"Azərbaycan xalqına bizi bu dərəcədə isti və özündən biri kimi qəbul etdiyi üçün hər birimiz təşəkkür edirik. Mərhum Heydər Əliyevin "bir millət, iki dövlət" sözünün böyüklüyünə bu səfər dönəmində bir daha şahid olduq. Biz "Eurovision-2011" yarışmasında azərbaycanlı qardaşlarımıza da uğurlar diləyirik". Bu sözləri promo-tur çərçivəsində Azərbaycana gələn Türkiyənin "Eurovision-2011" yarışmasındakı təmsilçisi "Yüksek Sadakat" qrupunun üzvləri bildiriblər.
Görüşdə ilk əvvəl "Yüksek Sadakat" qrupunun Düsseldörf arenasında ifa edəcəyi "Live it ur" klipi media mənsublarına nümayiş etdirilib. Qrup üzvləri Bakıda olduqları iki gün müddətində İçərişəhəri gəzdiklərini, Milli Məclisin binası ilə tanış olduqlarını açıqlayıblar. Bu yarışmada Azərbaycan təmsilçilərinə də birinci olmağı arzulayan qrup üzvləri "ya Azərbaycan, ya Türkiyə - fərq etməz" deyiblər: "Bu yarışmada Türkiyəyə qalibiyyət gətirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bizim əsas məqsədimiz mahnımız və musiqimiz vasitəsilə Türkiyəni doğru şəkildə Avropa toplumuna anlatmaqdır. Əgər biz bu yarışmada uğurlu çıxış etsək, o zaman bunu birinci olduğumuz hesab edəcəyik. Amma yarışmadan da gələcək yüksək bir nəticə bizi daha da fərəhləndirir".
Beş musiqiçidən ibarət "Yüksek Sadakat" qrupu üzvləri Bakıdan çox gözəl təəssüratlarla ayrılacaqlarını bildirirlər:
"Əslində gələcəkdə Bakıdan çox şey xatırlamaq üçün zamanımız olmadı. Ancaq bu doğma şəhərdən çox gözəl hisslərlə ayrılırıq. Burada çox maraqla və yüksək səviyyədə qarşılandıq. Bakıda həqiqətən də qardaşlıq gördük. Bundan sonra biz tez-tez Bakıya gəlməyi düşünürük. İnşallah, növbəti səfərimiz sırf solo-konsertlə bağlı olacaq. Bu ölkədə gəzməli-görməli yerlər çoxdur".
Qrup üzvləri şəhərimizdə qonaq olduqları iki gün müddətində Azərbaycan mətbəxindən də təamlar daddıqlarını və yeməklərimizi çox xoşladıqlarını qeyd ediblər.
Həyatda hər bir insanın sədaqətsizliklə üzləşdiyini bildirən "Yüksek Sadakat" qrupunun üzvləri çıxışlarında insanları sədaqətsizlik etməməyə çağırıblar: "Sədaqətsizliklə üzləşməyən insan yoxdur. Bu ifadə çox böyük anlam daşıyır və sözsüz ki, bizim də hər birimiz vaxtaşırı sədaqətsizliklə üzləşmişik".
"Yüksek Sadakat" qrupunda Kənan Vural (vokal), Sərkan Özgən (gitara), Kutlu Özmakinaçı (bas gitara), Uğur Onatkut (tuşlu çalğılar) və Alpay Salt (zərb alətləri) təmsil olunur. Türkiyəni gələn ay Düsseldörfdə 56-cı "Eurovision" mahnı müsabiqəsində təmsil edən qrup üzvləri mayın 10-da I yarımfinalda çıxış edəcəklər.
|