Baş Prokurorluq və İİN mətbuat xidmətləri yumurtanın qiymətinin süni artımı ilə mübarizə tədbirlərinə dair birgə məlumat yayıb. Qeyd olunub ki, İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yumurta istehsalı və satışında vəziyyət araşdırılmış və pərakəndə satış qiymətlərinin hər on ədəd üçün 2010-cu ilin mart ayında 0,93 manat təşkil etdiyi halda, 2010-cu ilin dekabr ayınadək bu qiymətlərin tədricən 1,61 manata kimi artması müəyyən edilib. Bundan sonra, son iki ayda pərakəndə satış qiymətlərində kəskin artım baş verib. Fevral ayının 1-dən martın 3-dək olan müddət ərzində isə artım daha çox olub və on ədəd toyuq yumurtasının qiyməti 1,61 manatdan 2,28 manatadək artaraq 0,67 manat bahalaşıb.
Araşdırmalar göstərib ki, yumurta bazarında əsas paya malik olan şirkət və fərdi sahibkarlar məhsullarının qiymətlərini eyni vaxtda qaldırıblar. Nəticədə pərakəndə satış qiymətlərində də fevral-mart ayları ərzində 41,6% artım baş verib. Bununla da bu təsərrüfat subyektləri tərəfindən razılaşdırılmış hərəkətlərə (kartel sövdələşməsinə) yol verilməklə, "Antiinhisar fəaliyyəti haqqında" qanununun 8-ci və 10-cu maddələrinin tələbləri pozulub.
İstehsalçılar razılaşdırılmış hərəkətlər əsasında qiymətləri eyni vaxtda bahalaşdırmaq hesabına istehlakçıların mənafeyinə zərər vurmaqla qanunsuz olaraq külli miqdarda üstəlik mənfəət əldə ediblər. Odur ki, araşdırmanın nəticələri ilə bağlı materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Baş Prokurorluğa göndərilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılmış araşdırma zamanı toplanmış materialda CM 199-cu (inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinin əlamətləri müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.
Baş Prokurorluq və İİN bəyan edib ki, aidiyyati dövlət orqanları bundan sonra da iqtisadi fəaliyyət sahəsində olan cinayətlərin, o cümlədən inhisarçılığın, istehlak bazarında digər məhsulların pərakəndə və topdansatış qiymətlərinin süni şəkildə artırılmasının qarşısının alınması, həmin halları doğuran səbəb və şəraitin müəyyən edilməklə aradan qaldırılması və bu sahədə üzərinə düşən vəzifələri dövlət tərəfindən göstərilən etimad səviyyəsində yerinə yetirmək istiqamətində zəruri tədbirlər görəcəklər.
|