Dünya çox kiçikmiş. Oğrular, canilər çox da uzağa qaça bilmir. Oğurluq mallar da bir gün tapılıb sahibinə - hardan oğurlanıb oraya qaytarılır. İsveçrə hökuməti Liviya lideri Müəmmər Qəddafinin, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin və Tunisin sabiq dövlət başçısı Ben Əlinin ölkə banklarında saxlanılan və ümumi məbləği 830 mln. İsveçrə frankı (960 mln. dollar) olan hesablarını dondurub. Ömür boyu sümür, apar uzaqda gizlət, bir gün kimsə onu "dondursun" və desin ki, bunlar artıq sənin deyil. Tək bu üç diktatordan - dünənin asıb-kəsən, əlinin üstündə əl, sözünün qabağında söz olmayan hökmranından söhbət gedir. Amerikanın "The Wall Street Journal" nəşrinin yaydığı xəbərə görə, dondurulmuş hesablardakı vəsaitlər həm diktatorların özünə, həm də yaxın ətraflarına aiddir. Bu gün onlar aciz bir durumda. Dünya onları mənfur oğrular və canilər kimi barmaqla göstərir. Misirdə artıq bəziləri barmaqlıq arxasına salınıb, məhkum olunanları da var. Diktator isə öz aqibətini gözləməkdə. Təsəvvür edək: bu sözügedən məbləğin 360 mln. frankı Qəddafiyə, 410 mln. frankı Mübarəkə, 60 mln. frankı isə Ben Əliyə məxsusdur. İsveçrə XİN Yaxın Şərq diktatorlarının pullarının saxlandığı bankların adlarını açıqlamaqdan imtina etsə də, bunun bir önəmi yoxdur. Önəmlisi odur ki, İsveçrə banklarına yatızdırmaq daha təhlükəsiz deyilmiş. "The Wall Street Journal" yazır ki, göstərilən vəsaitlərin Yaxın Şərq diktatorlarının İsveçrə banklarındakı bütün pullarını əks etdirdiyi inandırıcı deyil. Belə ki, təkcə Liviya liderinin ABŞ banklarında saxlanan 30 mlrd. dollardan çox vəsaiti dondurulub...
|