Hollivud ulduzu, britaniyalı aktrisa Ketrin Zeta-Cons "II dərəcəli biopolyar pozuntu" diaqnozu ilə psixiatriya xəstəxanasına aparılıb.
Xarici mətbuatın yazdığına görə, "Mayo" xəstəxanasında müalicə edilən aktrisa hədsiz əsəbilikdən əziyyət çəkir, onun əhvalı daim və kəskin şəkildə dəyişir.
Həkimlər bildiriblər ki, bütün bunlar aktrisanı ciddi narahat edib və müalicə olunmaq qərarına gəlib: "Bu il iki film üzərində çalışmalıdır. Diaqnoz isə onun işinin keyfiyyətinə ciddi mane ola bilər".
Hollivudun ən gözəl aktrisalarından sayılan, "Oskar" mükafatı laureatı Ketrin Zeta-Cons bu il "Playing the Field" və "Lay the Favorite" adlı iki filmdə rol alıb.
Aktrisanın problemləri həyat yoldaşı, məşhur aktyor Maykl Duqlasda qırtlaq xərçəngi tapılandan sonra başlayıb. Aktyora təhlükəli diaqnoz 2010-cu ilin avqustunda qoyulub. Üzərindən yarım il keçəndən sonra Duqlas açıqlama verərək xərçəngə qalib gəldiyini bildirib.
|