11 mart tarixində, saat 14:46-da Yaponiya dünya tarixində ən güclü zəlzələlərdən birinə məruz qaldı. Hazırda biz normal yaşamı bərpa etmək və ölkəni Böyük Şərqi Yaponiya zəlzələsi nəticəsində yaranan faciədən qurtarmaq üçün var gücümüzlə çalışırıq. Bu faciə nəticəsində, xarici vətəndaşlar da daxil olmaqla, 28000 insan ölmüş və ya itkin düşmüşdür.
Martın 11-dən başlayaraq beynəlxalq birlik və ölkəmizin dostları bizə dəstək göstərməyə başladılar. Yaponiya xalqı adından, 130-dan çox ölkədən, təxminən 40 beynəlxalq təşkilatdan, çoxsaylı QHT-lər və insanlardan gələn yardıma və göstərilən həmrəyliyə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Yapon xalqı dünyanın dörd bir yanında olan dostlarından gördüyü "Kizuna"nı (yapon dilində "dostluq bağları") çox yüksək qiymətləndirir. Biz sınaqlardan keçmiş "dost dar gündə tanınar" ifadəsini daha dərindən anlamağa başladıq.
Zəlzələdən dərhal sonra prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva və həmçinin baş nazir cənab Rəsizadə, xarici işlər naziri cənab Məmmədyarov bizə başsağlığı bildirmiş və baş nazirin müavini cənab Şərifov daxil olmaqla hökumət nümayəndələri xatirə kitabına ürək sözlərini yazmışlar. Azərbaycan hökuməti 1 mln. ABŞ dolları məbləğində yardım göstərmiş, çoxsaylı sadə vətəndaşlar isə güllər, əklillər, ianələr göndərmiş və bizə başsağlığı bildirmişlər. Xüsusilə də Qarabağ müharibəsi zamanı ailələrini və evlərini itirmiş qaçqın uşaqlardan gələn ürək sözləri və məktublar bizə çox təsir etmişdir.
Fukuşima Daiçi stansiyasında baş vermiş qəza beynəlxalq şkala üzrə ən təhlükəli qəza kimi dəyərləndirilmişdir və biz buna həm təəssüflənir, həm də çox ciddi yanaşırıq. Stansiyadakı vəziyyəti mümkün qədər tez zamanda nəzarət altına almaq hazırda bizim üçün prioritetdir. Bu problemin həlli üçün mən başda olmaqla, bütün hökumət var gücü ilə çalışır. Stansiyada yaranmış vəziyyətin aradan qaldırılması üçün biz bütün resurslarımızı səfərbər etmişik və bu fəaliyyətimiz üç prinsipə əsaslanır: birinci - vətəndaşların, xüsusilə stansiya yaxınlığında yaşayan insanların sağlamlığı və təhlükəsizliyinin prioritet olması; ikincisi - tam şəkildə risk menecmentinin aparılması və üçüncüsü - istənilən vəziyyətə hazır olmaq üçün tədbirlər planının hazırlanması. Biz radioaktiv suyun stansiyadan okeana axınını durdurmaq üçün tam gücümüzlə çalışırıq.
Bundan əlavə, hökumət Yaponiyada istehsal olunan qida və başqa malların təhlükəsizliyini təmin etmək üçün elmi meyarlar əsasında ciddi profilaktik normalar tətbiq etmişdir. Biz bazara daxil olan ərzaqların təhlükəsizliyinin təmin edilməsi üçün profilaktik tədbirləri davam etdirəcəyik. Daxili və xarici istehsalçılara Yaponiyada istehsal olunan qida və ərzaq məhsullarının təhlükəsiz olduğunu sübut etmək üçün, hökumətimiz informasiya şəffaflığının təmin edilməsi üçün səylərini artıracaq və Fukuşima Daiçi stansiyasındakı durum haqqında məlumatı dünyaya tam şəkildə çatdıracaqdır.
Söz verirəm ki, Yaponiya hökuməti qəzanın səbəblərini çevik və tam şəkildə araşdıracaq və gələcəkdə bənzər insidentlərin baş verməməsi üçün dünya ilə bu məlumatları və təcrübəni bölüşəcəkdir. Biz gələcəkdə nüvə enerjisinin təhlükəsizliyi haqqında qlobal müzakirələrə də fəal şəkildə öz töhfəmizi verəcəyik. Eyni zamanda, ümumi enerji strategiyası nöqteyi-nəzərindən, biz iki problemi qətiyyətlə həll etməliyik: qlobal enerji tələbatının artması və gündən-günə ciddiləşən qlobal istiləşmə məsələsi. Biz dünyaya təmiz enerjinin fəal şəkildə təşviqatını özündə əks etdirən və qlobal enerji problemlərinin həllinə yönəlmiş, yeni strategiyanı tanıtdırmaq istəyirik.
Böyük Şərqi Yaponiya zəlzələsi və onun nəticəsində baş vermiş sunami İkinci Dünya müharibəsindən sonra ölkəmizin uğradığı ən dağıdıcı təbii fəlakədir. Sözün əsl mənasında, viran edilmiş Tohoku bölgəsinin bərpası çox çətin olacaqdır. Ancaq mən inanıram ki, bu sınaq dövrü Yaponiyada "Yeni həyat"ın başlaması üçün imkan yaradacaqdır.
Hökumətimiz Şərqi Yaponiyanın bərpası üçün müasir elmin ən yüksək standartlarına cavab verən planlar hazırlanmasına üç prinsip əsasında çalışacaqdır: birinci - bölgələrin təbii fəlakətlərə davamlı şəkildə qurulması; ikincisi - insanların qlobal ətraf mühitlə harmonik yaşamı üçün sosial sistemin yaradılması; üçüncüsü - insanların qayğısını çəkən şəfqətli cəmiyyətin qurulması.
Yapon xalqı öz gücü ilə İkinci Dünya müharibəsinin dağıdıcı nəticələrindən sonra ayağa qalxmış və ölkədə firavanlığın bərqərar olmasına nail olmuşdur. Şübhə etmirəm ki, Yaponiya bu böhranın da öhdəsindən gəlib, əvvəlkindən daha güclü olacaq və gələcək nəsillər üçün daha gözəl bir ölkəyə çevriləcəkdir.
Beynəlxalq birlik tərəfindən bizə göstərilən "Kizuna" və səmimi köməyin əvəzini vermək üçün biz dünya ölkələrinin inkişafına göstərdiyimiz yardımı davam etdirəcəyik. Mən ölkəmin gələcək dirçəlişi üçün səylərimi əsirgəməyəcəyəm. Dəstəyiniz və əməkdaşlığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. ARİQATO
Naoto KAN, Yaponiya baş naziri
|