BU, OBAMANIN İSTƏDİYİ MÜHARİBƏ DEYİL
|
Hakim rejimlər ABŞ-a nə qədər yaxın görünürsə görünsün, öz xalqına qarşı cəbr və təzyiqin həddini aşarsa, onları müdafiə etmək mümkün olmayacaq
Şənbə, 02.04.2011
Mahirə Qayıbova |
mətn ölçüsü |
|
|
|
Türkiyənin tanınmış strateji tədqiqat mərkəzlərindən olan "21-ci əsr Türkiyə İnstitutu"nun əməkdaşı, siyasi icmalçı Şanlı Bahadır Koçla söhbətimizdə Liviya ətrafında cərəyan edən hadisələrə ABŞ-ın münasibətinə aydınlıq gətirməyə çalışırıq. İlk sualımız:
- Bu gün Amerikanın, daha doğrusu, Obamanın Afrikadakı hadisələrlə bağlı mövqeyini necə qiymətləndirirsiniz?
- Bizcə, Obama öz ölkəsini və dünyanı "post-Amerika dünyası" üçün hazırlayır. Liviya böhranı bunun ən bariz sınaq yoxlamasıdır. Obamanın tərzi "Ata Buş"un tərzinə bənzəyir. Onun xarici siyasətində başlıca prinsiplər - təmkinlilik, səbir, diplomatiya, balans saxlamaq, "ideal deyil, mümkün və yetərli olana qane olmaq", müttəfiqlərlə bərabər hərəkət etmək və beynəlxalq gücləri problemin həllinə cəlb etmək - olaraq ifadə oluna bilər.
Şərqdəki dəyişmə dalğasını Obama başlatmamışdır. Lakin Obama dalğaya uyğun mövqe tutmağa və onun bundan sonrakı hərəkətini formalaşdırmağa çalışır. Obama bu prossesin "idarə oluna bilən və nəzarətdə saxlana bilən" bir prosesə çevrilməsinə çalışır. Bu yanaşma Obamanın əvvəla bir siyasətçi kimi xarakterindən irəli gəlir. Bununla birlikdə, Obama İraq və Əfqanıstandakı acı təcrübələri, ölkəsinin azalan gücünü, dərinləşən iqtisadi problemlərini, Liviya müxalifətinin gücünü və niyyətini də nəzərə alaraq hərəkət edir.
Çiyinlərində kifayət qədər yük olan, yorulmuş, usanmış və aşınmış amerikan ordusu yeni macəralara girməyə həvəsli deyil. Bununla birlikdə, bir çox amerikan politoloqu böyüklüyü, coğrafi mövqeyi, ərəb dünyasındakı tarixi liderlik rolu, eyni zamanda, İsraillə qonşu olması baxımından Misirin diqqət mərkəzində saxlanmasının daha vacib olduğunu deyirlər. Liviya isə nisbətən az önəmli ölkə olaraq görünür. Belə bir ölkə üçün hərbi, iqtisadi və diplomatik güc sərf etməyi çox da lüzumlu görmürlər.
- Belə çıxır ki, Obama məcburiyyət qarşısında qalaraq müdaxilə etdi?
- Amerikanın başqa yolu yox idi. Liviyada müxaliflər amansızca qətl edilirdi. Obamanın bu hadisələrə biganə qalması, uzaqdan müşahidə etməsi özünün və dövlətinin prestijini ciddi şəkildə zədələyə bilərdi. Qəzzafinin qələbə çalması digər diktatorlar üçün "pis örnək" ola bilərdi.
Yəni "müqavimət göstərin, Qərbdən qorxmayın" mesajı verə bilərdi.
Liviyaya müdaxilənin hüquqi əsası, diplomatik dəstəyi, uğur qazanma ehtimalı İraqdakı müdaxiləyə nəzərən daha çoxdur. Buna bənzər böhranlar ABŞ prezidentlərinin tarixə necə keçdiklərini müəyyən edən başlıca faktorlardır. Obama əvvəlcə müxaliflərə silah və sursat yardımının kifayət olacağını fikirləşirdi. Lakin müxalifətin hərbi və müdafiə qabiliyyəti baxımından gücü kifayət deyil. Obama "yeni bir Ruandanın tarixi məsuliyyətini" üzərinə almaq istəmədi.
Bu, Obamanın istədiyi müharibə deyil. Onu Sarkozi öndən çəkdi, Hillari Klinton, Susan Rays və Samanta Pouer də arxadan təkan verdi. Obama Fransanın və İngiltərənin arxasında qala bilməzdi. Obama Qəzzafinin çox sayda mülki insanı öldürərək Binqazinin qapısına dayanmasını və "heç kimə mərhəmət göstərilməyəcəyi" açıqlamasını da diqqətə alaraq müdaxiləyə qərar verdi. - Sizcə, bu müdaxilənin nəticələri necə olacaq?
