"International Living" jurnalı 2011-ci ilin yaşamın keyfiyyəti indeksini açıqladı. Azərbaycan 56 balla 106-cı yeri tutur. Ötən il ölkə 51 balla 139-cu yerdə idi. Reytinq cədvəli həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə 192 ölkə arasında aparılmış araşdırmaları əhatə edib. Hər sahə 100 ballıq sistemlə qiymətləndirilir.
Azərbaycan ən yüksək göstəriciyə mədəniyyət (71 bal) və həyatın dəyəri (71 bal) sahəsində nail olub. Ən aşağı qiyməti azadlıq sahəsi üzrə alıb. Bu sahədə 100 mümkün baldan 25-ni toplaya bilib. Azadlıq səviyyəsi göstəricisinə görə Azərbaycan 192 ölkə arasında 145-ci yerdədir... Ölkə ictimai təhlükəsizlik sahəsində 71, iqlimdə 62, iqtisadiyyatda 66, ekologiyada 44 bal toplayıb, səhiyyə üzrə 58, infrastruktur üzrə 33 bal yığa bilib.
2010-cu illə müqayisədə cədvəlin liderləri arasında xeyli dəyişiklik olub. Ən yüksək göstəriciyə 86 balla cədvələ liderlik edən ABŞ nail olub. 2010-cu ilin lideri olan Fransa 75 balla dördüncü yerə düşüb. Avstraliya, İsveçrə, Almaniya ilk beşliyi tərk etməli olublar. Əvəzində 2011-ci ildə Yeni Zelandiya ikinci (76), Malta üçüncü (76 bal), Monako (75 bal) isə beşinci olub.
Keçmiş sovet məkanından Estoniya 69 balla 32-ci, Latviya 69 balla 33-cü, Litva 68 balla 36-cı yeri tutub. MDB ölkələri arasında ən yüksək göstəricini 60 balla 73-cü yeri tutan Ukrayna göstərib. Moldova 80-ci (59 bal), Gürcüstan isə 88-ci (58 bal) yerdə qərarlaşıb. Ermənistan 55 balla 110-cu, Qırğızıstan (54 bal) 114-cü, Rusiya 118-ci (54 bal), Qazaxıstan 133-cü (52), Belarus isə 141-ci (51 bal) yerdə dayanır.
MBD ölkələri arasında ən pis nəticələri Özbəkistan, Türkmənistan və Tacikistan göstərib. Özbəkistan 50 balla 143-cü, Türkmənistan 49 balla 153-cü, Tacikistan 48 balla 157-ci yeri tutub.
Reytinq cədvəlini 34 balla Çad və 28 balla Somali tamamlayır.
|