Xəyyam Nisanovun növbəti konserti Nyu-Yorkda təşkil ediləcək. Yayın ilk həftələrinə planlaşdırılan musiqili proqram orada yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Sənətçi bildirir ki, məhz həmin konsertin proqramı üçün 3 yeni mahnı yazdırır. Bu işdə ona Nyu-Yorkda yaşayan azərbaycanlı cazmen Ruslan Ağababayev yardımçı olur.
Xəyyam bildirdi ki, konsertdən sonra elə oradaykən bu yeni mahnılardan birinə klip çəkdirəcək.
Son olaraq isə sənətçi rusca "Tı daleko" adlanan musiqi toplusunu təqdim edib. Burada rus dilində ifa etdiyi 16 mahnı yer alır.
Albom Bakıda "STS rroduction"da istehsal olunub. Xaricdə tez-tez qastrol səfərlərində olmasına baxmayaraq, növbəti albomunu da Azərbaycan musiqi şirkətində hazırladıb. Albomdakı fotolar Zaur Zaman tərəfindən çəkilib. Mahnı seçimləri, eləcə də tərtibatla Xəyyam Nisanovun musiqi prodüseri, bəstəkar-şoumen Murad Arif şəxsən özü məşğul olub.
Topluda tanınmış bəstəkarlar Vaqif Gərayzadə, Elçin İmanov və Sergey Kolesniçenkonun mahnıları yer alıb. Albom artıq Rusiyada da satışa buraxılıb və 2000-dən çox disk satılıb.
Xəyyam onu da deyir ki, belə bir albomu ondan qonşu ölkədə yaşayan pərəstişkarları, davamlı olaraq rus dilində olan mahnılar toplusunu istədikləri üçün "Tı daleko"nu ərsəyə gətirib.
Albomda yer alan musiqilər "Bakı şansonu" janrındadır. "Tı daleko" sənətçinin diskoqrafiyasında sayca 3-cü albomdur.
|