun 5-də yola düşürlər. Minskdə 2 gün estrada ansamblı ilə məşq edəcək və ifası təqdim olunacaq. İyulun 14-də "Slavyan bazarı"nın qala konsertində qalibin adı bəlli olacaq. Aynişan bildirdi ki, uzun fasilədən sonra Azərbaycana "Qran-pri"ni gətirmək arzusundadır. Xatırladaq ki, bundan əvvəl "Qran-pri"ni ölkəmizə Manana gətirib.
|