Quzey Qafqazda mövqe savaşı güclənir
 |
Dmitri Medvedev islahatçıların, Vladimir Putin mühafizəkarların hamisi rolunda
Şənbə, 05.03.2011
|
|
Çar İvan Qroznının hələ 1551-ci ildə yaratmış olduğu "dövlət modeli" və "Yeni Rusiya" variantları artıq gündəmin əsas mövzusuna çevrilib. Bu proses qısaca "ənənəçilər" və "modernləşmə" tərəfdarları arasında mükalimə kimi də qələmə verilir. Söhbət indiki şəraitdə ölkənin ənənəvi üsullarla idarə olunması, yoxsa çağdaş standarlara cavab verən idarəetmədən gedir. Hətta biz bu məsələnin get-gedə qabarıq xarakter aldığını da söyləyə bilərik.
Digər tərəfdən, hər iki cinah indidən 2013-cü ildə keçiriləcək prezident seçkilərinə çox ciddi şəkildə səfərbər olunub. Hər iki qanad bu prosesdə kadr siyasətinin önəmli olmasını vacib hesab edir. Özü də bu iki güc arasında yaşanılan pərdəarxası gərgin mübarizə daha çox Quzey Qafqazda bütün çılpaqlığı ilə üzə çıxmaqdadır.
Revanşizmin qələbə badəsi
Dmitri Medvedev 2008-ci ildə Rusiya prezidenti seçildikdən sonra ləngimədən öz hakimiyyət komandansını yaratmağa başladı. Bunun necə getdiyini gördük. Öncə Kreml administrasiyasında çalışan əksər məmurları saraydan uzaqlaşdırdı. Daha sonra isə Kremlətrafı şəbəkə kimi fəaliyyət göstərən, korrupsiyaya bulaşmış, intriqalar üzərində köklənmiş bir sıra strukturları ləğv etdi. Reaksiya özünü çox gözlətmədi. Ənənəvi imperiya siyasəti yürüdənlərin mövqelərini daraltma prosesinin daha dərinlərə işləyəcəyini görən həmin mühafizəkar şəbəkə dərhal Dağıstan və Çeçenistanda nə zamandan bəri apardıqları siyasəti bu dəfə İnquşetiya, Quzey Osetiya, Kabarda-Balkar, Adıgey və Qaraçay-Çərkəz müstəvsinə köçürməyə başladılar...
Günümüzdə siyasi, hərbi və ictimai fitnə-fəsad təfəkküründən savayı əlindən bir şey gəlməyən bu güc regionlardakı koorupsioner məmur mafiyası ilə əl-ələ verib. Bu birgə fəaliyyət çox sıx şəkildə davam etdirilir. Bu gün Dmitri Medvedevin əsas dayaqları Dağıstanın indiki prezidenti Məhəmmədsalam Məhəmmədov, Qaraçay-Çərkəzin prezidenti Boris Ebzeyevdir. Digər respublikaların məhəlli prezidentləri isə birbaşa qatı mühafəzəkar gücün nümayəndəsi kimi çıxış edir və bunu gizlətmirlər. Onlardan hansı biri hakimiyyətdən uzaqlaşdırılarsa, bunun regionda Rusiya dövləti üçün ağır fəlakətlərlə müşahidə olunacağı birmənalıdır.
Müşahidələrə görə, Dağıstanda kadr islahatlarından sonra Dmitri Medvedev bu uğuru İnquşetiya, Kabarda-Balkar və Quzey Osetiyada davam etdirmək istəsə də, bu təşəbbüs bir nəticə vermədi.
Yunusbəy Evkurov, Arsen Kanokov və Taymuraz Mamsurov öz kreslolarını qoruyub saxlaya bildilər. Bu il fevral ayının 27-də isə gözlənilmədən Qaraçay-Çərkəzin prezidenti Boris Ebzeyev istefaya göndərildi. Onun yerinə isə Rəşid Təmrəzov təyin olundu. Onun bu təyinatı Quzey Qafqazdakı xəlvəti iqtisadiyyat və neft mafiyasının böyük uğuru sayılır.
Yerli müşahidəçilərin fikrincə, bu təyinatı Dmitri Medvedevin mövqelərinin daraldılması kimi də anlamaq olar. Revanşistlərin aktivinə bir xal yazıldı. İndi sabiq prezident statusunda olan Boris Ebzeyev haqlı olaraq qeyd edir: "Bu şərəfsizlər mənə qalib gəldilər".
Kabarda-Balkar - bir savaş meydanı
Fevralın sonlarında Kabarda-Balkarın, paytaxt Nalçik başda olmaqla, Elbrus, Baksan, Tırnauz, Çegem, Proxladnıy şəhərləri boyunca çoxsaylı terror olayları baş verdi. Elbrus şəhərinin dağlıq ərazilərindəki qış turizmi mərkəzində kanat yollarının partladılması səbəbindən turistlər arasında xeyli sayda ölənlər və yaralananlar oldu. Məhz bu olaya görə indi regiona turist axını faktik olaraq dayanıb.
