Neft paytaxtları bahalı şəhərlərə çevrilir
 |
Bakı - dünya siyahısında 29-cu şəhər
Şənbə, 12.03.2011
|
|
Son bir neçə ildə ərzaq məhsullarının, kommunal xərclərin, nəqliyyatın, enerji daşıyıcılarının qiymətləri artmaqda idi. Bir sözlə, Azərbaycanda yaşayış indi bahalı olub. Təsadüfi deyil ki, Bakı dünyanın bahalı şəhərlərinin reytinqini tərtib edən "ECA İnternational" konsaltinq şirkətinin cədvəlində 29-cu ən bahalı şəhər statusunu qazanıb. Bakı keçən il bu siyahıda 49-cu yerdə idi. Cəmi bir ildə 20 pillə irəliləyib. Bu hal onu deməyə əsas verir ki, il ərzində maaş və müavinətlərin cüzi artımı nəticəsində insanların yaşayış səviyyəsi xeyli düşüb.
Maliyyə və iqtisadi araşdırmaları ilə məşhur olan "Daily Finance" jurnalı isə dünyanın ən zəngin ölkələrinin yeni siyahısını dərc edib. Bu siyahıda ilk yeri Lüksemburq tutur. Bu ölkədə adambaşına düşən milli gəlir 58 810 dollar, oxumaq-yazmaq səviyyəsi 99%, işsizlik səviyyəsi 4,8%, ümumdaxili hasilatdan təhsilə düşən pay isə 3,7% təşkil edir. Norveç Lüksemburqdan çox da geridə qalmır. Bu ölkədə adambaşına düşən milli gəlirin həcmi 55 190 dollardır. Üçüncü yerdə - Küveyt qərarlaşıb. Burada adambaşına milli gəlirin səviyyəsi 53 390 dollardır. Siyahıda sonrakı yerləri Makau (Çin), Bruney, Sinqapur, ABŞ, Honk-Konq, İsveçrə və Hollandiya tutur.
Bakı dünyanın ən bahalı şəhərləri arasında yuxarıya doğru irəliləsə də, ölkəmiz zəngin dövlətlər siyahısına heç yaxın da düşə bilməyib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz zənginlər arasında olmasa da, bahalığa görə onlardan öndədir. Belə şəraitdə ölkə vətəndaşlarının yaşam səviyyəsini təsəvvür etmək heç də çətin deyil...
Bu hal təəccüblü görünmür
Bakının bahalı şəhərlər siyahısına daxil olması təəccüblü görünmür.
Adətən neft şəhərləri bahalı şəhərlər siyahısına daxil olur. Neft ölkələrinin paytaxtlarının az qala hamısı bahalı ölkələr siyahısına daxildir. Neftdən gələn pulların həcmi isə daim artmaqdadır. Eyni zamanda, neft şəhərlərində adətən iri neft şirkətləri fəaliyyət göstərir və bu şirkətlər həmin şəhərlərdə qiymət artımının əsas səbəblərindən biri kimi xarakterizə edilir. Çünki onlar adətən xeyli baha mənzillərdə qalır, daha çox icarə haqqı ödəyirlər. Nəticədə xeyli bahalı xidmətlərə tələbat formalaşır. Bütün bunlar Bakının da yaşam gerçəkliyidir. Bakıda əcnəbi şirkətlər də, əcnəbilər də bolluq təşkil edir.
Bakını xaricilər üçün baha edən əsasən yaşayış xərcləridir. Otelə düşən əcnəbi bir gecə üçün az qala dünyanın ən bahalı şəhərlərindəki mehmanxana qiymətinə bərabər pul ödəməli olur. Odur ki, paytaxtımız dünyanın ən bahalı şəhərlərindən biri statusunu qazanıb. Bakının bu siyahıda olması təkcə istirahət mərkəzləri və otellərin qiymətindən asılı deyil. Ölkəmizdə qiymətlər indeksi MDB-də ən bahalı qiymət indeksiylə hesablanmasına baxmayaraq, Bakıda bir çox məhsullar Mərkəzi və Şərqi Avropa ölkələrindən 2-3 dəfə bahadır. Əgər bu gün Berlində 40 min avroya 3 otaqlı mənzil almaq mümkünsə, Bakının mərkəzində bu pula 2 otaqlı mənzil tapmaq müşküldür.
İqtisadçı Vüqar Bayramov müqayisə edir: Bakıda mənzilin satış qiyməti və kirayəsi Çexiyanın paytaxtı Praqa ilə müqayisədə təxminən 40 faiz çoxdur. Eləcə də, Bakıda mənzilin qiyməti Avstriyanın paytaxtı Vyana ilə müqayisədə eynidir. Onun fikrincə, Bakıda mənzilin icarə haqqının və mənzilin qiymətinin Avropa şəhərləri səviyyəsinə çatması və bir sıra hallarda həmin səviyyəni ötməsi obyektiv səbəblərlə izah edilə bilməz. Çünki Avstriyada orta aylıq əməkhaqqı Azərbaycanla müqayisədə təxminən 8 dəfə çoxdur. Odur ki, orada mənzilin qiymətinin müəyyən obyektiv səbəblərə əsaslanan yüksəkliyi anlaşılandır. Bakıda isə 2004-cü ildən sonra daha çox inkişaf meyillərinin müşahidə edilməsinə baxmayaraq, bir sıra hallarda xidmətlərin qiymətinin süni şəkildə şişirdilməsi problemi aşkardır. O deyir:
"Baxmayaraq ki, məhz özəl sektorda əməkhaqqının artması nəticəsində daha bahalı xidmətlərə tələbat yaranıb, amma bütün hallarda qlobal böhrandan sonra mənzillərin qiymətinin kəskin azalmaması Bakıda mənzillərin qiymətinin saxlanmasında müəyyən subyektiv amillərin rolundan xəbər verir. O cümlədən, mənzillərin qiymətinin aşağı düşməsində maraqlı olmayan qruplar var".
Amma bu gerçəklik də var: Bakının bahalı şəhər olmasından orta və aşağı təbəqəli vətəndaşımız əziyyət çəkir. Məsələ ondadır ki, istehlak mallarının qiyməti əhalinin gəlir səviyyəsiylə uyğunlaşmır. Gəlir səviyyəsiylə istehlak mallarının qiyməti arasında kəskin fərq var. Şəhər bahalı olduğundan, xidmətlər, ərzaq və sənaye məhsullarının qiyməti yüksək olduğundan heç də bütün insanlar həmin xidmətlərdən istifadə imkanına malik deyildir.
Ölkədə orta aylıq əməkhaqqının son illər artmasına baxmayaraq, hələ də onun Bakının qiymətlər səviyyəsinə uyğun olmadığı göz önündədir. Belə ki, qiymətlərin artması fonunda əməkhaqqının daim kəskin yüksəlməsi olduqca vacibdir. Vüqar Bayramov:
"Əgər orta aylıq əməkhaqqında artımlar davam edərsə, kəskin addımlar müşahidə olunarsa, təbii ki, Bakının bahalı şəhər olmasının mənfi fəsadlarını azaltmaq mümkündür..
|
|
|
Oxşar xəbərlər:
ÜTT-yə üzvlük inhisarçı məmurların biznesinə zərbə vuracaq
BVF bankların sayını azaltmağı tövsiyə edir
Kənd təsərrüfatı axsayır və axsayacaq
Bananın ən baha satıldığı ölkə - Azərbaycandır
Ötən il 298 ton keyfiyyətsiz ərzaq məhv edilib
|
|
|