Hal-hazırda Ayna qəzetinin 02.04.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 02.04.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Erməni hədəfləri və Gürcüstanın "liberalizmi"
Erməni hədəfləri və Gürcüstanın "liberalizmi"
"Erməni Cavakx Respublikası" ideyası körüklənir
Şənbə, 02.04.2011

Ənvər Börüsoy mətn ölçüsü  

Axısqa bölgəsində (gürcülər bu regionu "Cavaxetiya", ermənilər isə "Cavakx" adlandırır) Gürcüstan Ana Yasasında təsbit olunan Acarıstan, Abxaziya və Güney Osetiya muxtar respubliklarının sırasına "Erməni Cavaxk Respublikası"nın da əlavə edilməsi təbliğatı genişlənməkdədir. Ermənilər bu yöndə onlara məxsus internet sosial şəbəkələrində yeni separatçı regionun bayrağı, herbi, himni və digər atributlarını yerləşdiriblər. Əksər erməni təşkilatları hətta bu regionun Ermənistana birləşdirilməsi üçün "qanuni hüquqlarının" olmasını iddia etməkdədirlər.

Qədim torpaqların yeni sakinləri

Axısqa vilayətindəki tarixən coğrafi adlar daha çox türk dilində olsa da, indi bu adların "gürcüləşdirilməsi" və ya "erməniləşdirilməsi" uğrunda bu iki toplum arasında gərgin mübarizə gedir. Bu torpaqlar 1828-ci ilə qədər Osmanlı dövlətinə məxsus idi və Axısqa Paşalığı kimi tanınırdı. Regionun işğalından sonra burada gürcülərə, ruslara və ermənilərə xeyli sayda kilsələr və digər dini abidələr inşa edilmişdir, lakin 19-cu yüzildən öncəki tarixi abidələr türklərə məxsusdur. Çarlıq Rusiyasının Qafqazı işğalından sonra buraya xeyli sayda rus, gürcü və erməni əhali yerləşdirməkdə məqsəd Osmanlı dövlətilə sərhədləri etibarlı şəkildə qorumaq idi.

Burada türklərə məxsus bütün tarixi izləri itirmək üçün 1944-cü ildə Axısqa türklərinin Orta Asiya və Sibirə sürgün edilməsi həyata keçirildi. İndiyə qədər Axısqa türklərinin öz torpaqlarına geri dönməsinə izin verilmir.

Hazırda gürcü və erməni alimləri, siyasətçiləri arasında baş verən əsas mübarizə Axısqa torpaqlarının bu iki toplumdan birinə məxsus olması iddiasıdır. Gürcü və erməni siyasətçilər "qədim torpaqlar" iddiasına dayanıqlı şəkildə 1918-1920-ci illərdə bu torpaqlar uğrunda silahlı mübrizəyə də girmişdilər. Bu savaşlarda hər iki tərəfdən minlərlə insan həyatını itirdi. Hər iki tərəf elə bu gün də həmin mübarizəni ictimai müstəvidə davam etdirir. Bu torpaqların əzəli sakinləri olmuş Axısqa türklərinin heç bir hüququ və qanuni haqqı tanınmır...

Hədəflər

Ermənilərin bəzi çevrələrinin Gürcüstanda yaşanılan ağır sosial və iqtisadi böhran dərinləşdikcə bu regiona olan ərazi iddialarını daha cəsarətlə gündəmə gətirməyə başladıqları müşahidə edilir. Ermənilərin Axısqa vilayətinə gələrək burada Gürcüstan vətəndaşı pasportu alması təhrik və təşviq edilir. Bununla da regionda ermənilərin xeyrinə olmayan demoqrafik durumu xilas etməyə çalışdıqları hiss olunur.

Ermənilər Rusiyada indi iflasa uğramaqda olan sərt siyasətin və imperiya təfəkkürünün arxasında gizlənməklə, Gürcüstanı və gürcüləri açıq şəkildə təhdidə keçmələrinin başqa səbəbləri də var. Qafqaz üzrə əksər mütəxəssislərin fikrincə, bununla Ermənistan hərbi xuntası cəmiyyətin diqqətini ölkə daxilindəki məşəqqətli sosial və iqtisadi böhrandan yayındırmağa çalışır. Bunun üçün Dağlıq Qarabağ və "Cavakx" ən təsirli mövzu sayılır.

REKLAM

Bu mövzuların gündəmi zəbt etməsinə rəvac verilir.

Yeni etnik separatizm hərəkatını körükləməyin başqa bir amacı - bu gün Gürcüstan üzərindən Quzey Qafqaza yönəlik siyasətin qarşısını almaqda Rusiyaya yardımçı olmaqdır. Bu baxımdan Gürcüstanda yaşayan ermənilər "beşinci dəstə" rolunu oynamağa hazırdırlar.