Rusiya DİN xüsusi təyinatlıları, Kabarda-Balkar daxili qoşunları və Federal Təhlükəsizlik Xidmətinin (FSB) bölmələri, Fövqəladə Hallar Nazirliyinin Quzey Qafqaz qoşun birlikləri indi regionda fövqəladə vəziyyət elan etməklə, "silahlı radikal islamçılar" axtarışındadır. Bütün şəhərlərarası yollar, dövlət binaları və sosial obyektlər, dağlara və ormanlara gedilən cığırlar özəl nəzarətə alınıb. Hüquq-mühafizə orqanlarına məxsus antiterror əməliyyat qrupları bütün evlərdə və iş yerlərində mülki vətəndaşla istədikləri kimi rəftar edirlər. Bu da öz növbəsində əhalinin qorxu şəraitində yaşaması, istənilən şəxsin sorğusuz-sualsız həbs olunma təhlükəsinin yaranmasına səbəb olur.
Belə bir mülahizə var ki, ardıcıl şəkildə teraktlar taktikasının arxasında Kabarda-Balkarda görüləcək işlər üçün Rusiya Federal büdcəsindən ayrılan milyonlarla vəsaiti mənimsəmiş olan regional hakimiyyət dayanıb. Onlar bu yolla əsas hədəfdən yayınmağa çalışırlar. Dolayısı ilə güc strukturlarının antiterror əməliyyatlarına cəlb olunması regionda gözlənilən ümumxalq etirazlarını önləməyə hesablanıb. Nəticədə - büdcədən oğurlanmış milyonların isti izlərinin elə Moskvada Rusiya Nazirlər Kabinetinə qədər gedib çıxması faktları gizlədilə biləcək.
Bu hələ hamısı deyil. Yaranmış durumdan çıxış yolu olaraq Arsen Kanokov öz soydaşları olan kabardalardan ibarət "antivəhhabi etiraz hərəkatı" yaratmağa girişib. Bu hərəkatın bir sıra mitinqlərinin keçirilməsi, güc strukturlarının antiterror əməliyyat tədbirlərinə mülki vətəndaşların da qatıldığı görüntüsü ilə üzləşəcəyik. Özlüyündə maraqlı ssenaridir.
Kanokov 2005-ci ildə Putin tərəfindən təyin olunmuş kadr kimi ötən müddət ərzində süni şəkildə "kabarda milliyyətçiliyi"ni alovlandırmaqla, bütün prosesləri balkar türklərinə qarşı yönəltmək kursunun memarı hesab olunur. Balkarlar isə ötən ilin oktyabr-dekabr aralığında Moskvada Kremlin binası qarşısında üç ay davam edən aksiyalardan sonra Medvedevin komandasına regiondakı sosial-iqtisadi və digər problemlərin əsl səbəblərini izah edə biliblər.
İndi prosesin Kanokovun əleyhinə yönəldiyi bir zamanda Kabarda-Balkarda ardıcıl şəkildə terror olayları gündəmə gətirilir... Bunun ardınca fövqəladə vəziyyətin elan olunması ilə Kremlin irəli sürəcəyi tələblərin qarşısı alınmış kimidir.
General Evkurovun "insan yoxdursa, problem də yoxdur" məntiqi
İnquşetiya prezidenti Yunusbəy Evkurov uzun müddət general rütbəsində Rusiya ordusunda xidmət etmişdir. 1997-2004-cü illərdə Quzey Qafqazda antiterror əməliyyatlarına komandanlıq edən əsas fiqurlardan biri idi. 1999-cu ildə Bosniya və Hersoqovinanın serblərə məxsus Uqlevik şəhərində Rusiya hərbi kontingentinin komandiri kimi müsəlman bosniyalılara qarşı hərbi cinayətlərdə iştirakı var. 2008-ci ildə isə İnquşetiyanın sabiq prezidenti, təqaüddə olan FSB generalı Murad Zyazikovu əvəz etdi. Həmin bu Evkurov ötən müddət ərzində İnquşetiyada nəinki terror olaylarının qarşısını alıb, hətta Putinin dəstəyilə inquşların Rusiyanın Sibir regionlarına köçürülməsi planlarına rəhbərlik etməkdədir.
Bu gün İnquşetiyada mövcud olan ağır sosial həyat şəraitini və kütləvi işsizliyi bəhanə edərək, inquşlara Rusiyanın digər regionlarında onların soydaşlarının iş və mənzillə təmin olunduqları örnək göstərilir. Bu aspektdə onlar köçüb getməyə həvəsləndirilir. Bu, ciddi düşünülmüş bir strategiyadır və "qafqazlıların miqrasiyası" adlanır..
|
|
|
Oxşar xəbərlər:
Quzey Qafqaz: Kremlin mövqe savaşları
|
|
|