Hal-hazırda Ayna qəzetinin 16.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 16.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Rusiya Baş Kəşfiyyat İdarəsinin MDB planı
Amma ənənəvi siyasətinə düzəliş verməyincə...
Şənbə, 16.04.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Rusiya Müdafiə Nazirliyi nəzdindəki QRU (Baş Kəşfiyyat İdarəsi) ərəb dövlətlərində baş verən inqilab dalğasının MDB məkanında yayılmaması üçün "Xüsusi Analitik Təhlil Mərkəzi"nin "Şərqi Avropa", "Qafqaz" və "Orta Asiya" masasına bu regionlarla bağlı tapşırıqlar vermişdir. Plana əsasən, Azərbaycan və Ermənistanda baş verə biləcək inqilabi proseslərin Quzey Qafqaza olan təsir imkanları araşdırılmağa başlanıb. Belə bir proyektin tərkib hissəsi olaraq Ukrayna və Belarus üzərindən Qərbi Rusiya, Orta Asiya üzərindən isə Rusiyanın Volqaboyu, Uralboyu və Güney Sibir vilayətlərinə ola biləcək təsir imkanları da araşdırılmaqdadır. Bu üç sahə üzrə Analitik Təhlil Mərkəzinin əməkdaşları həmin regionlara ezam olunublar.

Müxalifət və iqtidarı nəzarətə götürmək

QRU hərbi analitikləri (onların böyük əksəriyyəti istefada olan təcrübəli zabitlərdir) hazırda Bakı və İrəvan küçələrində sərbəst gəzməklə yanaşı, həm də bu iki regionda ictimai, sosial və siyasi prosesləri canlı şəkildə təqib edirlər. Ermənistanda 23 ictimai təşkilatı və 17 siyasi partiyanı birləşdirən "Erməni Milli Hərəkatı" və Azərbaycanda müxalifət partiyalarının, ziyalılar və ictimai qurumların bir araya gələrək yaratdıqları "İctimai Palata"nın haqqında gündəlik informasiyalar toplamaqla yanaşı, bu iki qurumun aksiyalarının cəmiyyətdəki təsir dairəsinin imkanları hesablanmaqdadır.

Qafqazla bağlı analitiklərin fikrincə, Rusiyanın bir dövlət olaraq mövcudluğunun ənənəvi siyasi metodla qorunub saxlanma strategiyasının tərəfdarı kimi çıxış edən QRU "ərəb dövlətlərindəki inqilab dalğası"nın MDB məkanına sıçramasının qarşısını bütün imkanları çərçivəsində almağa çalışır. Ermənistanda hakimiyyətdə olan hərbi xunta və müxalifət arasında ümummilli maraqlara görə vasitəçilik etmək istəyənlər birbaşa QRU-ya bağlı olan şəbəkə tərəfindən indiki məqamda təhdid olunurlar. Çünki gözlənilmədən iqtidar-müxalifət dialoqunun baş tutacağı təqdirdə, Qərbin tələblərinə əməl olunması və bu mühafizəkar dairənin maraqlarının iflasa uğraması kimi problemlər peyda ola bilər. Azərbaycanla bağlı proseslərdə ötən ilin sentyabr ayında bir sıra analitiklərin, xüsusilə "Ziyalı Forumu" tərəfindən təklif olunan iqtidar-müxalifət dialoqu məhz uzun illər QRU-ya bağlı olan şəbəkə tərəfindən baş tutmayıbdır.

Gürcüstan üzərindən Quzey Qafqaza yönəlik artıq gündəlik 24 saat ərzində yayınlanan PİK TV kanalının təsir dairəsini hesablayan QRU bunun miqyasının Azərbaycan və Ermənistanın da qatılması şərtləri daxilində Rusiyanın mühafizəkar siyasətinin sarsılmasına səbəb ola biləcəyi söylənir. Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olması, Quzey Qafqaz xalqları ilə etnoloji mədəni qatlarda eyni dəyərləri bölüşməsi, Quzey Qafqaz regionlarında ermənilərin sayının 1 milyonu ötməsi Rusiya üçün qeyri-ənənəvi proseslərin inkişaf etməsinə səbəb ola bilər. Hazırda QRU analitiklərinin baş sındırdığı anlam da buradan qaynaqlanır. Bu mərkəz yeni notlar üzərində köklənmiş ənənəvi metodlarla "Gürcüstan modeli"nin genişlənməsinin qarşısını almaq üçün alternativ layihələr hazırlayır.

Müşahidələrə görə, bütün bu təşəbbüslər indiki siyasi şərtlərə görə heç bir effekt verməyəcək. Çünki Rusiya siyasi olimpində indi iki fərqli mövqe və fikir arasında mübarizə gedir. Bunlardan biri modernləşmə və inkişaf qavrayışı, digəri - ənənəvi imperiya siyasətinə dayanıqlı və güc tətbiq etməklə öz böyüklüyünü saxlamaq istəyən Rusiya qavrayışıdır.

