Mart ayı ərzində "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən paytaxtın ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Ötən aylarla müqayisədə aktivliyin artdığı müşahidə edilib.
Bünövrəsi qoyulan yeni tikililər arasında əsas üstünlüyü dövlət əhəmiyyətli binalar, yəni satış predmeti olmayan yeni tikililər təşkil etsə də, bazara daxil olan yaşayış binası da qeydə alınıb. Mövsümi faktorlarla müşayət edilən aktivlik ilkin mənzil bazarı binalarının sayında azalma ilə nəticələnib. Belə ki, qiymət baxımından daha ucuz mənzillərin (400-500 manat/1 kv.m) təklif edildiyi Yasamal rayonu ərazisində 5 bina satışdan çıxıb.
Satışdan çıxan binalar 3 tikinti şirkətinə məxsusdur. Sözügedən şirkətlər digər binalarına görə hələ də bazar iştirakçısı olaraq qaldığından tikinti şirkətlərinin sayında heç bir dəyişiklik baş verməyib və ötən aydakı kimi 155 ədəd olub. Paytaxt üzrə tikilən yeni tikililərin sayı isə əvvəlki ayda qeydə alınan 442-yə qarşı 438 ədəd olub.
İlkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiymətində nisbi azalma qeydə alınıb. Orta qiymət 0,8 faiz azalaraq ötən aydakı 1 kv.metr üzrə 848 manata qarşı 841 manat təşkil edib. Ucuzlaşmanın əsas səbəbi mövsümi aktivliklə (ipoteka kreditinin ayrılması və s. təsirlər) əlaqədar olaraq bazarda rəqabətlilik səviyyəsinin artmasıdır. Belə ki, əksər binalarda 14-cü mərtəbədən yuxarı mənzillərin qaldığından sahibkarlar daha ucuz qiymətlər təklif edərək mənzilləri satıb bazardan çıxarmaq istəmələri və s. faktorlardır. Qiymətin azalması, demək olar ki, bütün rayonlar (xüsusilə Yasamal, Xətai) və kateqoriyalar (əsasən 800-1200 manat arasında olanlar, 83 ədəd) üzrə qeydə alınıb.
Martda orta qiymətlər fevralla müqayisədə 0,8 faiz azalma (1 kv.metr üzrə 848 manat) ilə yadda qalıb. Rübün və ya ilin əvvəli ilə müqayisədə fərq göstəricisi 0,8 faiz olaraq qalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət azalması 4,4 faiz təşkil edib. Böhran dövrü ilə müqayisədə (2008, sentyabr) bu göstəricidə 29,6 faiz azalma qeydə alınıb.
Bakıda torpağın da qiyməti ucuzlaşıb. Martda bazara təklif olunan ümumi 777,1 ha torpaq sahəsinin 78,4 faizini boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin azalması və şəhərin mərkəzində torpaq sahələrinə tələbin artımı bazarda orta qiymət azalmasının qarşısını ala bilməyib (0,6%).
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənmə tendensiyası martda tikinti tempinin kəskin azalması hesabına xeyli zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.
Şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlər stabil olub. Söküntü işlərinin azalmasına baxmayaraq, I zonada torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır. Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0,8 faiz artıb.
Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14310 $/sot səviyyəsindən 0,8 faiz azalaraq 14227 $/sot təşkil edib. Azalmanın əsas səbəbi ay ərzində tələbin kəskin azalması ilə bağlı olub.
Ay ərzində şəhərin bütün zonalarında qiymətlərdə azalma müşahidə edilib. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin düşməsinin qarşısını alıb. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə artıb. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini nisbi azaldıb.
Martda rayonlar üzrə ən çox qiymət artımı əsasən Qaradağ rayonunda (0,6 faiz) baş verib. Ən çox qiymət azalması isə Suraxanı rayonunda (0,9%) qeydə alınıb. Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonları aid edilir. Ən passiv rayon isə Nərimanovdur.
Mart ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 220000 $/sot Nəsimi (Nəsimi bazarı yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$/sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.
|