Bütün qışboyu bazarlarda hər növ meyvə-tərəvəz vardı. Ölkəyə dünyanın hər yerindən meyvə-tərəvəz daşınır. Çünki Quba-Xaçmazı çıxmaq şərtilə, meyvə-tərəvəzçilik rayonlarımız yoxdur. Daxili bazar öz potensialımız hesabına təmin olunmur. Odur ki, xarici meyvə-tərəvəzi çox baha qiymətə almalı oluruq.
Məsələn, Türkiyədən, İrandan Azərbaycana çiyələk gətirilir. Qiymətinə gəlincə, ticarət obyektindən asılı olaraq 5-6 manatdır. İstehsalçı ölkədə isə bir kiloqramı bazarda 2, ixracatda isə 2,5 lirəyə satılır. Silifke Çiyələk İstehsalçıları Birliyinin sədri Əhməd Özmənin "Bu gün" qəzetinə söylədiyinə əsasən, onlar məhsulu Rusiya və Azərbaycana ixrac edirlər.
Deməli, çiyələk Türkiyədən 2 lirəyə (təxminən 1 manat) alındığı halda, yerli bazarlarda 5-6 manata satılır.
İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri idxal olunan malların gömrük rəsmiləşməsi qiymətləri ilə pərakəndə satış qiymətlərinin müqayisəsini aparıblar. İdxal qiymətləri Dövlət Statistika Komitəsindən əldə edilib. Hər bir məhsul üzrə idxalda rəsmiləşən qiymət, gömrük rüsumları ilə birlikdə yaranan qiymət və pərakəndə satışdakı qiymətlər müqayisə olunur. İlkin nəticələr isə çox düşündürücüdür. Arada 6-12 dəfəyədək fərq var...
Ən böyük fərq duzlu siyənək balığı üzrədir. Bu məhsulun gömrük dəyəri 31 qəpik, gömrükdən çıxış qiyməti 42 qəpik olsa da, pərakəndə satış qiyməti 5 manatdan (!) bahadır.
Fərqin böyüklüyünə görə diqqəti cəlb edən digər məhsullar - təbii bal, quru noxud, qurudulmuş ərik, təzə kartof, sarımsaq və qozdur. Fərq 5-7,5 dəfəyə qədərdir. Ölkəyə gətirilən təzə kartof 6 qəpiyə rəsmiləşdirilsə də, onun həmin ilə pərakəndə satış qiyməti 53 qəpik olub. Banan 43 qəpikdən gömrüyə daxil olmuş, pərakəndə satışda isə alıcıya orta hesabla 2 manat 17 qəpiyə satılmışdır. Fərq 372 faizdir. Şəkər və kərə yağının qiymətlərində də böyük fərq var.
Şəkər tozunun 1 kq-ı gömrükdə 28 qəpiyə, kərə yağının 1 kq-ı isə 1 manat 89 qəpiyə rəsmiləşdirilsə də, pərkakəndə satışda müvafiq olaraq 242,62 və 153,84 faiz baha olmuşdur.
İqtisadi Tədqiqatlar Mərkəzi inflyasiya proseslərinə xarici amillərin təsir səviyyəsini öyrənmək, gömrük, inhisarçı idxal təzyiqlərinin minimuma endirilməsi, bazar qiymətlərinin liberallaşdırılması ilə bağlı tövsiyələr hazırlamaq fikrindədir. İdxal inflyasiyasını doğuran obyektiv və subyektiv amillər təhlil ediləcək. Gömrükdə rəsmiləşmə qiymətləri ilə bazar qiymətləri arasındakı fərqə diqqət yetiriləcək. Yekun nəticələri aprelin sonunda açıqlamaq planlaşdırılır.
Bəlli olub ki, biz inflyasiya təzyiqlərindən zəif müdafiə olunmuş ölkəyik. Odur ki, bazarlarda yerli məhsullar yerini xarici məhsullara verir.
Bu kimi monitorinqlər bir çox ölkələrdə müntəzəm aparılır və rəqəmlər vaxtaşırı elan edilir. Bu baxımdan Qazaxıstan təcrübəsi: gömrük orqanları monitorinqlərin nəticələrini hər həftə mətbuatda dərc edirlər.
|