Xumar Qədimovanın həmkarları ilə münasibətdə həmişə lider olmağa çalışdığı deyilir. Bu hal bəzilərində sıxıntı yaradırmış. Xumar xanım isə deyir ki, liderliyi hər adama deyil, ərki çatana edir:
- Adi münasibətdə olduğum adama liderlik etmərəm, heç vaxt. Ola bilər, kimsə təsirimə düşür, lakin mən özüm buna çalışmıram. Bəzən səfərə çıxanda fikirləşirəm ki, bu adamla yola çıxsam, necə olar? Mənə deyirlər narahat olma, sənin təsirin altına düşəcək. İnan, mən buna çalışmıram! Bilirsən, niyə təsirim altına düşür? Ona görə ki, məndə dürüstlük var.
- Bəs nədən bu dürüstlük varkən, münasibətlər uzunömürlü, qalıcı olmur?
- Əgər qarşıdakına bu sərf eləmirsə, əlbəttə, bu münasibət alınmayacaq.
- Həyatınızın uzunömürlüsü var?
- (Bacısını göstərir) Bacım əbədidir. Fikirləşirəm ki, o olmasa, mən də olmaram. Məni hiss edir, tanıyır, incitmir.
- Bəlkə siz səhnədə olduğunuz üçün belə cəlbedici, maraqlı gəlirsiniz?
- Yox, müğənni olmazdan öncə də sevilirdim. Maraq dairəsində idim. Biz ailədə 4 bacı olmuşuq. Qonşuluqda bir qadın yaşayırdı, anama deyirdi, bax bu qızın başqa olacaq, onun istedadı var.
- Sizin kompleksləriniz var?
- Var, əlbəttə. Mən kompleksiz adamı anormal sayıram.
- Kənardan sizi müşahidə etdikdə çox narahat görünürsünüz.
- Mən təbiətən narahat adamam. Xoşbəxt adam sayıram rahat adamları... Mənim aləmimdə xoşbəxt adamlar onlardır. Çox çılğınam. Dəqiqliyi sevirəm, harasa gedəndə, nəyisə planlaşdıranda, tutalım, deyirəm ki, 10 dəqiqə qalmış nəyisə yadıma sal. O vaxt nəyisə yadıma salmayanda, narahat oluram, hətta hirslənirəm.
- Bu narahat təbiətinizə görə kimisə bezdirib itirmisiniz?
- Əsəblərimi itirirəm. Hərdən özümə söz verirəm ki, bir də belə etmərəm. Amma yenə təkrarlanır. Bu yaxınlarda səhvimə görə kimdənsə incimişəm. İndi ona ağrıyıram.
- Şəxsi həyatınızda durğunluq, ayrılıq var?
- Hə... Lakin bu barədə danışmaq istəmirəm. O dərəcədə səmimi olmaq olmaz axı. Hərdən deyirlər - həyatda neçə dəfə sevmək olar? Tam əleyhinəyəm o sözün, insan bir dəfə sevir.
- Hansı iradları eşitmisiniz?
- Deyirlər özündən razısan. Amma düz demirlər.
- Çoxları sevgi planında müğənnini ciddi qəbul etmir, onlara həmişə macəra kimi baxırlar.
- Baxır müğənniyə... Baxır kimə deyirlər...
|