Bu il Azərbaycan vətəndaşlarının sevimli istirahət məkanlarına - Antalya və Bodrum kurortlarına təyyarə uçuşları kəskin bahalaşıb. Yerli turizm şirkətlərindən "APA-Economics"ə verilən izaha görə, bu istiqamətdə aviabiletin qiyməti 250 manat artaraq ötənilki 310-330 manatdan bu il 540-550 manatadək bahalaşıb.
Bakı-Antalya-Bakı marşrutu ilə aviabiletlərin təqribən 70% bahalaşdığını "Azərbaycan Hava Yolları" (AZAL) da təsdiqləyib. Uçuşların təşkili ilə məşğul olan "SilkWay Airlines" aviaşirkətindən bildirilir ki, Bakı-Antalya-Bakı reysinə biletlərin qiyməti ötənilki 320 manatdan 535 manata qalxıb. Səbəb açıqlanmasa da, yay mövsümü ərzində qiymətlər bu həddə qalacaq. Turizm şirkətlərində isə hesab edirlər ki, bahalaşmanın səbəbi Türkiyənin "Summer Travel" şirkətinin Bakı-Antalya-Bakı reysinə yerlərin əksəriyyətini - 160-170 yerlik təyyarədəki uçuş yerlərinin 130-nu - əvvəlcədən almasıdır. Türk şirkəti bu yerlərə biletləri adi sərnişinlərə deyil, Antalyaya gedən turistlərə turpaket kimi satır. Təyyarədəki qalan yerlərə (30-40 uçuş yeri) bileti isə AZAL özü satır. Qiymət artımı da AZAL-ın satdığı biletlərdə baş verib. Qeyd edək ki, turizm biznesində bu praktika geniş yayılıb. Yəni hansısa turizm şirkəti mövsümün əvvəlində hər hansı istiqamətə uçuş yerlərinin bir hissəsini əvvəlcədən alır. Müştərilərin sayından asılı olmayaraq şirkət aldığı yerlərin pulunu aviadaşıyıcıya ödəməlidir - bu gediş "sərt blok" adlanır. Risk ondan ibarətdir ki, həmin mövsümdə turistlərin sayı gözləniləndən az olarsa, şirkət uçuş yerlərinə görə ödədiyi pulu çıxarmaya və mövsümü zərərlə başa vura bilər. Yeri gəlmişkən, "Summer Travel"in sahibi azərbaycanlı iş adamıdır. Doğrudur, "Summer Travel"in müəyyənləşdirdiyi paketləri təkcə özü deyil, başqa şirkətlər də satır - paketin dəyərinin 5-9%-i həmin vasitəçi şirkətlərə bonus kimi ödənilir. Bu isə əvvəlki illərlə müqayisədə azdır. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) turizm komissiyasının sədri, "Bakı Tur" şirkətinin rəhbəri Faiz Məmmədov bildirir ki, bonus miqdarı az olduğuna görə heç kimə bu əməkdaşlıq forması sərf etmir: "Elə turizm şirkətləri var ki, ancaq yayda Antalyaya bilet satmaqla dolanır. Nəticədə, onlar da zərərlə üzləşəcək. Belə getsə, bu mövsümdə xaricə turist göndərməklə məşğul olan 10-15 turizm şirkətinin bağlanacağı gözlənilir". AZAL Türkiyə kurortlarına aviabiletlərin bahalaşmasına aydınlıq gətirərək bildirib ki, yay mövsümündə Bakı-Antalya marşrutu ilə reyslərə aviabiletlərin bahalaşma səbəbi AZAL-ın aldığı beynəlxalq kreditlər, dünya bazarında yanacağın bahalaşması, Türkiyə hava limanlarında yığım və xidmət haqlarının artması və avronun məzənnəsinin yüksəlməsi ilə bağlıdır.
Qurumun xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, AZAL xarici aviaşirkətlər tərəfindən kəskin rəqabət şəraitində fəaliyyət göstərir və bununla əlaqədar olaraq müasir texnika almaq üçün kreditlərin ödənilməsi məqsədilə beynəlxalq reyslərdə maliyyə səmərəliliyini artırmağa çalışır. Belə ki, AZAL bu yaxınlarda 6 ədəd "Aerobus 320" təyyarəsi alıb, mayın sonunda Azərbaycana müasir tipli "Boeing 767" təyyarəsi gətiriləcək, daha bir belə təyyarə Bakıya gələn il gətiriləcək. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan "Boeing 787-Dreamliner" tipli iki təyyarə alacaq və 2014-cü ildən bu təyyarələrin istismarına başlayacaq. Bu təyyarələr ən uzaq məsafələrə (Amerika, Cənub-Şərqi Asiya və s. istiqamətlərə) reyslər həyata keçirəcək: "Bununla əlaqədar olaraq AZAL Türkiyənin kurort zonalarına uçuşları maliyyə baxımından əlverişli imkan hesab edir". Turizm şirkətləri ötən il Antalyaya uçuş qiymətlərinin 416 avro deyil, 310-320 manat olduğunu, yəni bu il qiymətlərin 220 manat artdığını bildirir.
|