Liviya hava məkanı BMT Təhlükəsizlik Şurası tərəfindən uçuşa qapalı zona elan edildi. Bu qərarla, deyəsən, diktatorun boğazındakı kəndir bir az da daraldılmış oldu. Bu qərarın sivil xalqı qoruma və xalqın çəkdiyi acılara son qoyulması üçün qəbul edildiyi, Liviyanın hava sahəsinin işğalı anlamına gəlmədiyi bildirilsə də, müxalifəti daha da cəsarətləndirə, diktatorun əl-qolunu bağlaya, onun qovulmasını (yaxud yaxalanmasını) asanlaşdıra bilər.
Bəlli olduğu kimi, Müəmmər Qəddafiyə tabe olan hərbi qüvvələr Benqazi və digər şəhərlərdə müxaliflərin mövqelərinə hava zərbələri endirir, nəticədə dinc əhali arasında tələfat artır. Dünən üçün Benqazi şəhəri atəşə tutulmaqda idi. Şəhər əhalisi BMT TŞ-nin qərarını sevinclə qarşılamış, müxalifətçilər sevinclərini tüfənglərdən havaya atəş açmaqla ifadə etmişlər.
Bu qərarın ardından Liviyanın hava sahəsi Avropa təyyarələrinin uçuşuna qapalı məkan elan edildi. Artıq Avropa təyyarələri bu ölkənin üzərindən uçmayacaq.
ABŞ, Fransa və İngiltərə hərbi-hava qüvvələrinin Liviyaya yönəlik əməliyyatlara hazır olduğu barədə Avropa mediasında xəbərlər dolaşır. Bu əməliyyatların dünən yaxın saatlarda başvermə ehtimalı vardı. Yəni havaya qalxan Liviya hərbi təyyarələri vurulub salına bilər. Lakin BMT TŞ-nin sözügedən qətnaməsi Liviya ərazisinə xarici hərbi yerüstü qüvvələrin yeridilməsini istisna edir. Türkiyə də Liviyada Qəddafiyə qarşı hərəkətlərin BMT qərarı çərçivəsində aparılmasını istəyir. Prezident Abdulla Gül beynəlxalq qərar çərçivəsində hərəkət edilməsini doğru saydıqlarını söylədi. Baş nazir Ərdoğan da Liviya hadisələrinə seyrçi qalmadıqlarını, davam edən toqquşmaların dərhal dayandırılmasını, məsum insanlara qarşı ifrat güc tətbiqinə son verilməsini, Liviya rəsmilərinin məsuliyyətli davranmasını istədiklərini dedi.
Artıq Şimali Atlantika alyansı (NATO) Liviyaya qarşı beynəlxalq hərbi-hava əməliyyatında iştirak etməyə hazırdır. Bu barədə alyansın təmsilçisi Oana Lunqesku Brüsseldə açıqlama vermişdir. Dünən NATO bu qərarın yerinə yetirilməsi üçün özünün fövqəladə iclasına toplaşmışdı. Müəmmər Qəddafiyə tabe olan hərbi obyektlər hava zərbələri ilə sıradan çıxarıla bilər.
Liviya diktatoru Müəmmər Qəddafinin oğlu Seyfəlislam Qəddafiyə (atanın yerinə real namizəd kimi görülürdü) istinadən isə belə bir xəbər yayılıb ki, "Liviya BMT TŞ-nin bu qərarından qorxmur". Lakin az sonra Liviyanın daxili işlər naziri Musa Kusa mətbuat konfransı keçirərək, BMT-nin sözügedən qərarının ardınca dərhal atəşkəs qərarına gəldiklərini elan etdi. Əlavə etdi ki, bu qərar Liviyada sivillərin həyatını qorumaq üçün qəbul edilib. Nazir deyib ki, onlar əcnəbilərin həyatlarını və mallarını da qoruyacaqlar.
Belə nəticəyə gəlmək olar ki, BMT TŞ-nin qərarı Qəddafini bərk qorxudub və bu addımı atmağa məcbur qalıb. Lakin onun nə dərəcədə səmimi olduğu şübhə altındadır. Hər halda, dünən Tripolidən 200 km şərqdə yerləşən, ölkənin üçüncü böyük şəhəri olan Misurata ağır toplardan atəşə tutulmaqda idi. Röyter agentliyi orada 25-ə qədər sivil adamın həlak olduğunu bildirirdi... Xarici şərhçilər Liviya diktatorunun bu addımı atmaqla, sadəcə vaxt udmağa çalışdığını düşünürlər.
|