Mütəxəssislər təsdiq edirlər ki, Bakıda inşa olunmuş hündürmərtəbəli yaşayış binalarının əksəriyyətində memarlıq, şəhərsalma, tikinti normaları ilə bağlı çoxlu problemlər var. Binaların əksəriyyətində kommunal xidmət qurğuları yoxdur. Binalara qaz xətləri çəkilsə də, daxili şaxta və havatəmizləyici sistem olmadığından qaz verilmir.
Dövlət Tikinti və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyir ki, hətta çoxmərtəbəli binaların, insanların kütləvi şəkildə istifadə etdikləri obyektlərin bir çoxu təsadüfi, tikinti sahəsində müvafiq bilik və təcrübəyə malik olmayan şəxslər tərəfindən inşa edilib. Dövlət ekspertizasından keçməyən, heç bir kommunal şəraiti olmayan və kommunikasiya xətlərinə qoşulmayan yaşayış evlərinin istismara verilməsi halları çoxalıb. Eləcə də, son illər paytaxtda yanğın hadisələri zamanı texnikanın əraziyə daxil ola bilməməsi həmin binalarda texniki şərtlərdən kənara çıxmaların əyani göstəricisidir.
C.Qocayevin sözlərinə görə, bir çox şirkətlər hələ də sovet dövründən qalma köhnəlmiş normativlərlə işləyir. Şirkətlər 5 və 9 mərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmuş qaydalardan 12, 14, 16 mərtəbəli yaşayış binalarının tikintisində istifadə edirlər.
Tikinti şirkətlərinin, demək olar ki, böyük əksəriyyəti mərkəzi istilik sistemləri yaratmır. Yəni onlar binanın istiliklə təmin olunması üçün mikroqazanxana tikmirlər. Halbuki bütün Avropa və Asiya dövlətlərində isitmə sistemi qazanxanaların iş fəaliyyəti ilə təmin edilir. Bəzi şirkətlərin tikinti-quraşdırma işlərində normalara və qaydalara, istifadə olunan tikinti materiallarının standartlara uyğunluğuna riayət etmədiyi də əsas iradlar sırasındadır. Burada armaturun, sementin, beton qarışığının, dəmir konstruksiyaların və digər inşaat materiallarının normalardan az olması daha çox müşahidə olunur.
Heç kəs güzəşt gözləməsin
Texniki müayinələr zamanı məlum olub ki, binaların bir çoxunun 6-7 ballıq zəlzələyə davam gətirəcəyi müəyyən tərəddüdlər yaradır. FHN artıq bir neçə şirkətin tikdiyi binaların etibarlılığına şübhə ilə yanaşdığından onların təkrar ekspertizadan keçməsini tələb edir. Bu şirkətlərin inşa etdiyi 100-ə yaxın bina yaşayış üçün təhlükəli sayılır.
Beləliklə, martın 1-dən başlayaraq tikinti sektorunda yeni qaydalar tətbiq olunur. Normativləri pozan şirkətlərə qarşı sərt cəza tədbirləri görüləcək. FHN artıq şirkətləri xəbərdar edib. Mövcud nöqsanları düzəltmək tələb olunur. İndiyədək inşaat işlərində bir çox tələbləri yerinə yetirməyən, yaxud normativlərə orta səviyyədə riayət edən şirkətlərə bundan sonra güzəşt edilməyəcəyi bildirilib. Tələblərə əməl etməyən şirkətlər barəsində materiallar hüquq-mühafizə və məhkəmə orqanlarına göndəriləcək.
|