Ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsində iştirak edərək balları hesablanmış 16 131 bakalavrdan 7740-ı ikinci mərhələyə keçib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə dünən keçirdiyi konfransda bildirib. Onun sözlərinə görə, ikinci mərhələyə keçən bakalavrların 3714-ü oğlan, 4026-sı qızdır.
Məleykə Abbaszadənin sözlərinə görə, bakalavrların 6652-si 50 baldan yuxarı, 1009-u 45-50 bal, 26-sı 40 baldan yuxarı bal toplayıb. Ümumilikdə bütün bakalavrların təxminən 50%-i 45 baldan yuxarı nəticə göstərib:
"Ötən il kənd təsərrüfatı ixtisası üzrə magistraturaya qəbul olan olmamaşdı. Ona görə də bu ixtisaslar üzrə keçid balını 40 baldan yuxarı götürdük. İmtahanda bu ixtisaslar üzrə 26 nəfər 40 baldan yuxarı nəticə göstərib. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə 53 nəfər 40 bal toplayıb".
M.Abbaszadə bakalavrların 50 faizinin 45-dən yuxarı bal toplamasını Azərbaycan üçün reallıq sayır: "50 baldan yuxarı nəticə göstərənlər üçün fənlər üzrə heç bir məhdudiyyət yoxdur. Əgər fənlər üzrə məhdudiyyətlər saxlansa idi, o zaman ötənilkindən az bakalavr II mərhələyə keçəcəkdi. Amma biz deyə bilmərik ki, bakalavrların səviyyəsi aşağıdır. Biz onların bilik səviyyəsini deyil, gələcəkdə elmlə məşğul olmaq imkanlarının olub-olmadığını yoxlayırıq. Amma biliyi yalnız informatika və ingilis dilindən yoxlamışıq. Bəzi bakalavrlar informatika, bəziləri isə ingilis dilindən zəif nəticə göstərib".
TQDK sədri ali məktəblərin jurnalistika fakültəsinin magistratura pilləsinə sənəd verən bakalavrların qəbul imtahanlarının II mərhələsində yazdığı esselərin qiymətləndirilməsində iştirak etmək üçün Mətbuat Şurasına müraciət edəcəyini də bildirib. Onun sözlərinə görə, yazıların qiymətləndirmə mexanizmi dəyişdirilməyəcək: "Onlar, sadəcə, yoxlamada iştirak edəcəklər".
M.Abbaszadə deyib ki, gələcəkdə magistratura pilləsinə qəbul imtahanlarında informatika fənni üzrə biliklərin yoxlanılmasının kompüterlə keçirilməsi nəzərdə tutulur: "Nəzərdə tuturuq ki, magistrlər bu fəndən il boyu praktiki imtahan verə bilsinlər".
M.Abbaszadə hələlik bu yeniliyin tətbiqinə TQDK-nın maddi-texniki vəziyyətinin imkan vermədiyini də deyib.
Qeyd edək ki, ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri ilə əlaqədar müraciətləri araşdıran Apellyasiya Komissiyası dünən fəaliyyətini yekunlaşdırıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elnur Nağızadə bildirib ki, fevralın 23-dən fəaliyyətə başlayan apellyasiya komissiyalarına 39 nəfər müraciət edib. Bütün müraciətlər araşdırılaraq cavablandırılıb.
E.Nağızadənin sözlərinə görə, təyin edilmiş müddət bitdiyi üçün bundan sonra bakalavrların magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı heç bir müraciətinə baxılmayacaq.
|