Xəyyam Nisanov bu ilin yayında Birləşmiş Ştatlara konsert səfərinə hazırlaşır. Reallaşdırmaq istədiyi planları barədə danışarkən dedi:
"Yaxın vaxtlarda Nyu-Yorkda yaşayan həmyerlilərimiz üçün konsert proqramı keçiriləcək. Mən bu konsertin hazırlıqları ilə məşğulam. Ümidvaram ki, həmvətənlərimizin böyük əksəriyyəti həmin konsertdə iştirak edəcək. Sevindirici haldır ki, qeydiyyatda olduğum "Facebook" sosial şəbəkəsində də ABŞ-da yaşayan saysız-hesabsız yurddaşlarımız artıq bu konsertlə maraqlanırlar, öz dəstəklərini əsirgəmirlər".
Söhbət əsnasında öyrəndik ki, müğənninin ABŞ səfəri daha bir yaradıcılıq nailiyyəti ilə əlamətdar olacaq. Belə ki, Xəyyam ABŞ-da yaşayan tanınmış caz ifaçımız Ruslan Ağababayevlə 3 mahnı hazırlayacaq. Aranjimanı məhz Ruslan Ağababayevə aid olan mahnılardan birinə, çox güman ki, klip də çəkiləcək.
Yeniliklərdən ağızdolusu danışan Xəyyam onu da bildirdi ki, tezliklə ən sadiq pərəstişkarlarını və medianı başına toplayıb rus dilində ifa etdiyi mahnıların yer aldığı növbəti albomunun paytaxt klublarından birində təqdimatını keçirəcək. Toplantı "Xəyyam party" adlanacaq.
Xəyyam Nisanov "Yollar" adlı bir yeni mahnı yazdırıb. Mahnının musiqisi Tofiq Bakıxanovundur. "Yollar"ı ilk dəfə dinləyicilər illər öncə virtuoz Azərbaycan cazmeni Vaqif Mustafazadənin adı ilə tarixə düşmüş "Sevil kvarteti"nin ifasında eşidiblər. Retro mahnı indi Xəyyamın ifasında yenilənib. Cazmen Emil Əfrasiyaboğlu tərəfindən hazırlanmış yeni aranjiman bir qədər çağdaş ritmdədir.
|