Yeni etnik bölücülük cəhdi
 |
Dağıstanda \"Avar Milli Muxtariyyəti\" tələbləri nə vəd edir?
Şənbə, 07.05.2011
|
|
Dağıstanın uzun müddətdir üç qruplaşma ətrafında birləşmiş etnokratların timsalında idarə olunduğu gizli deyil. Hər qruplaşma öz mövqelərini qorumaq üçün hətta silaha, etnik təməldə fitnəkarlıqlara da əl atırlar. Onlar şərti olaraq "Şimal", "Paytaxt" və "Cənub" qruplaşmaları da adlanır və Dağıstanın idarə olunmasında dominant rol oynayırlar. Bu şəbəkə 30 ildən çoxdur dotasiya ilə yemlənir və etnokratik "siyasətlərini" də bu dotasiya üzərində qururlar. Rusiya federal büdcəsindən dotasiya şəklində ayrılan milyonları mənimsəmək, vaxtaşırı fitnəkar ideyalar ortaya atmaq və onların əllərində olan media vasitələrində bunu hallandırmaq, sadə xalqın yaşamını zəhərə döndərmək onların həyat normasına çevrilmişdir.
2008-ci ildə prezident seçilən Dmitri Medvedevin başlatdığı modernləşmə siyasəti bütün Rusiya boyunca dotasiyalı regionların ləğvinə yönəlibsə də, indiki şəraitdə bu prosesə qarşı regionlarda ciddi dirənişlər müşahidə olunur. "Dotasiya mafiyası" buna lokal silahlı münaqişələr, fitnəkarlıqlarla cavab verir.
Stalinizm irsi və Dağıstan
Sovetlər Birliyinin ali hakimiyyətində üstün mövqelərə çıxmaq üçün İosif Stalin 1922-ci ildə gözlənilmədən "milli siyasət" doktrinası ilə çıxış etdi. O zaman hələ ki, dayaqları çox da möhkəm olmayan bu dövlətin qurulmasında xalqların təmsilçilik prinsipi həssaslıqla qarşılanan bir strategiya hesab olunurdu. Qafqazın hər yerini zərgər dəqiqliyi ilə tanıyan Stalin sayca az olan, ancaq çoxlu sayda toplumları təmsil edən Quzey Qafqaz xalqları nümayəndələri sayəsində irəli sürülən təşəbbüsün dəstəklənməsində böyük uğur qazana bildi.
Stalin ötən yüzilin 30-cu illərində "milli azlıqların mövcudolma" proqramını tətbiq etməklə bu toplumlara dövlət büdcəsindən əlavə maliyyə vəsaitlərinin ayrılmasını təmin etdi. Bu ənənə Sovetlər Birliyi dağılana qədər davam etdi. 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra, bu dəfə həmin strategiya Rusiya Dövlət Duması, Rusiya Federasiya Şurası tərəfindən davam etdirildi.
Mütəxəssislərin hesablamalarına görə, indiki şəraitdə heç bir iqtisadi yüksəliş pespektivi gözlənilməyən Dağıstana hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait dotasiya şəklində ayrılır və bu milyonların böyük bir qismi elə yerli etnokrat məmur mafiyaları tərəfindən rahatca oğurlanır. Təbii olaraq, bu siyasətin davam etdirilməsində federasiya hökumətinin də "xüsusi" maraqları nəzərə alınır. Bu dotasiyanın baş üzərini təhlükə alanda dərhal fitnəkarlıqlar körüklənir...
Prezident Dmitri Medvedevin başlatdığı modernləşmə siyasəti regionların dotasiya şəraitində saxlanılmasına qarşı olmaqla, başlıca prinsipi - regionların iqtisadi inkişaf proqramlarını hazırlamaq, konkret layihələrin federal büdcədən dövlət təminatı verilməklə tətbiq olunmasından ibarətdir. Hələlik Quzey Qafqaz regionlarında bu proses Qaraçay-Çərkəz respublikasında normal şəkildə inkişaf etməkdədir. Quzey Qafqazın digər respublikalarında isə yerli etnokrat mafiyalar bu təşəbbüsləri süngü və dirənişlə qarşılayır. Çünki stalinizm mirası beyinlərdə dərin kök salıb, bu zümrənin heç bir iş görmədən yaşam tərzinin normasıdır.
Dağıstanın gənc prezidenti Məhəmmədsalam Məhəmmədov modernləşmə kursunu fəal şəkildə müdafiə etsə də, etnokrat məmur mafiyası tərəfindən onun bütün təşəbbüsləri boşa çıxarılır...
Bu sırada Rusiyadakı qatı mühafizəkar çevrələr də onlara dəstək verirlər.
