"Eurovision-2011" milli seçim turunun finalçılarından olan İlhamə Qasımova builki eyniadlı müsabiqədə favoritlərinin olduğunu açıqlayıb. Qəzetimizə bildirib ki, Fransa, İngiltərə və İsveç təmsilçilərinin müsabiqə üçün ifa etdiyi mahnını çox bəyənib. Fransa təmsilçisi Amori Vassilinin səs imkanlarını isə mükəmməl sayır. İsveçli təmsilçi Erik Saadenin isə səsi ilə yanaşı rəqs imkanlarını da ürəyəyatımlı görür. Qeyd edək ki, bu ifaçı internetdə rekord sayla dinlənir.
Artıq növbəti illərdə "Eurovision" müsabiqəsinə qatılmaq arzusunda olmadığını bildirən sənətçi başqa səhnələrə iddialıdır: "Avropa ölkələrinə çıxışım istiqamətində layihə hazırlanır. Əməkdaşlıq etdiyim Almaniya musiqi şirkətlərindən birinin xətti ilə yaxın günlərdə səfərlərim olacaq".
Bu əməkdaşlığa İlhamə Qasımovanın ingilisdilli albomunun buraxılması da daxildir. Müğənni yaxın günlərdə yerli dinləyicilərə musiqisi Eldar Mansurov, sözləri Gülağa Tənhaya məxsus olan "Bu gecə" mahnısını təqdim edəcək.
|