Mayın 2-3-də Avropa Parlamentinin Brüssel mənzil-iqamətgahında Avronest Parlament Assambleyası (PA) təsis olunub. Burada Azərbaycanı MM sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Elxan Süleymanov, Əli Hüseynli, Asim Mollazadə, Gülçöhrə Məmmədova, Azər Kərimli və Fuad Muradov təmsil ediblər. Ziyafət Əsgərovun sözlərinə görə, bu təşkilatı yaratmaqda əsas təşəbbüskar Avropa Birliyi olub. Məqsəd də quruma daxil olan ölkələrlə Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan və Ukrayna arasında münasibətlərin əlaqələndirilməsi, hər ölkədəki problemlərin birgə müzakirəsinə nail olmaqdır. Avronest bu ölkələrdə gedən islahatları da diqqət mərkəzində saxlayacaq.
Mayın 2-də açılış törənində 5 dövlət tərəfindən təsis sənədi imzalanıb. Yığıncağa sədrlik edən AP sədri Yeji Buzek Avronest PA-nın məqsəd və vəzifələri barədə danışıb, qurumun Şərq tərəfdaşlığı çərçivəsində AB ilə gələcək əməkdaşlığından, üzv ölkələrin Avropa dəyərlərinə inteqrasiyası yönündəki fəaliyyətindən bəhs edib. Mərasimdə Avronest PA sədr və müavinləri, büro üzvləri seçilib. Azərbaycanlı deputat Elxan Süleymanov qurum sədrinin müavini və büro üzvü seçilib. O həm də Azərbaycanın Avronest deputat qrupunun rəhbəri vəzifəsinə seçilib.
Azərbaycan qurumda 10 deputatla təmsil olunacaq. Ümumilikdə, Avronestdə dörd komitə fəaliyyət göstərəcək. Fuad Muradov enerji təhlükəsizliyi məsələləri üzrə komitənin sədri seçilib. Təsis yığıncağında iki işçi qrupu yaratmaq da qərara alınıb. İlk işçi qrupu Belarusun Avronest PA-ya qoşulmasının perspektivlərini araşdırmaqla məşğul olacaq. İkinci işçi qrup isə Avronest komitələrinin fəaliyyətini tənzimləyəcək.
|