Bu günlərdə şəhər restoranlarından birində mətbuat mənsublarının da iştirak etdiyi toya qonaq qismində qatılan NEXT qrupu köhnə tərkiblə çıxış edib. Belə ki, bir müddət öncə qrupda fəaliyyətini dayandıran Əli Xəlilov yenidən NEXT-də görünüb. Deyəsən NEXT qrupu yenə də tərkibində dəyişiklik edib. Qrupun keçmiş üzvü Anar Əli ilə əvəzlənib. Bu dəyişikliyin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün qrupun eks-üzvü Əli ilə əlaqə saxladıq.
"Mənim uşaqlarla münasibətim çox yaxşıdır. Tez-tez onlarla görüşüb, söhbətləşirik. Qrupdakı fəaliyyətimi dayandıranda çoxları NEXT-lə münasibətlərimin pisləşdiyini düşünürdü. Əslində isə səhhətimdə yaranan problemlərə görə qrupdan çıxdım. O ki qaldı bundan sonra NEXT-in üzvü kimi çıxış etməyimə, bu barədə hələ heç nə deyə bilmərəm. Zaman göstərər mən NEXT-ə qayıdacam, yoxsa solo çıxış edəcəm. Toyda iştirakım isə heç də qayıdışla bağlı deyildi. Sadəcə, qrupun üzvü Anar şəxsi işləri ilə əlaqədar Bakıda olmadığı üçün toyda mən çıxış etdim", - deyə Əli izah etdi.
|