Sevda Ələkbərzadə yeni beynəlxalq layihə üzərində çalışır. Bu barədə danışan sənətçi layihənin bəzi təfsilatlarına toxunur: "Bu layihədə ölkəmizlə yanaşı, başqa 2 dövlətin sənətçiləri də iştirak edir. Amma həmin ölkələrin adlarını hələlik açıqlaya bilməyəcəm".
Sevda Ələkbərzadə onu da bildirdi ki, ifa etdiyi xalq mahnılarını layihə çərçivəsində ərsəyə gətirir. Bu səbəbdən də yalnız yeni oxuduğu pop və bəstəkar mahnılarını layihə çərçivəsindən kənar olaraq dinləyicilərə təqdim edir:
"Reper Elşad Xose ilə duetim hamının marağına səbəb oldu. Bundan əlavə, bu günlərdə musiqisi Muxtar Abseynov, sözləri isə İftixar Piriyevə məxsus olan "Mənim qəlbimə" mahnısını ifa etmişəm. Ümumiyyətlə, bir neçə bəstəkarla, o cümlədən Givi Usanavşili ilə işbirliyim olub. Hazırda da Murad Arifin bəstəsi olan yeni bir mahnı ifa edəcəyəm. Yeni mahnı pop janrındadır".
Sənətçi müasir musiqinin durumu və inkişafı barədə fikirlərini bölüşərkən qeyd edir:
"XXI əsrdə musiqidə dəqiq janr qalmayıb, janr çərçivələri yığışdırılıb. Musiqi ilə yanaşı, dizaynda da, kulinariyada da - ümumiyyətlə, bütün mədəniyyət və incəsənət sahələrində müəyyən çərçivələr qalmayıb. Əvvəllər Amerikada caz-rok, rok, caz, pop və başqa janrlar vardı. Hazırda isə dünyada bir mahnıda dəqiq janrlardan istifadə olunmur. İndi postmodernizmdir" .
Azərbaycan pop musiqisi ilə bağlı narahatlıq keçirdiyini də vurğuladı. Onun sözlərinə görə, bizim pop musiqimiz axsayır: "İstedadlı ifaçılar, musiqiçilər çoxdur. Amma onlar müasir olmalıdırlar. Təəssüflər olsun ki, belə deyil. Yəni hazırda Azərbaycan pop musiqisindən 80-ci illərin qoxusu gəlir. Artıq 2011-ci ildir. Gərək mahnılar standartlara uyğun olsun. Belə ki, mahnının aranjimanı, səslənməsi, kantası müasir tələblərə cavab versin. Bəzi DY-lər mahnını elə ifa edirlər ki, adamın çox xoşuna gəlir. Ona görə də mahnıda əsas amil aranjiman və ifa tərzi hesab olunur".
|