NEXT qrupunun yeni albomu bu günlərdə satışa çıxır. Bu barədə "Ayna"ya qrupun mətbuat xidmətindən bildirilir. Bu ay 2 yaşını qeyd edən qrup ilk diskini onları sevənlərə hədiyyə etmiş olacaq. Məlumata görə, "Love for sale" adlı albomda 12 mahnı yer alır. Disk üzərində iş Ukraynada və Azərbaycanda aparılıb:
"Bu albomda yer alan mahnıların çox hissəsi Ukraynada səsyazma studiyasında lentə alınıb. Albomun satışı ilə yerli şirkətlərdən biri məşğul olacaq. Artıq bununla bağlı müqavilə imzalamışıq. Heç kimə sirr deyil ki, NEXT yaranan ilk gündən dünya standartlarına uyğun olaraq qurulmuş piar kampaniyası sayəsində müasirliyini qorumaqla yanaşı, həm də Azərbaycan musiqisini dünyada təmsil etməyə çalışır. Əslində sənətçilərimiz hər zaman albom satışından qazanc əldə etməyin imkansız olduğunu deyir. Bu fikirlə müəyyən mənada razılaşsaq da, lakin bunun mümkünsüz olduğunu düşünmürük. Baxmayaraq ki, biz sayılıb seçilən məclislərdə iştirak edirik, amma yenə də hər bir sənətçi üçün xoş olardı ki, öz albomundan qazanc əldə etsin. Çünki çox sevindirici haldır ki, biz ilk albomumuzu yerli şirkətlərdən birinə sataraq, həm də musiqimizi leqallaşdırmışıq. Onu da deyim ki, "Love for sale" albomu Avropanın müxtəlif şəhərlərində satılacaq", - deyə mətbuat xidmətindən bildirilir.
Onu da qeyd edək ki, albom bu günlərdə istifadəçilərin ixtiyarına verilən NEXT qrupuna məxsus www.nextqruru.com ünvanında da yerləşdiriləcək.
|