"Şimal alyansı"nın son silahı
Dağıstanın üç etnokrat mafiyanın nəzarətində olması bu diyarda davam edən fitnə-fəsadların detonatorudur. "Şimal alyansı" faktiki olaraq avarların, "Paytaxt alyansı" darginlərin, "Cənub alyansı" isə ləzgilərin nəzarətindədir. Türklər- kumıklar, azərbaycanlılar və noqaylar bu etnomafioz qruplaşmalardan kənarda dayanıblar. İndiki məqamda "Şimal alyansı"nın nəzarətində olan ərazilərdə bir neçə qruplaşma mövcuddur. Buraya avarların nəzarətində olmaqla "radikal" dinçilər, "ənənəvi "sufi" inanclılar, əşirətləri təmsil edən "məmur" nomenklaturası, sindikata çevrilmiş "cinayət mafiyası" daxildir. Hər bir qruplaşmanın öz silahlı birlikləri mövcuddur. Hazırda bu qruplaşmaları vahid güc şəklində birləşdirən və onları idarə etmək qabiliyyətinə malik olan lider, uzun müddətdir Xasavyurd şəhərinin meri vəzifəsində çalışan Səidpaşa Umaxanovdur.
Prezident Məhəmmədovun Rusiya prezidenti Medvedevin dəstəyilə Dağıstanda başlatmaq istədiyi modernləşmə strategiyasına qarşı "Şimal alyansı"nın müqaviməti özünü çox gözlətmədi. Onların maraqlarına zidd olan modernləşmə siyasətini iflasa uğratmaq üçün terrorlar, teraktlar yenidən alovlanmağa başlayıb. Bu sırada "Şimal alyansı"nın nüfuz dairəsində olan region xüsusilə fərqlənir...
Aprelin 15-də Səidpaşa Umaxanovun rəhbərliyi altında "Avar Milli Muxtariyyəti"nin elan olunması artıq regionda yeni bir mərhələnin başlanılmasına açıq şəkildə işarədir. Çünki alyansda təmsil olunan güclər modernləşmə siyasətinin onların mövqelərini sarsıdacağının fərqinə varmağa başlayıblar. Buna görə də idarə olunan terror və terakt metodu indi "milli muxtariyyət" statusu adı altında gündəmə gətirilir.
Beləliklə, sayları 600-700 min nəfərə çatan avarları bir toplum olaraq, səfərbər etməklə alyans öz mövqeyini qorumağa ümid edir. Səidpaşa Umaxanov bu niyyətini gizlətmədən belə bir açıqlamada bulunur:
"Avarlar Dağıstanda sayına görə ən böyük toplumdur. Ancaq bununla yanaşı, biz avarların həyat tərzi heç də xoşagələn deyil. Bu gün Dağıstanda avarların problemləri həll edilmirsə, digər xalqların da problemləri həll olunmayacaq. Biz buna görə də "Avar Milli Muxtariyyəti" iddiasındayıq. Biz artıq ümumavar qurultayının keçirilməsi üçün təşkilat komitəsi də yaratmışıq".
15 aprel Xasavyurd toplantısında Süleyman Uladiev, Ömər Hacıyev, İsalməhəmməd Nəbiyev və digər natiqlər bildiriblər ki, tarixi "Avarıstan" uğrunda mübarizənin başlanma zamanıdır. Çünki avarlar bir toplum olaraq, öz ana dillərini unutmaq, milli-mədəni dəyərlərini itirmək təhlükəsilə üz-üzə qalıblar. Bu toplantıda diqqəti çəkən detallardan biri də uzun illər Moskvada yaşayan avarların daha fəal iştirak etməsidir. Süleyman Uladiev bildirib ki, indi nəinki Dağıstanda, eləcə də Rusiyanın şəhərlərində yaşayan hər üç avardan biri öz ana dilini artıq unudubdur. Dağıstan xalqlarının etnik kimlik prinsipləri dövlət siyasətinin tərkibi olaraq müdafiə olunmur.
Dağıstan İctimai Palatasının üzvü Ömər Hacıyev: "Avarlar artıq bir millət olaraq öz tarixlərini bilmir, uşaqlar çox çətinliklə ana dilində danışırlar. Avar milli kimliyinin qorunması üçün heç bir dövlət mexanizmi yoxdur. Biz buna görə də avarların etnik kimlik məsələsinin beynəlxalq səviyyədə müdafiəsinə nail olmalıyıq" kimi ortaya mahiyyəti anlaşılmaz bir iddia atır.
Təbii olaraq avarların öz milli, mədəni hüquqları yaşadılmalı və inkişaf etdirilməlidir. Ancaq öz şəxsi sərvəti yüz milyon dollarla vəsaitə bərabər olan bu natiqlər görəsən təmsil olunduğu xalqın mədəni həyat tərzi və sosial rifahı üçün niyə bu günə qədər susublar? Onların bu yöndə fəaliyyətlərinə mane olan nəymiş?
Pəncərənin arxasındakı qara pərdə
Özlərini etnik kimlik olaraq "maarulal" adlandıran avarların milli hisslərini alovlandırmağa yeni bir cəhdi müşahidə etməkdəyik. Bəlli etnokrat güclər regionda yeni problemlər yaratmağın peşində... Diqqətimizi çəkən odur ki, "Avarıstan" iddiası Gürcüstan, Çeçenistan və Azərbaycana da şamil edilir..
|
|
|
Oxşar xəbərlər:
Bakı-Tümen dəmiryolu xəttində parlayış
Dağıstan üzərindən ölkəmizə gizli təhdidlər
Dağıstanda hakimiyyət dəyişikliyi nə vəd edir
Bir ucqar cənub şəhərində
Kuklaların solmayan gözəlliyi
|
|
|