Tiflis açıq şəkildə bildirir ki, Abxaziya və Güney Osetiyanın Rusiyanın işğalı altında qalması Gürcüstan dövləti üçün daim təhdid mənbəyi olacaqdır. Rusiyanın bu siyasətinə adekvat cavab kimi onlar da, öz növbələrində, Quzey Qafqaz xalqlarının milli hərəkatına, tarixi və coğrafi sərhədlər fəlsəfəsinə necə sahib ola bilmələri yönündə dəstək olmağa hər zaman hazırdır.

Kilsələrin savaşı

Ermənilərin Gürcüstanda onlara məxsus kilsələri himayə bəhanəsi altında ayrıca "Erməni Apostol Kilsəsi" yaradılmasını tələb etmələrinin arxasında da "Erməni Cavakx Respublikası"nı yaratmaq niyyəti dayanır. Gürcüstan bu tələbə qarşı ciddi təpki göstərməkdədir. Belə ki, xristian ölkələrində çox nadir hallarda fərqli apostol kilsələrinin mövcudluğuna imkan verilir.

Gürcüstan kimi kiçik bir dövlətdə fərqli apostol kilsələrinin fəaliyyət göstərməsinə heç bir ehtiyac olmadığı deyilir. Gürcülər anlamamış deyillər ki, ermənilərin "apostol kilsəsi" iddiasının arxasında duran əsas hədəf - bunun ardınca "kilsə torpaqları", "kilsə təsisatları" və "kilsə mülkləri" anlayışlarına rəsmi status qazandırmaqdır.

Bütün dünyada fərqli xristian kilsələrinin mövcudluğu heç zaman problem sayılmayıb. Apostol kilsəsi isə tamam fərqli status deməkdir. İyirmi ildən çoxdur gürcülər ermənilərin bu tələblərinə qarşı ciddi dirəniş göstərir. Xüsusilə gürcü apostol kilsəsi öz nüfuzundan istifadə etməklə ermənilərin bu iddialarına qarşı bütün gürcü cəmiyyətini səfərbər etməyi bacara bilib.

Ermənilər dinc durmayaraq "Gürcüstan Erməni Kilsələri Şurası", "Erməni Xristian Abidələrinin Qorunması", "Erməni Xristian Dini Məktəblər Birliyi" və digər ictimai qurumlar yaradıblar. Onlar hətta beynəlxalq xristian təşkilatlarla birlikdə lobbiçilik istiqamətində Gürcüstanda strateji hədəflərinə nail olmaq üçün bir sıra layihələrə girişiblər. Əgər erməni apostol kilsəsi ideyası baş tutarsa, bunun sayəsində onlar başda Tiflis olmaqla, Axısqa və Borçalı vilayətlərində, Acarıstanda iri torpaq mülkiyyətlərinə sahib ola bilərlər. Bununla da Gürcüstanın ermənilər tərəfindən idarə olunması hədəfinə yaxınlaşarlar. Gürcü kilsəsi bunu bildiyindən erməni kilsəsinin hüdudlarının genişlənməsinə hər vəchlə mane olur.

Milli hüquqlardan separatizmə doğru

Gürcüstan, Rusiya, Ukrayna, Fransa, Suriya, Livan, İran, Kanada, ABŞ, Belçika, İngiltərə, Yunanıstan və digər dövlətlərdəki erməni siyasi, ictimai, dini təşkilatları "Erməni Cavakx Respublikası" ideyasını fəal şəkildə müdafiə edirlər. Bu sırada əsas təbliğat mənbəyi isə Axısqa vilayətində ermənilərin öz milli dillərində məktəblərin, qəzet və jurnalların, televiziya və radio kanallarının gürcü hakimiyyəti tərəfindən sıxışdırılması, bölgədə əhalinin gürcü dilini bilmədiyi üçün rəsmi dövlət sənədlərində erməni dilindən istifadə olunması, erməni dilinə ikinci dövlət dili statusunun verilməsi və digər tələblər irəli sürülməkdədir.

Ermənistan nazirlər kabineti yanında hətta "Birləşmiş Cavakx" təşkilatı da fəaliyyət göstərir. Hər il dövlət büdcəsindən bu təşkilata xüsusi maliyyə vəsaiti də ayrılır. Gürcüstanda erməni dilində nəşr edilən "Cavakx", "Paros" (Məşəl), "Arşaluys" (Üfüq), "Vrastan" (Gürcüstan), "Aknuk" (Mənbə), "Kaçatun" (Şən əllər), "Ayrenik" (Vətən), "Aspıncak" (Qonaqpərvərlik), "Xarafain darbaz" (Güney qapısı) qəzetləri, FM dalğası ilə yayınlanan "Gənclik", "İctimai", "Cavaxk", "Parvana TV", "ATV-12" radio və televiziya kanalları da regionda separatizmə dəstək verməkdədir.