Etnik separatizm və dilənçi həyat şərtləri

Ermənistan indiki məqamda ağır iqtisadi və maliyyə böhranı şəraitində yaşayır. Bu ölkədə heç kəs Ermənistanın perspektivinə inanmır. Belə olmasaydı, onlar əllərindəki kapitalın sayəsində çiçəklənən region modelinin yolu ilə gedərdilər.

Bunu nəzərə alan QRU "Rusiyaya məxsus biznes şəbəkəsinin, Moskva tərəfindən verilən dotasiyalar dayandırıla, hərbi bazaların statusu istənilən an ləğv edilə bilər" dilemmasını sərgiləməkdədir.

REKLAM

Belə olduğu təqdirdə, Ermənistanın bir dövlət olaraq mövcudluğu da təhlükə altına düşür. Ona görə yox ki, Azərbaycan özünün işğal olunmuş torpaqlarını azad etmək üçün dərhal savaşa başlayacaq, yaxud Türkiyə Ermənistana qarşı hansısa aqressiv şərtlər irəli sürəcək. Politoloq İqor Muradyan bunu belə etiraf edir:

"Ermənistanın mövcudluğunun əsas şərti Rusiyadır. Rusiya bu regiondan çıxan kimi elə ermənilər özləri bir-birlərinə qarşı silah qaldıracaqlar. Çünki ermənilər vahid etnos təfəkküründən çox uzaqdır. Digər tərəfdən isə ermənilərdə Qafqaza hansı ölkələrdən gəliblərsə elə həmin coğrafi məkanlara köç etmək ənənəsi də vardır. Onlar tarixən çətin sınaq qarşısında qaldıqları təqdirdə dərhal Livan, Suriya, İran, Misir və Hindistana miqrasiya etməklə buna öz təbii sığınacaq yerləri kimi baxıblar".

Azərbaycana gəldikdə, QRU 1991-1993-cü illərdə olduğu kimi, bu ölkəyə qarşı daha çox milli azlıqlardan ibarət "etnik separatizm" ocaqlarını alovlandırmağa ümid edir. Bu şərtləri qəbul etməyənlər təhdid olunur, yaxud işi siyasi müstəvidə aparmaq taktikası təlqin olunur. Rusiya üzərindən Azərbaycanla bağlı tədqiqat aparanların fikrincə, QRU-nun təqdimatında Rusiya separatçı Dağlıq Qarabağın "müstəqilliyi"ni istənilən an tanımaq barədə qərar verməyə belə hazırdır.

2008-ci il avqust olaylarından sonra Rusiya Gürcüstandan "intiqam" almaq iddiasını bəhanə edərək separatçı Abxaziya və Güney Osetiya rejimlərini tanımaq barədə müvafiq qərarlar verdiyini xatırlayaq. Bunun ardınca isə federal büdcənin hesabına bu iki regionun maliyyələşdirilməsi, oraya öz hərbi qüvvələrini yerləşdirməsi qərarları da rəsmiləşdi.

Moskva hər gün narahatdır

Martın 25-də Rusiya Elmlər Akademiyasında "Quzey Qafqazın yaxın gələcəyi" mövzusunda elmi konfrans keçirilirdi. Poliotoloq Andrey Piontkovski açıq şəkildə etiraf edirdi: "Ərəb dalğasının Qafqaza sirayət etməsi Quzey Qafqazda öz təsirini göstərəcəkdir. İndiki şəraitdə Quzey Qafqaz regionları artıq Rusiyanın təsir dairəsindən çıxmaqdadır. Bunun əsas səbəbi isə bölgə toplumlarının psixoloji və milli düşüncələrində Moskvanın uzun illər yanlış siyasətinə qarşı dirənişin dərinləşməsidir. Xüsusilə 1994-1996 və 1999-2003-cü illərdə Çeçenistanda aparılan mühabirələr bu prosesin sürətlənməsinə səbəb oldu. Moskva Quzey Qafqazdakı problemlərin həllində yanlış olaraq müharibə aparmaq yolu seçmişdi. Heç bir uzlaşma nöqtəsi üzərində düşünməmişdi. Məhz Çeçenistan müharibəsindən sonra Quzey Qafqaz toplumları Rusiyaya bir dövlət olaraq etibar etmirlər".

Toplantıda səsləndirilən fikirlərdən biri də "hazırda Avropa təbii yanacaq qazı və neft amilinə görə Rusiyaya uzun müddətdir güzəştlər etsə də, Quzey Qafqaz xalqlarının apardığı mübarizənin yanında durmasa da, ərəb inqilablarından sonra yaranacaq şərait birbaşa Rusiyaya öz təsirini göstərəcəkdir. Kremli yönəldənlər unutmasınlar ki, yaxın gələcəkdə Quzey Qafqazda şərait heç də ənənəvi siyasətin maraqlarına cavab verməyəcək".

