Dünya neft bazarlarında Azərbaycan neftinin bir barelinin qiyməti 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 60 dollar qiymətini xeyli müddətdir 80 faizdən artıq üstələyir. Bu, sözsüz ki, icmal büdcənin tərkib hissəsi olan dövlət büdcəsinə və Dövlət Neft Fondunun 2011-ci il büdcəsinə proqnozlaşdırıldığından daha çox gəlirin daxil olacağını şərtləndirir.
Dünya bazarlarında xam neftin qiymətinin yüksək olması, qlobal maliyyə-iqtisadi böhran zamanı bir çox iri dövlətlərdə həyata keçirilmiş liberal pul-kredit və faiz dərəcəsi siyasəti dünya miqyasında inflyasiya meyillərini kəskin artırıb. Bu, ölkəmizə idxal olunan qeyri-neft məhsullarının da qiymətinin artmasına, mühüm xammal və materialların, maşın və avadanlıqların, gündəlik tələbat mallarının, əsasən də ərzaq məhsullarının bahalaşmasına səbəb olub.
Maliyyə Nazirliyi dövlət büdcəsinin əlavə gəlirləri hesabına əhalinin sosial müdafiəsini gücləndirmə tədbirlərinin, ilk növbədə əməkhaqlarına artımların nəzərdə tutulduğunu bəyan edib. Bu artım dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əməkhaqlarının artımına imkan verəcək.
Artımlar zəruri sosial tədbirlərdən olan sosial müavinətləri və təqaüdləri, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın doğulmasına görə, müharibə veteranlarına verilən müavinətləri, məcburi köçkünlərə verilən yemək xərcini, şəhid ailəsi və müharibə əlilləri üçün Prezident təqaüdünü və digər sosial ödənişləri və müavinətləri də əhatə edəcək. Bundan əlavə, gənc nəslin aparıcı qüvvələrindən olan ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdləri artırmaq nəzərdə tutulur. Bu sosial müdafiə tədbirləri 3 milyondan çox vətəndaşa şamil olunacaq.
MM büdcəyə dəyişikliklər etməyi planlaşdırır. MM Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, büdcəyə dəyişiklik zamanı sosial təminat tədbirlərini gücləndirmək üçün yeni mənbələrin səfərbər olunması ilə bağlı təkliflər irəli sürüləcək. Komitədə bu təkliflər formalaşdırılıb.
"Vətəndaşların sosial vəziyyətinin yüksəldilməsi ilə bağlı, sözsüz ki, təkliflər irəli sürəcəyik. Sosial sifarişləri öyrənib maliyyə imkanlarını nəzərə almaqla, bir sıra əlavə və dəyişikliklərin olmasını təklif edirik. Burada tək maaş və pensiyaları artırmaq yox, digər sosial məsələlər də müzakirə mövzusudur. Aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması, əlillərə, müharibə veteranlarına dövlət yardımının artırılması, gənclərə, ahıllara dövlət qayğısı, sosial sığortanın tətbiqi imkanları, səhiyyə, sosial təminat və sair sahələrdə proqramların maliyyələşdirilməsi və digər məsələlərin həllinə nail olmaq istəyirik. Yəni bizim planımızda sosial məsələlərlə bağlı bir neçə aktual layihə var. O cümlədən pensiyaların, müavinətlərin, maaşların artırılması gündəmdədir", - deyə komitə sədri vurğuladı.
Millət vəkili hesab edir ki, bir çox sahələrdə maaş artımına ehtiyac var. Özəlliklə də müəllim və həkimlərin maaşlarını artırmaq gərəkdir: "Elə tibb işçiləri var ki, onların maaşı orta əməkhaqqından da aşağıdır. Eləcə də müəllimlərin maaşlarının artırılması vacibdir. Bir sıra kateqoriyalar üzrə müavinətlərə də baxılmalıdır. Digər sahələr də var ki, bunları büdcəyə dəyişikliklər zamanı gündəliyə çıxaracağıq".
|