Dünya bazarında neftin bahalaşması ilə bağlı mayda dövlət büdcəsinə əlavə və dəyişikliklər nəzərdə tutulur. 2011-ci ilin dövlət büdcəsində neftin qiyməti 60 dollardan götürülsə də, hazırda dünya birjalarında Azərbaycan neftinin 1 barreli 115 dollara satılır. Bəzi ekspertlər isə ərəb ölkələrində baş verən inqilablarla əlaqədar "qara qızıl"ın qiymətinin 200 dollara qədər bahalaşacağını proqnozlaşdırır.
Deməli, hökumətin batmış əmanətləri qaytarmaq üçün iqtisadi potensialı olacaq. Yeri gəlmişkən, mayda büdcənin ən çox sosial xərclər hissəsinin artırılacağı və batmış əmanətlərin qaytarılması üçün də vəsait ayrılacağına dair fikirlər səsləndirilir. Odur ki, sovet dönəmində vətəndaşların banklarda batmış əmanətlərinin qaytarılacağı məsələsi gündəmə gəlib.
Hökumət əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildən öhdəlik götürüb. 1992-ci il yanvarın 1-nə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rublu təşkil edib.
Bəzi ekspertlər büdcədən əmanətlərin qaytarılmasına vəsait nəzərdə tutularsa, bu zaman müvafiq qanun layihəsinin hazırlanmasını vacib sayırlar. Yalnız hüquqi baza formalaşdırılandan sonra əmanətləri qaytarmaq mümkün bilinir. Əmanətlərin qaytarılmasında mövcud problemlərdən biri kimi məcburi köçkün olan vətəndaşlarımızın əmanət kitabçalarının işğal olunmuş ərazilərdə qalmasını və bir sıra əmanətlər üzrə arxiv materiallarının məhv olması da göstərilir. Əmanətlərin qaytarılması ilə bağlı digər problem prosesə başlanılacağı halda sovet dövründə Azərbaycanda yaşamış, hazırda isə işğal edilmiş ərazilərdə yaşayan və eləcə də buradan Ermənistana köç edən ermənilərin öz əmanətlərini geri tələb etməsi ehtimalıdır.
Mütəxəssislər bildirirlər ki, sovet əmanət kitabçalarının təhlükəsizlik kodları olmasa da, əmanətlərin arxivini elektronlaşdırmaqla problemi həll etmək olar. Eyni zamanda, ekspertlərin qənaətincə, əmanətlərin qaytarılması ilə bağlı ənənəvi problemlərdən qaçmaq üçün prosesi mərhələli şəkildə həyata keçirmək lazımdır. Mərhələlər etnik ermənilərin əmanətlərini tələb etməsi və məcburi köçkünlərin əmanətlərinin qaytarılması ilə bağlı problemləri həll etməyə imkan verər.
İqtisadçı ekspert Nazim Məmmədov isə hesab edir ki, əmanətləri qaytarmaq işinin tənzimlənməsi üçün ayrıca bir qanuna ehtiyac yoxdur. Çünki hələ 1995-ci ildə batmış pulların qaytarılması üçün prezident qərar qəbul edib və Nazirlər Kabinetinə göstəriş verib. 2005-ci ildən bəri iki dəfə dövlət başçısının bununla bağlı göstərişi olub.
N.Məmmədovin qənaətincə, əmanətlər daxili borc kimi tanınaraq, onun aşağı və yuxarı həddi "Büdcə sistemi haqqında" qanuna uyğun şəkildə müəyyən edilə bilər. Maliyyələşmə isə Maliyə Nazirliyinin səlahiyyətində olan məsələdir:
"Nazirlər Kabineti qərar qəbul edib, həm indeksasiyası ilə bağlı son sözünü deməli, həm də onu daxili borc kimi qəbul etməlidir. Fikrimcə, ayrıca qanuna ehtiyac yoxdur. Qanunun qəbulunu vacib sayan ekspertlər, əslində, çaşqınlıq yaradır. Belə fikirlər daha çox əmanətlərin qaytarılmamasına xidmət edir".
İqtisadçı hesab edir ki, batmış əmanətlər təqribən 1,5 milyard manat civarında indeksasiya olunsa, daha ədalətli olar. Həmin vəsaiti ildə 200 milyon manat olmaqla 7-8 il ərzində qaytarmaq mümkündür.
MM Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyir ki, ölkənin iqtisadi imkanları sovet dövründən banklarda qalmış əmanətləri qaytarmağa imkan verir. Amma o da prosesin yubanmasının əsas səbəbi kimi "hüquqi mexanizmin olmamasını" (?) göstərir.
Məcburi köçkün əmanətçilərlə bağlı problemin həlli istiqamətində tədbirlərdən danışarkən xatırlatdı ki, bu məsələ də əmanətlərin qaytarılmasına müəyyən əngəllər yaradır. Müharibə dövründə bəzi rayonların arxiv sənədləri yandığından kimin nə qədər əmanətə sahib olduğu qaranlıqdır. Millət vəkili əlavə etdi ki, hazırda bu problem həll edilir və köçkün əmanətçilərin siyahısı dəqiqləşdirilir:
"Milli Məclisdə hökumətin hesabatında əmanətlər məsələsinə də toxunulub və sənəddə göstərilib ki, aidiyyəti qurumlar bu istiqamətdə zəruri işlər aparırlar. Hesabatda müvafiq orqanlar tərəfindən hazırda əmanətlərin qaytarılması üçün hüquqi mexanizm hazırlandığı da vurğulanır. Bununla yanaşı, hesab edirəm ki, hökumət Milli Məclisdə hesabatı zamanı məsələyə bir daha aydınlıq gətirəcək və detallar ictimaiyyətə açıqlanacaq".
|