Çox qəribə haldır ki, bu mətbu orqanlar "BBC World Service Trust", "IREX Georgia" və "Studio RE" kimi ciddi qurumlar tərəfindən maliyyələşdirilir. Bütün bu şəbəkələr regionda ermənilərin bir toplum olaraq separatçı əhval-ruhiyyəsinə daha çox təsir edir.

Erməni ekspansiyası və Gürcüstan

Ötən il ərzində Ermənistandan 103 şirkət öz fəaliyyət dairəsini Gürcüstana köçürüb. Bundan əlavə, Gürcüstanda Ermənistanın 25 şirkəti rəsmi qeydiyyata alınıb. Rusiya və Ermənistanda ermənilərə məxsus bank sektorunun xeyli sayda filialları açıldı.

Ermənistandakı ən böyük biznes şəbəkəsi olan "Hrant Holdinq" indi faktiki olaraq Gürcüstanda konditer biznesini öz nəzarətinə alıbdır. Ermənistan Əmək Partiyasının lideri, regionda ən zəngin oliqarxlardan hesab edilən Qurgen Arsenyan bildirir: "Mən öz biznesimi Gürcüstana köçürməklə mənsub olduğum xalqın tarixi missiyasını həyata keçirirəm".

Tiflisdəki iqtisadi proqnozlar üzrə mütəxəssislərin hesablamasına görə, 2011-ci ildə ermənilərə məxsus biznes şəbəkəsi orta hesabla 410.5 milyon dollar qazanc əldə edə biləcək. Bu rəqəm hələ rəsmi statistikanın etirafıdır. Müşahidələrə əsasən, Gürcüstanda ağır sosial həyat şəraiti olan erməni əhalisi son iki ildə maddi baxımdan xeyli dərəcədə dirçəlib. Çünki erməni iş adamları Gürcüstanda yaratdıqları biznes şəbəkəsinə öz soydaşlarını geniş miqyasda səfərbər edə biliblər. Erməni iş adamları onların vasitəsilə burada iri mülklər və torpaq sahələrini çox ucuz qiymətə almağa başlayıblar. İndi onlara məxsus turizm, mehmanxana, iaşə sektoru forma və məzmunca "erməniləşməkdədir". Sanki Gürcüstan dövlətinin mahiyyətini dəyişmək prosesi gedir...

Kotayk və Cavakx uzlaşması

Erməni araşdırmaçılarının fikrincə, onlar Axısqa vilayətində öz mövqelərini gücləndirməklə yanaşı, bu regionu tədricən Ermənistanın Kotayk vilayətinin təsir dairəsinə sala biləcəklər. Bunun üçün iki region arasında kommunikasiya strukturlarının yaradılması, biznes mühitinin inkişaf etdirilməsi, sosial və mədəni sahənin uzlaşdırılması əsas strategiya kimi qəbul edilir.

Yüksək dağlıq region olan bu ərazidə həmin şəbəkənin yaradılması üçün yüzmilyonlarla dollar vəsait xərclənməsi kasıb Ermənistanı öz strateji hədəfindən yayındıra bilmir. Kotayk vilayətinin Axısqa vilayətinə birbaşa çıxışını təmin etməklə ermənilər həm də buradan Acarıstana birbaşa nəqliyyat dəhlizi əldə edəcəklər.

Uzaq hədəfdə Ermənistanın Qara dənizə çıxışının təmin edilməsi uzun illərdir müzakirə olunur. Acarıstanda "turizmin inkişafı" adı altında erməni iş adamlarının buraya daha çox yatırım qoymalarının əsl səbəbi də bu siyasətin dərin köklərinə bağlıdır. İndiki zamanda Kotayk vilayətinin Gürcüstanla həmsərhəd olmasını bəhanə edərək strateji hədəflərə hesablanan bu siyasət ildən-ilə inkişaf etdirilməkdədir.

Gürcüstan hökumətinin yürütdüyü "dövlət liberalizmi" xətti ilə bu gücə necə dirəniş göstərə biləcəyi müəmmalı işdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ermənistanın yeni işğal planı

Cavaxetiyada ermənilərə bir söz deyə bilmirlər

Bölmənin digər xəbərləri
 
BU, OBAMANIN İSTƏDİYİ MÜHARİBƏ DEYİL
Hakim rejimlər ABŞ-a nə qədər yaxın görünürsə görünsün, öz xalqına qarşı cəbr və təzyiqin həddini aşarsa, onları müdafiə etmək mümkün olmayacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər