İqtisadiyyata fəlsəfənin gözü ilə baxanda
|
Professor Tofiq Quliyevin yeni kitabı haqda bir neçə söz
Şənbə, 12.03.2011
Xanhüseyn Kazımlı |
mətn ölçüsü |
|
|
|
Tanınmış iqtisadçı alim, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi T.Ə. Quliyevin "İqtisadi məntiq" adlı yeni kitabı işıq üzü gördü. Tofiq Quliyev öz elmi əsərləri ilə nəinki Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda da tanınmışdır. Hələ 1967-ci və 1974-cü illərdə Moskvanın məşhur "Mısl" nəşriyyatında T.Ə. Quliyevin "Sosializm cəmiyyətində mənafelər problemi" və "Sosializmdə əməyin reduksiyası" adlı iki monoqrafiyası çap olunmuşdur. O dövrdə çox az iqtisadçı belə bir nəşriyyatda çap oluna bilərdi. T.Ə.Quliyevin elmi əsərləri indi də seçilən nəşriyyatlarda çap edilir. Son illər ərzində T.Ə.Quliyevin "Əməyin sosiologiyası", "İqtisadi nəzəriyyənin paradoksları", İqtisadi sinergetika", "İnflyasiyanın anatomiyası", "Tənzimlənən bazar iqtisadiyyatı" kimi monoqrafiyaları, kitabları və çoxsaylı məqalələri işıq üzü görmüşdür. Bu gün professor T.Ə.Quliyev 28 monoqrafiya, kitab, dərslik və 500-dən çox elmi məqalənin müəllifidir.
Müəllifin yeni dərc edilmiş "İqtisadi məntiq" adlı 28-ci monoqrafiyası iqtisadi düşüncəyə və məntiqi ardıcıllığa əsaslanan, mövcud iqtisadi hadisələrin daha geniş şəkildə açıqlanması ilə bağlı mürəkkəb məsələlərə həsr olunub.
Oxuculara müraciət edərək professor T.Ə.Quliyev yazır: "Bəzən bir problemin mahiyyətinə varmadan biz sonsuza qədər həqiqət axtarırıq. Burada, sözsüz ki, heç də az əhəmiyyət kəsb etməyən hadisələr, proseslər və amillər arasında yaranan ötəri vəziyyət nəticəsində səbəb nəticəyə, nəticə səbəbə, həqiqət isə uydurmaya çevrilə bilər. Səbəb və nəticə arasında birbaşa əlaqə mövcuddur, eyni zamanda hadisələr arasında, əsasən də iqtisadi hadisələr arasında səbəb - nəticə əlaqələri mövcuddur. Aristotelin ifadəsi ilə desək, biz böyük həqiqətlərdən danışırıq, amma hələ bu həqiqətləri doğuran səbəbləri bilmirik".
Bu həqiqətləri doğuran səbəbləri araşdırmaq üçün müəllif öz qarşısına çox mürəkkəb bir vəzifənin həllini qoymuşdur - iqtisadi proseslərdə kəmiyyət və keyfiyyət dəyişkənliyində prosesləri və iqtisadi qanunauyğunluqları nəzərdən keçirmək və onları məntiqi cəhətdən anlamaq. Qeyd etmək lazımdır ki, müəllif bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.
Məlumdur ki, tarix baxımından məntiq fəlsəfi strukturdan irəli gəlir, ona görə də o həm də fəlsəfə elmi ilə sıx bağlıdır. İqtisadi məntiq özünün əhəmiyyətli daxili və xarici qanunauyğunluqlarına, məntiqi fəndlərinə, təhlilə və sintezə malikdir. Məntiqin predmetini rasional məntiqi formalarının seçimi, iqtisadi, sosial düşüncələr, iqtisadiyyatda bu və digər hadisələrin və proseslərin düzgün və rasional öyrənilməsi təşkil edir.
Buna görə də müasir şəraitdə məntiqi yanaşmaları nəzərə almaq şərtilə, iqtisadiyyatda baş verən proseslərin elmi-məntiqi nöqteyi-nəzərdən əsaslandırılması və iqtisadiyyatda səmərəlilik, tarazlılıq arasında funksional qarşılıqlı əlaqələrin gözlənilməsi böyük əhəmiyyət kəsb edir.
Buna əsasən demək olar ki, hər bir iqtisadi sistem öz modellərinə, fəaliyyət göstərmə prinsipi və ardıcıllığına, deməli, öz iqtisadi məntiqinə malikdir. Burada əsas rolu iqtisadi hadisələrin və proseslərin məntiqi cəhətdən əsaslandırılması və izahı oynayır. Qeyd olunan konteksdə əsas rolu iqtisadi nəzəriyyə oynayır ki, o, iqtisadiyyatın rasional fəaliyyət göstərməsi üçün yolların konsepsiyalarının müəyyən olunmasına təminat verməlidir. Bu da öz növbəsində iqtisadiyyatda baş verə biləcək və mövcud problemlərin dərk olunmasını və araşdırılmasını tələb edir. Məhz nəzəriyyə məntiqi nəzərə almaq şərti ilə təklif olunmuş elmi yeniliklərin təsərrüfatçılıq təcrübəsinə tətbiqinin elmi cəhətdən əsaslandırılmasını və məqsədyönümlülüyünü təmin edir. Bununla əlaqədar, Pol Heynin sözünü yada salmaq məqsədəuyğun olardı. O yazırdı:
"Nəzəriyyə olmadan biz iqtisadi problemlərin bir-birinə keçməsi şəraitində kor-koranə olaraq, münaqişəli fikirlərin və bir-birini inkar edən praktiki tövsiyələrin mövcud olduğu şəraitdə müəyyən məsələlərin həll yollarını tapmalı olardıq".
Buna görə də T.Ə.Quliyev haqlı olaraq hesab edir ki, iqtisadi nəzəriyyə mürəkkəb iqtisadi proseslərlə əlaqədardır ki, bu da öz növbəsində məntiqi mülahizə, isbat üsulunu və vasitələrini tələb edir.
Qeyd etmək lazımdır ki, hər hansı bir nəzəriyyə, xüsusilə iqtisadi nəzəriyyə, elmi nəzəriyyə funksiyasını o zaman icra edir ki, o, məntiqi dəqiqliyə və məntiqi ardıcıllığa malik olsun. Bu mənada iqtisadi nəzəriyyə özlüyündə təkcə dərk olunan xarakter daşımalı deyil, eyni zamanda müəyyən mənada real iqtisadi proseslərlə müqayisə oluna bilən olmalıdır. Burada, alimin fikrinə görə, həm də zəruri olan iqtisadi münaqişələr və proseslər arasında optimal məntiqi əlaqənin mövcudluğudur. Bu məsələdə subyektivizmə, volyuntarizmə və birtərəfli məhdudiyyətə yol vermək olmaz.
Bir sözlə, professor T.Ə.Quliyevin fikrincə, mövcud olan reallığın əks olunmasının məntiqi forması və məzmunu funksional-struktur asılılığı formasında bir-birinə uyğun gəlməlidir. Ona görə də məntiq rasionallıq və rasional seçim konsepsiyaları, nəzəriyyələri istiqamətində inkişaf etməlidir. Yalnız bu halda məntiqin nəzəri-metodoloji aspekti cəmiyyət, millət üçün yararlı ola bilər. Lakin müəllif haqlı olaraq qeyd edir ki, nəinki təcrübədə, eyni zamanda nəzəri-metodoloji planda da məntiqi düşüncə, təfəkkür iqtisadi düşüncəyə qarşı qoyulur, çünki burada əsas məqsəd dərk etmək deyil, sadəcə, öyrənməkdir. Qlobal iqtisadiyyatda vəziyyəti gərginləşdirən bu kimi qeyri-müəyyən "qanunauyğunluqlar" qaydasızlıq və fəlakət yaradır, cəmiyyətin sosial həyatında məntiqi əlaqəni əhəmiyyətli dərəcədə zəiflədir. Burada biliklərin strukturu düşüncənin, mülahizənin məntiqi strukturu ilə uyğun gəlməlidir. Bir tərəfdən ağlın nəticəsi, digər tərəfdən isə motivləşdirmə və mənafelərin forma və strukturu da burada nəzərə alınmalıdır, - deyə müəllif qeyd edir. Bununla da razılaşmamaq olmaz.
Bununla bağlı T.Ə.Quliyevin bu fikirləri ilə razılaşmaq olar ki, hər bir həqiqət bütün hallarda məntiqi dərketmə ilə uyğunluq təşkil etmir. Pozitiv məntiq ilə həqiqət məntiqi biliyin inkarı ola bilər. Bu cür inkaretmə həqiqətin inkar olunması demək deyil, bu, inkişaf edən məntiqin məntiqi əsaslarının inkarı deməkdir. Burada real proseslərin və hadisələrin məntiqi məzmunu yanlış xarakter daşıyır. Ona görə də bu halda biliklərin özü avtonom halda iqtisadi proseslər, hadisələr arasında ümumi və zəruri məntiqi əlaqələri təmin edə bilməz.
Bu və digər iqtisadi problemlərin işlənməsində məntiqi məsələlərə baxdıqda müəllif haqlı olaraq qeyd edir ki, iqtisadi proseslər bizim düşüncəmizin məhsulu deyil, lakin biliklər onların dərk olunmasına imkan yaradır. Digər tərəfdən, iqtisadi biliklər və iqtisadi reallığı bu halda bir-birinə qarşı qoymaq olmaz. Biliklər, onların dərk olunması bərabər şərait daxilində məntiqi mülahizələrin inkişafına səbəb olmalıdır, eyni zamanda düşüncənin dərketmə funksiyasını stimullaşdırmalıdır.
Bir sözlə, iqtisadiyyatın bütün səviyyələrində iqtisadi strategiyanın işlənməsində həlledici rolu iqtisadi məntiq oynayır. Bu isə yüksək səviyyəli iqtisadi düşüncənin, təfəkkürün, bu və digər iqtisadi vəziyyətin mövcudluğunun müntəzəm dərk olunmasını nəzərdə tutur.
Məlumdur ki, düşünmə beynin funksiyasıdır. O, yalnız insanların sosial, ictimai-istehsal fəaliyyəti prosesində yaranan hissetmənin, dərketmənin və təsəvvürün əsasında inkişaf edir və edə bilər..
|
|
|
|
|
|
|