Böyük sənaye şəhərindən və ya xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyük olur. Buna "kənd turizmi" də deyilir və adından da bəlli olduğu kimi, yerləşmə obyekti - kənd evidir. Dünya praktikasında ev sahibi öz evində turistləri qəbul etdiyi halda, bu ev kənd qonaq evi statusuna malik olur. Kənd qonaq evi adətən bir ailəyə məxsus olmaqla qısa müddət ərzində buraya qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım gəldikdə ekskursiya və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsidir.
Turizm biznesi üzrə mütəxəssis Qəhrəman Yusupovun dediyinə görə, turistlər kənd həyatını dadmaqla yanaşı, müvafiq səviyyədə xidmətin olmasını da istəyirlər. Ancaq müşahidələr göstərir ki, bizim kənd evlərində əksər hallarda bu cür şərait olmur. İstənilən sayda yorğan-döşəyə malik olan ailənin nə normal vəziyyətdə mətbəxi, nə hamamı, nə də yataq otağı olur. Doğrudur, turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir. Lakin mütəxəssis deyir ki, bu xərclər artıqlaması ilə ev sahibinə qayıda bilər. Kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev və yemək təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstərmək, ev heyvanları və quşları bəsləmək üçün qısamüddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər.
Yusupov deyir ki, dövlət tərəfindən məqsədli kiçik kreditlər kənd yerlərində qonaq evlərinin təşkilində, eyni zamanda kəndlərin infrastrukturunun yaxşılaşmasına müsbət təsir göstərə bilər. Çünki kənd turizmi yalnız biznes növü deyil, eyni zamanda ictimai diplomatiya vasitəsidir:
"Müasir insanlar hotellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar yerli sakinlərlə münasibət qurmaq, yerli məişətlə və adət-ənənələrlə tanış olmaq istəyirlər. Bu səbəbdən ev sahibləri xarici turistlər üçün ölkənin xoş simasını təbliğ etməli, digər regionlardan gələnlərlə isə sıx daxili əlaqələr yaratmalıdırlar".
Ekspertin fikrincə, kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün kənd əhalisinin bu yöndə maariflənməsi önəmlidir. Bu baxımdan Avropa təcrübəsindən yararlanmağı məsləhət görür:
"Kənd turizminin inkişaf istiqamətlərinin müəyyənləşməsi, xidmət müxtəlifliyinin təmin edilməsi, meydana çıxan maneələri dəf etmək, təcrübə mübadiləsi məqsədilə inkişaf etmiş ölkələrdə mütəmadi olaraq kənd turizm konfransları, seminarlar keçirilir. Ev sahiblərinə turistləri qəbul etmək, onlara göstərilən xidməti düzgün təşkil etmək, əlavə xidmətlər təklif etmək, turistlərin sakit istirahətini təmin etmək yollarını göstərmək məqsədilə təlimlər önəmlidir".
Yeri gəlmişkən, bu təlimlər artıq ölkənin cənub regionunda keçirilib. Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarından sakinlər bu işə maraq göstəriblər. Onlara turistlərin qarşılanması, istirahət ehtiyaclarının təmini, göstərilən xidmətin səviyyəsi və digər mövzularda məlumatlar verilib.
|