- Bununla bağlı ehtimal irəli sürmək, həqiqətən, çətindir. Bu hərəkatın uğur qazanıb-qazanmayacağı və öz məqsədinə çatıb-çatmayacağı bilinmir. Hazırda bu məhdud müdaxilə ilə Qəzzafinin məğlub edilməsi çox da asan deyil, ancaq mümkündür. Müdaxilənin həcminin artırılıb-artırılmayacağı vacib əhəmiyyət kəsb edir. Əks təqdirdə ölkədə uzunmüddətli bir "pat" vəziyyəti yarana bilər. Qəzzafinin ətrafındakı güclərin ona nə qədər sadiq qalacaqları da önəmli səbəblərdən biridir. - Sizcə, bu, "neft müharibəsdir"?
- Bir çoxları bunu "neft müharibəsi" olaraq qiymətləndirir. Əgər Liviyada neft olmasaydı, Liviya gündəmdə bu qədər önə çıxmazdı. Lakin Qəzzafi hakimiyyətdən getdikdən sonra Qərbin Liviya neft sənayesindəki yeri bugünkündən çox olmayacaq. Qəzzafidən sonra islamçı-milliyyətçi qəbilələr koalisyonu formalaşarsa, ölkənin neft gəlirlərinin böyük bir qismi ölkə daxilində paylaşıla bilər. Xaos, parçalanma və uzunmüddətli "pat" vəziyyəti neft ixracatında problemlərə gətirə bilər. Nəticədə neftin qiymətlərində dalğalanmalar ola bilər. Məncə, belə bir vəziyyət yavaş-yavaş seçki atmosferinə girən Obamanın arzu etdiyi şey deyil. - Türkiyənin bu prosesdəki rolu?
- Liviya Türkiyə üçün vacib ölkədir. Seçim mərhələsinə girmiş AKP Liviya məsələsinin daxili siyasətdə problem yaratmasını istəmir. Xüsusilə neft bazarında qiymət artımı ölkə iqtisadiyyatına və gündəlik həyata mənfi təsir göstərə bilər. Liviyada uzunmüddətli qeyri-müəyyənlik, qeyri-sabitlik, xaosun davam etməsi, ölkənin müvəqqəti və ya daimi bölünməsi Türkiyənin Liviyadakı layihə və tenderlərinə ciddi zərər verə bilər.
Bu mərhələ Türkiyə baxımından çox həssas və kövrək mərhələdir. Türkiyə Qərb ilə münasibətləri korlamamalı, ancaq öz düşüncə və fikirlərini ifadə etməyi, öz mənafeyini qorumağı bacarmalıdır. Türkiyə Qərbin neft maraqlarına dair şübhələrini regional siyasətinin mərkəzinə qoymanın riskli olacağını dərk etməlidir.
Bu dəyişmə dalğası Türkiyənin xarici siyasətini test etmək baxımından önəmlidir. Türkiyənin xarici siyasət idarəsi çox sayda mütəhərrik faktoru diqqətə alaraq həlletmə qabiliyyətinə sahib olub-olmadığını nümayiş etdirəcək.
- Eyni dalğanın postsovet ölkələrində də yayılacağına və bu coğrafiyadakı bir çox ölkədə rejimlərin dəyişəcəyinə dair şərhlər verilir. Amerika bu proseslərə nə dərəcədə müdaxilə edə bilər?
- ABŞ baş verən proseslərin pərdə arxasındakı dövlət deyil. Hətta bu dalğalanma Vaşinqtonu narahat etmiş və qayğılandırmışdır. Ancaq Obama bu dalğaya biganə qala bilməz və qalmayacaq. Burada əsas məsələ budur: Vaşinqtona dost rejimlərin islahat aparmaq cəsarəti nə qədərdir? Əgər islahat aparmasalar, ABŞ-ın mövqeyi necə olacaq?
Bu sualın cavabı ölkələrə görə fərqlidir. Amerika bəzi "dost rejimlər"i digərlərinə nəzərən asanlıqla fəda edə bilər. Lakin Amerikanın bu proseslərə dəstək verdiyi zaman diqqətə alacağı xüsuslar var: müxalifətin daxili konsolidasiyası, etibarlılığı, ABŞ-a baxışı. Bəzi rejimlərin "kosmetik" dəyişikliklər apararaq onları islahat kimi qələmə verməsi onlara fayda gətirməyəcək. Bunun üçün ortaya Qərbi inandıracaq perspektiv qoymalıdırlar. Bir şeyi unutmamaq lazımdır: hakim rejimlər nə qədər ABŞ-a yaxın görünürsə görünsün, öz xalqına qarşı cəbr və təzyiqin həddini aşarsa, onları müdafiə etmək mümkün olmayacaq. Bizcə, ən məqbul yol milli konsolidasiya formullarını axtarmaq və tətbiq etməkdir.
|
|
|
|
|
|
|