Gömrükdə və digər sahələrdə nəzarətin gücləndirilməsi və islahatlardan sonra ekspertlər avtomobillərin 15 faiz ucuzlaşacağını proqnozlaşdırır. Gömrük sistemində mövcud problemləri aradan qaldırmaq məqsədilə "bir pəncərə" prinsipinin tətbiqinə başlanıb ki, bu da avtomobil bazarında qiymətlərin dəyişməsinə gətirib çıxarıb. Deyilənlərə görə, hazırda avtomobillərin qiymətində müəyyən azalmaların müşahidə olunması tələbatın azalması ilə deyil, gömrük sistemindəki dəyişikliklə bağlıdır. Çünki avtomobillərə tələbat dəyişməyib. Eyni zamanda, təklifin artdığı da müşahidə edilmir. Gömrük sistemində yeni qaydaların tətbiqi, müşahidə edilən tendensiyalar avtomobillərin qiymətlərində azalmaların davam edəcəyini söyləməyə əsas verir.
Ekspertlər düşünürlər ki, gömrük sənədləşdirməsinin asanlaşması, dövlət nömrə nişanlarının alınma prosedurunun yüngülləşməsi avtomobil idxalını stimullaşdıracaq. Martdan başlayaraq ölkəyə daxil olan avtomobillərin sayında artım müşahidə ediləcək. Təklifin artması isə qiymətlərə təsirsiz ötüşməyəcək. Beləliklə də yaxın aylarda avtomobillərin qiymətlərinin 15 faiz düşməsi gözləniləndir. Özü də bu azalma həm Avropada istehsal edilən avtomobillərə, həm də Rusiya maşınlarına aid olacaq.
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi belə düşünmür. Onlar alıcıları bu tip spekulyativ açıqlamalara uymamağa çağırır. Birlik hesab edir ki, bu kimi açıqlamalar bazardakı mövcud vəziyyətə mənfi təsir göstərir və onsuz da son illərdə ciddi itkilərə məruz qalan sahə üzrə kiçik və orta sahibkarlara ziyan vurur, bazarda dinamikanı aşağı salır.
Açıqlamada deyilir ki, bu kimi situasiyalarda qiymətlərdə 15 faiz azalma hətta nəzəri baxımdan mümkün deyil. Birliyin apardığı tədqiqatlar göstərir ki, gömrük rüsumlarının 15 faiz azalması avtomobilin qiymətinin 15 faiz enməsi kimi anlaşıla bilməz. Ölkəmizdə gömrük rüsumları avtomobilin son qiymətinin formalaşmasında, ƏDV və aksiz vergisi də daxil olmaqla cəmi 25 faiz paya malik idi. Bu isə o deməkdir ki, gömrük rüsumlarının 15 faiz azalması avtomobilin son qiymətinə maksimum halda 4-5 faiz təsir göstərə bilər. Bunu da bazar tənzimləyəcək və bu proses təxminən 3-4 ay çəkəcək.
İctimai birliyin monitorinq qrupunun 2011-ci ilin fevral ayı ərzində avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda uzun müddətdir ki, davam edən passiv tendensiya bir qədər də dərinləşib. Dövlət tərəfindən aparılan islahatların ictimai rəyə təsiri və o cümlədən idxalda gömrük xərclərinin azaldılması ilə bağlı məlumatlar alıcılıq qabiliyyətinin bir qədər də zəifləməsinə təkan verib:
"2011-ci ilin əvvəlindən təklifin ili köhnə avtomobillər hesabına kəskin artım tendensiyası dayanıb. Son iki ay ərzində təklif portfelində ili köhnə avtomobillərin bazardan kənarlaşması müşahidə olunmağa başlayıb".
Fevralda avtomobil bazarında təklifdə 17,2 faiz azalma baş verib. Təklifin kəskin azalmasına baxmayaraq hələ də tələbi üstələmə tendensiyası davam etməkdədir. Ay ərzində qiymətlərdə ciddi dəyişiklik müşahidə olunmayıb. Fevral ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə 0,2 faiz azalıb və 15071 dollar təşkil edib.
|