Bundan sonra ev telefonları ilə uzun-uzadı söhbət edənlər öz sevimli məşğuliyyətləri ilə vidalaşmalı olacaqlar. Çünki ayın sonunda aylıq telefon pulu ilə yanaşı, çox danışdıqları üçün də pul ödəmək qaydası qoyulur. Telefonla söhbətləşməkdənsə, üzbəsurət görüşüb danışmaq adamlara daha ucuz başa gələcək.
Artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Tarif Şurasına təkliflər paketi göndərib. Təkliflər bir neçə variantdadır: ay ərzində abonentlərə 450 dəqiqə pulsuz danışmağa icazə veriləcək. Limitdən artıq danışığın hər dəqiqəsi üçün mobil telefonlarda olduğu kimi, müəyyən məbləğdə vəsait ödəniləcək. Tarif paketində əvvəlki tarif sisteminin də ləğv edilməyəcəyi bildirilir. Başqa bir təklifə əsasən, abunəçiyə ayda 450 dəqiqə pulsuz danışıq vaxtı veriləcək, eyni zamanda 2 manatlıq aylıq abunə haqqı ləğv olunacaq. Digər bir təklifə görə isə, abunəçilər nə qədər danışsalar, o qədər pul ödəyir.
Bu 450 dəqiqə limitin tətbiqi fikri araşdırmalar nəticəsində ortaya çıxıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin araşdırmaları stasionar telefon istifadəçilərinin 50 faizinin ay ərzində 450 dəqiqədən az danışdığını müəyyənləşdirib. Onu da qeyd edək ki, 450 dəqiqəlik limit dəyişdirilə bilər. Bu, sözügedən nazirliyin təklifidir. Onun qəbul edilib-edilməyəcəyi isə Tarif Şurasından asılıdır.
Nazirlik rəsmiləri düşünürlər ki, yeni ödəniş qaydaları əhali üçün sərfəli olacaq. Təbii ki, təkliflər paketi qəbul olunarsa, nazirliyin də qazancı böyük olacaq. Belə ki, stasionar şəbəkələr həddən artıq yüklənməyəcək. Yüklənmə olarsa, bunun müqabilində abunəçi əlavə pul ödəyəcək. Yəni zərər kompensasiya ediləcək.
Müəyyən xidmətlər ödənişsiz, yəni limitə daxil olmayacaq. Misal üçün, telefon bağlı olsa belə, təcili tibbi yardım, fövqəladə hallar və digər qəza xidmətlərinə zəng etmək mümkün olacaq. İnternetə daxil olarkən 450 dəqiqədən vaxt çıxılmayacaq.
|