Hərbi Analitik Tədqiqatlar Mərkəzi (HATM) region ölkələrinin hərbi doktrinalarının araşdırılması layihəsi çərçivəsində daha bir işə imza atıb. Ermənistanın Hərbi Doktrinası Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunub. HATM direktoru, ehtiyatda olan polkovnik İldırım Məmmədovun fikrincə, bu sənəd Azərbaycanın, ümumiyyətlə regionun təhlükəsizliyinə təhdid doğuran məqamlarla zəngindir. Ekspert hesab edir ki, Azərbaycan özünün xarici hərbi siyasətində bu detalları nəzərə almalıdır.
Məmmədov bildirdi ki, müdafiə xarakteri daşıdığı bəyan edilməsinə baxmayaraq, bu sənəd əslində hücum məqsədli işğalçılıq niyyətlərini özündə birləşdirir. "Buna "İşğal doktrinası" adını verərdim", - deyə o qeyd edib. Belə ki, sənədin giriş hissəsində bildirilir ki, Hərbi Doktrina Ermənistan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsinin hərbi-siyasi, hərbi-strateji, hərbi-iqtisadi və hərbi-texniki əsaslarını ehtiva edən rəsmi konseptual baxışların cəmini təşkil edir. Elə bu hissədə qeyd olunur ki, "Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının xalqının zaminidir və onun və onun seçdiyi inkişaf yolunun təhlükəsizliyini təmin edir". Sənəddə bu təminatın səbəbləri barədə reallıqdan uzaq, həqiqətə uyğun olmayan "məlumatlar" əksini tapır. Guya ermənilər müasir Azərbaycan ərazisində "soyqırım" yaşayıblar, onlara qarşı "milli təmizləmə" həyata keçirilib, guya Azərbaycan Respublikası tərəfindən "Dağlıq Qarabağ xalqının qanuni və dinc yolla öz müqəddəratını təyin etməyə yönəlməsinə qarşı hərbi güc tətbiq etmək üzrə siyasəti və onun (yəni Dağlıq Qarabağ xalqının) 1988-1994-cü illərdə məcburi müharibəyə cəlb edilməsi" faktı var.
Sənədə ağlagəlməz qeyri-həqiqi ifadələr də əksini tapıb. Guya Azərbaycan Respublikasının "Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə həll etməyə yönəlməsi ilə şərtlənmiş daimi fiziki məhv təhdidinə məruz qalan Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi ehtiyacı" var.
"Aydındır ki, bütün bunlar absurddur və Azərbaycan ərazilərinin zəbt olunması ilə davam edən işğalçılıq siyasətinin rəsmi Yerevanın əsas siyasi hədəflərindən olduğunu sübut edir", - deyə Məmmədov qeyd etdi.
Sənədin giriş hissəsində o da qeyd olunur ki, Ermənistan "Dağlıq Qarabağ xalqının öz tarixi vətənində öz müqəddəratını təyin etmək faktının mübahisəsiz siyasi-hüquqi əsaslarından, Dağlıq Qarabağ Respublikasının demokratik, sosial, hüquqi dövlət kimi təşəkkül etməsi reallıqlarının dönməzliyindən, Ermənistan Respublikasının və Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyinin təmin edilməsi məsələlərinin qəbul edilməsinin qarşılıqlı bağlılığından və ümumiliyindən" irəli gələrək "DQR xalqı"nın zaminidir.
"Bu qədər cəfəngiyyat, işğalçı və terrorçu niyyətlərin ardınca qeyd olunur ki, "Hərbi Doktrina müdafiə xarakteri daşıyır". Sözsüz ki, bu çox qeyri-real bir yanaşmadır. Hesab edirik ki, bu sənəd Azərbaycan rəsmiləri - xüsusi olaraq Xarici İşlər Nazirliyi tərəfindən analiz olunmalı və beynəlxalq təşkilatlara göndərilməlidir. Çünki bu sənəd Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin ən böyük sübutu hesab oluna bilər. Azərbaycanın xarici siyasət diplomatiyası bu məsələni mütləq diqqətdə saxlamalıdır", - deyə HATM rəhbəri bildirdi.
Sənədin "Məqsəd və vəzifələr" adlanan dördüncü fəslində isə Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlik maddələr əksini tapır. Misal üçün qeyd olunur ki, Ermənistan Respublikasının müstəqilliyinin, suverenitetinin, ərazi bütövlüyünün, sərhəd toxunulmazlığının, Ermənistan Respublikasının və "Dağlıq Qarabağ Respublikasının" əhalisinin fiziki təhlükəsizliyinin təminatı üçün lazım olan müdafiə potensialının təmin edilməsinin hərbi məqsədlərindən biri Ermənistan Respublikasının və "Dağlıq Qarabağ Respublikasının" təhlükəsizliyinə olan təhdidlərin qısamüddətli və ortamüddətli operativ müdafiə proqram və planlarının işlənilməsi və həyata keçirilməsi yolu ilə qarşısı alınması və neytrallaşdırılmasıdır.
"Bu nə deməkdir? Bu aşkar şəkildə işğalçılıq siyasətinin bəyan edilməsi və meydan oxumaqdır. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi ola-ola, heç bir beynəlxalq təşkilat və hansısa dövlət onun müstəqilliyini tanımadığı halda Ermənistan hansı əsasla Azərbaycan ərazisinə olacaq təhdidlərin qarşısını almaq niyyətindədir? Bu və digər müddəalar ciddi təhlil olunmalı və beynəlxalq təşkilatlara ünvanlanmalıdır. Xüsusilə də məsələ ATƏT Minsk Qrupunun diqqətinə yönəldilməlidir. Çünki məhz sənəddə belə işğalçı məqamların əksini tapması münaqişənin nizamlanmasına mənfi təsir edən məqamlardan biridir", - deyə o bildirdi.
|