Bazarların bahalığına qarşı - yarmarkalar
 |
Qiymətə nəzarətçilər təyin edilib
Şənbə, 19.03.2011
|
|
Bayram yaxınlaşdıqca bazarlarda qiymət qalxır. Bu, bizləri artıq təəccübləndirmir. Bayramqabağı qiymətlərin sürətlə bahalaşması bir qanunauyğunluq şəklini alıb. Sözsüz ki, qiymət artımı insanların bayram ovqatını korlayır. Amma neyləməli...
Martın ilk günlərindən başlayaraq Novruz çərəzlərinin qiyməti bahalaşıb. Ötən il 7 manata olan qoz ləpəsi bu il 11 manata qədər bahalaşıb. Şirniyyat üçün istifadə olunan Rusiya istehsallı yağlar 2 manat 50 qəpiyə, Yeni Zelandiya yağı 5 manat 90 qəpikdən 6 manat 40 qəpiyə qədər dəyişir. Şəkərin kiloqramı 1 manat 10 qəpiyə, un 60 qəpiyə qədər bahalaşıb.
Novruz süfrəsində ən çox istifadə olunan düyü isə 1 manat 20 qəpik-2 manat arasında dəyişir. Toyuq yumurtasına gəlincə, son bir həftədə bu məhsulun qiyməti 12-15 qəpiyə qədər ucuzlaşıb. Fevralın 21-dən 1 ədəd yumurta bazarda 25 qəpiyə qədər bahalaşmışdı. Prezidentin müdaxiləsindən sonra qiymətlər təxminən 70 faiz düşdü.
Meyvə-tərəvəz bahalaşmaqda davam edir. Məsələn, portağalın kq-ı 3 manat, armud 2 manat, almanın kq-ı 1.50 qəpikdən başlayır. Amma bayram süfrəsinə yaraşıq verəcək çürüksüz almanın kilosunu 2-3 manatdan aşağı almaq mümkünsüz... Xiyar 1.50, pomidor 2-3 manat, soğan 1 manat, kartof isə 90 qəpiyə...
Qiymətləri qaldıranlar cəzalanacaq?
İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Huquqlarının Müdafiəsi Dövlət Xidməti bəyan edir ki, istehlak bazarında süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinq və araşdırmalar davam edir. Nazirlik mətbuat xidmətinin məlumatına görə, son günlərin monitorinqləri zamanı duru yağların 5-6 faiz, şəkərin 4 faizədək, şəkər tozunun 5-6 faiz, yumurtanın 50 faizədək, toyuq ətinin 15 faizədək, süd məhsullarının isə 2-4 faiz ucuzlaşması qeydə alınıb.
Bundan başqa, kartofun 15 faizədək, soğanın 10 faizədək, sitrus meyvələrinin isə 15-20 faiz ucuzlaşması müşahidə edilib.
Sözügedən xidmətin rəisi Zahid İsayevin sözlərinə görə, araşdırmalar zamanı başqa ölkələrdə analoji məhsulun qiymətinə diqqət yetiriləcək. Dövlət xidməti əbəs yerə başqa ölkələrdə satılan məhsulların qiymətləri ilə müqayisələr aparmır. İlkin müqayisə göstərib ki, Azərbaycanda yerli istehsal olsa da, yumurta və toyuq əti əksər ölkələrlə müqayisədə bahadır. Məsələn, yumurta Almaniyada manatla 10, İsveçrədə 13, Amerikada 10, Hollandiya və Türkiyədə 10, İranda 8, Gürcüstanda isə 13 qəpikdir. Toyuq ətinə gəldikdə, qiymətlər belə formalaşır: Almaniyada 2,40, İsveçrə 2,20, ABŞ-da 2,70, Rusiyada 3,30, Hollandiyada 2,96, Türkiyədə 1.70, İranda 2,20, Gürcüstanda isə 2,80 manatdır. Başqa sözlə, bu ölkələrlə müqayisədə Azərbaycanda toyuq əti xeyli baha - 3.20-3.70 manatdır. ABŞ-da bananın 1 kilosu 60 qəpiyə, alma 70 qəpiyədir.
Zahid İsayev xəbərdarlıq edir: monitorinqlər zamanı süni qiymət artımı aşkar olunarsa, həmin şəxslər qanunvericiliyə uyğun olaraq cəzalandırılacaq. O deyir:
"Süni qiymət artımına yol vermiş şəxslərə qarşı həmin o süni qiymətə artım sahəsində əldə olunmuş əlavə vəsaitin büdcəyə alınması, qiymətlərin aşağı salınması barədə göstərişlərin verilməsi, müqavilənin şərtləri dəyişdirilməsi barədə göstərişin verilməsi tətbiq ediləcək. Bunlara əməl etmədikdə maliyyə sanksiyalarına baş vurulacaq. Daha ciddi pozuntular olsa, sənədələr hüquq-mühafizə orqanlarına göndəriləcək".
Bayram yarmarkaları təşkil ediləcək
Bayram ərəfəsində Bakıda paytaxt İcra Hakimiyyəti və İİN birgə bayram yarmarkaları təşkil edəcək. BŞİH Ticarət Departamenti mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun bildirdiyinə görə, yarmarkalar Bakının bütün rayonlarında: "Bakı" kinoteatrı yaxınlığında, Yasamal rayonunda Rabitə və Nəqliyyat Kollecinin arxasında, Dərnəgüldə yerləşən peşə məktəbinin ərazisində, 3-cü mikrorayonda yerləşən Kəndli Bazarında, metronun "Gənclik" stansiyasının Tofiq Bəhramov adına stadionu çıxışında və Yaşıl Bazarda keçiriləcək. Onu da qeyd edək ki, yarmarkaların digər yerlərdə təşkil ediləcəyi istisna olunmur.
Əliabbas Bağırov onu da qeyd etdi ki, bayram yarmarkalarına həm kənd təsərrüfatı, həm də digər yeyinti məhsulları çıxarılacaq, bayram sovqatları satılacaq. Balıq, toyuq və ət məhsullarına tələbatın artması nəzərə alınaraq, bu növ məhsulların satış həcmi daha artıq olacaq. Yarmarkaların əsasən də istirahət günləri daha intensiv olacağını deyən Ə.Bağırov qiymətlərin bazar qiymətlərindən ucuz olacağını vurğuladı.
KTN də yarmarkalardan söz salır. Şöbə müdiri Sabir Vəliyev də bildirdi ki, Bakının müxtəlif yerlərində yarmarkalar təşkil olunacaq. Onun sözlərinə görə, yarmarkalarda məhsulların qiyməti bazar qiymətindən 20-30 faiz aşağı olacaq. Hər bazarda qiymətlərə nəzarətçilər təyin olunub. Satış yarmarkalarının təşkilində məqsəd - bazarlarda bayramqabağı süni qiymət artımının qarşısını almaqdır. Sabir Vəliyev deyir: "Bayram yarmarkasında məhsullar həm keyfiyyətinə, həm də qiymətinə görə bazardan fərqlənəcək. Rayonlarda icra hakimiyyəti başçılarına tapşırılıb ki, yerlərdən məhsulların daha çox gətirilməsini təşkil etsinlər".
|
|
|
Oxşar xəbərlər:
İlham Əliyev Barak Obamaya təbrik məktubu göndərib
Daha bir tarixi bina sökülə bilər
İçərişəhər Yeni ilin gəlişinə hazırlanıb
İlham Əliyev xalqı Qurban bayramı münasibətilə təbrik etdi
"Xalq diplomatiyası": Olsun, olmasın?
|
|
|