Dialoq və anlaşmalar olan yerdə

Martın 25-də Gürcüstanın paytaxtı Tiflisdə NATO-nun "Rose Roth proqramı" əsasında başqa bir toplantı vardı. Toplantıda "Gürcüstan Beynəlxalq Strateji Araşdırmalar Fondu"nun təmsilçisi Aleksandr Zrondeli bildirib:

"Rusiya Quzey Qafqaz regionlarında işğalçı siyasəti aparır. Rusiya ənənəvi siyasətini dəyişməzsə, o zaman Quzey Qafqaz regionlarını itirmək təhlükəsilə üz-üzə qalacaq. Keçmiş SSRİ necə dağıldısa, bu gün də Rusiya həmin aqibəti yaşamalı olacaq".

Bu toplantıda əksər çıxışçıların toxunduğu əsas mövzu isə bundan ibarət idi:

"Quzey Qafqaz regionunda xalqların milli hərəkatlarını təmsil edən ictimai təşkilatlar 2003-cü ildən etibarən ləğv olunublar. Qeyri-leqal şəraitdə fəaliyyət göstərən bu qurumlar indi daha geniş miqyasda fəaliyyətə başlayıblar. Çünki bu xalqların heç biri artıq Rusiyaya bir dövlət olaraq inanmırlar. Ümumi şəkildə Qafqaz siyasətində bir sıra yanlış addımlar atılması səbəbindən bu proses inkişaf edə bilmir. Bunun əsas səbəbi Güney Qafqazda Gürcüstan, Azərbaycan və Ermənistanın Quzey Qafqaz regionları ilə sıx əlaqələr yaratmaq istəmədiyidir. Güney Qafqazın bu üç dövləti Rusiyaya görə Quzey Qafqaz xalqları ilə sıx təmaslara önəm vermirlər. Heç bir dövlətin iqtidarı istəmir ki, Rusiya ilə əlavə sorunları olsun".

Bütün bu problemləri diqqətlə araşdıran, hər hansı bir xarici gücün dəstəyi olmadan mövcud duruma diqqətlə yanaşan yerli mütəxəssislərin fikrincə, cəmiyyətdəki dərin böhranları heç bir konflikt və lokal qarşıdurma olmadan həll etməyin yolu dialoqdan keçir. Bu ali mərama önəm verilməyincə mühafizəkar çevrələr daim yeni problemlər yaradacaqlar. Bunu MDB məkanında baş verən sosial, ictimai və siyasi proseslər də təsdiq edir. Diplomatik status çətiri altında QRU-nun son zamanlar fəallaşması, dialoq prosesinə mane olması daha ağır fəsadlar doğura bilər. Ərəb inqilablarında məğlubiyyətə uğrayan totalitar rejimlərin gizli müşavirlərinin özləri də bunun fərqindədirlər.

Beynəlxalq səviyyədə "3-cü dövlətlərdə məğlubların aqibəti" doktrinasından dəhşətə gələn QRU heç də öz mövqelərindən geri çəkilmək istəmir. "Savaş və güc", "hərbi polis rejimi və totalitar dövlət modeli" anlayışından savayı heç bir psixoloji qavramı olmayan bu struktur cəmiyyətdə sivil dialoq və anlaşmlara qarşı hələlik dirəniş göstərməkdədir. Elə bu məntiqlə də tarixən müxtəlif xalqların aqibətini fəlakətə sürükləyiblər.

Əksər mütəxəssislərin fikrincə, cəmiyyətdəki antoqonizmin aradan götürülməsi üçün Qərbin təklif etdiyi dialoq yolu, dəyirmi masa və digər vasitələrlə daha effektiv, az vaxt tələb edən mədəni davranışlar hər hansı bir regionun sürətli inkişafı deməkdir. Bu sırada Polşa, Litva, Çexiya, Slovakiya, Macarıstan təcrübəsi var. Məhz bu dövlətlərdə dialoq yolu ilə "soyuq savaş"dan sonra böyük uğurlar əldə olundu. Hazırda bu taktika Gürcüstanda yaşanmaqdadır.

QRU tipli mühafizəkar şəbəkə unudur ki, Rusiyanın 300 illik Qafqaz siyasəti dəyişməlidir. İngiltərə, İspaniya, Hollandiya, Portuqaliya, İtaliya kimi dövlətlər də vaxtilə sömürgəçilik siyasəti aparmışlar. Onlar ənənəvi münasibətləri xeyli dərəcədə redaktə edə bildikləri üçün dünyanın aparıcı siyasət məkanında bu gün də söz sahibidirlər. Bunu Rusiya da dərk etməlidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Dələduzluq və saxtakarlıq ittihamı ilə tutulub

Etimad İsmayılov 9 il iş aldı

Ermənistan dünyanı aldadır

Rusiya və Ermənistan arasında antiazərbaycan sövdələşməsi?

"Rusiyanın Qafqazdakı aqressiv addımlarının davamı olacaq"

Bölmənin digər xəbərləri
 
Burka - İslam deyil
Bu, qadınlar üzərində dominantlıq aləti, qadınlar üçün həbsxanadır

Fransızların və ermənilərin üzünə vurulan "Osmanlı tokatları"
Ərdoğan Avropanın siyasi leksikonunu zənginləşdirir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər