Baş nazir Rəcəb Tayyib Ərdoğanın aprelin 13-də AŞPA-dakı çıxışı türk mediasında "ikinci one minute" hadisəsi adlandırıldı. Avropanın mərkəzində Türkiyə baş nazirinin dediyi bir çox məsələ üzərində ayrı-ayrılıqda danışmaq olar. Ərdoğanın üslubu avropalılara yad deyil. Yaxın keçmişdə Davosda bu tərzi çox yaxşı müşahidə ediblər. O zaman tənqid obyekti İsrail rəhbərliyi idisə, bu dəfə avropalılar oldu. Xüsusilə də fransızlar və onların himayə etdikləri ermənilər sözün həqiqi mənasında layiqli cavablarını aldılar.
Prezident Sarkozinin partiyasından olan millət vəkili Muriel Marland-Militello Türkiyədəki azlıqlarla bağlı sual verdi. Marland-Militello 2002-ci ildən etibarən millət vəkilidir və eyni zamanda, Fransa Parlamenti Erməni Dostluq Qrupu sədrinin müavinidir. Marland-Militello 2011-ci ilin yanvarında Dağlıq Karabağın "Heç vaxt Azərbaycan torpağı olmaması üçün bəyannamə"yə imza atan 30 nəfərdən biridir. Ərdoğan bu qərəzli suala "arkadaşımız fransızdır, deyəsən, Türkiyəyə də fransız qalmış" deyərək özünəməxsus kinayə və istehza ilə cavab verib. Bu çıxışı eşitdiyim zaman ilk ağlıma gələn və halına acıdığım insan tərcüməçi oldu. Çünki bu deyimi açaraq tərcümə etmək məcburiyyətində qalmışdır. Türk Dil Qurumu lüğətinə görə, türk dilində "fransız qalmaq" deyiminin mənası "izah edilən bir məsələni anlaya bilməmək" və ya "hər hansı bir məsələdən uzaq qalmaq"dır.
Ərdoğanın bu sözlərindən sonra Marland-Militello mediada bülbül kimi ötüb: "1915 hadisələri zamanı nənəm və babamın ailəsi ilə birlikdə Kadıköydən qaçmışam. Babam Türkiyə ermənisi idi. Çox gözəl türkcə danışırdı. Türk köklərimlə fəxr edirəm". Bunu da qeyd etmək yerinə düşərdi ki, Ərdoğanın bu ifadəsi Azərbaycanda çox yaxşı tanınan isveçrəli deputat Andreas Qrossun ürəyinə yağ kimi yayılıb və bu barədə çox maraqlı şərh verib:
"Əsla unutmayacağımız bir zarafat oldu. Mən də fransızların çox vaxt bilmədikləri məsələlər barəsində danışdıqları qənaətindəyəm. Bəzən digər insanlara rişxənd edirlər. ...Məncə, fransızların bir qismi buna həqiqətən də layiqdir".
Bir deputatın parlament seçkilərindəki 10 faizlik seçki baryeri ilə bağlı sualına Ərdoğanın cavabı çox qətiyyətli olub: "10 faizlik səddin qüvvədə qalıb-qalmayacağını sizdən soruşmayacağıq, buna Türkiyə xalqı qərar verəcək".
Qarşıdan seçkilər gəlir. Artıq Türkiyədə siyasi partiyalar arasında yarışma başlamışdır. Ərdoğanın Avropanın ortasında sözləri, jest və mimikası ilə "meydan oxuması" türk seçicisinin təqdirini toplamaya bilməz. Ümumiyyətlə, bu çıxışlar, avropalıların və ermənilərin qərəzli suallarına verdikləri cavablar Türkiyədə hakim partiyanın seçkiqabağı siyasi manevrləri olaraq qəbul edilə bilər. Məncə, bunun o qədər də əhəmiyyəti yoxdur. Çünki Ərdoğan siyasətçidir, partiya lideridir və çıxışlarında hədəf nöqtəsinin türk seçicisi olması təbii haldır. Burada vacib olan Ərdoğanın avropalıların və ermənilərin üzünə vurduğu "Osmanlı tokatları" idi. Bizcə, bu "tokat"ların şokları hələ uzun müddət davam edəcək.
Bir erməni deputat Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərə dair protokollara işarə edərək nədən Ermənistanla sərhədin açılmadığını soruşdu. Ərdoğan bu suala qəti və konkret cavab verdi: "Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənədək sərhədin açılması mümkün deyil. Biz dost, qardaş Azərbaycan xalqının haqqını və hüququnu Ermənistan üçün fəda etməyəcəyik".
AŞPA-dakı erməni deputatlar da Ərdoğanı sual atəşinə tutmaq üçün əməlli-başlı hazırlaşmışlarmış. Ermənistanda yayılan bəzi xəbərlərə görə, iclasa sədrlik edən M.Çavuşoğlu ermənilərin soyqırımla bağlı sual vermələrinə mane olmaq üçün onların adını sual siyahısının sonuna salıb. Bu iddiaların nə qədər doğru olub-olmadığını demək çətindir. Mətbuata verilən açıqlamalarına baxmayaraq, bəlkə də bu deputatlar özlərinə növbə çatmadığına görə çox sevinirlər...
|