Daxili aviauçuşların qiyməti beynəlxalq tariflərlə müqayisədə bahadır. Məsələn, Rusiyada sərnişin təyyarənin uçuşunun hər kilometrinə ortalama 10 sent ödədiyi halda Azərbaycanda bu göstərici 20 sentdən yuxarıdır. Moskva - Sankt-Peterburq arasında 1000 kilometrlik məsafəni qət etmək üçün 65 dollar kifayət etdiyi halda, bundan iki dəfə az məsafəni Bakı-Naxçıvan reysini bundan baha uçmalı oluruq.
Başqa bir misal. Naxçıvan-İstanbul reysi 60-65 dollardır. Bu xəttə uçuş müddəti iki saat yarım hesab olunur. Bakıdan Naxçıvana isə 50 dəqiqəlik uçuş müddəti var. Bu iki reys arasında fərqi müqayisə etdikdə, daxili uçuşun 2-2,5 dəfə baha olduğunu görərik.
Baxmayaraq ki, bu il Tarif Şurası Bakı - Naxçıvan və Naxçıvan - Bakı aviareyslərinin tariflərinə yenidən baxıb, qiymətlərin ucuzlaşdırıldığını söyləmək olmaz. Təbii ki, bundan əvvəlki bahalanmanı nəzərə almasaq. Xatırladaq ki, Tarif Şurasının qəbul etdiyi qərara görə, yanvarın 1-dən bu istiqamətlər üzrə aviabiletlərin dəyəri 95 manatdan 70 manatadək ucuzlaşdırılıb. Bunun da 20 manatı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, bu qəraradək sərnişinlər bir bilet üçün 75 manat ödəyirdilərsə, qərarın qüvvəyə mindiyi tarixdən etibarən sərnişinlər bir bilet üçün 50 manat ödəyir.
Tarif Şurasının qərarında digər güzəştlər də nəzərdə tutulub. Belə ki, Muxtar Respublikaya gedən 5-12 yaş arası uşaqlar, I və II qrup əlillər, o cümlədən ildə iki dəfə olmaqla tələbələr təyyarə bileti üçün 40 manat ödəyirlər. Bu reysin qiyməti 2008-ci il yanvarın 1-də bahalaşmışdı. Bu zaman daxili uçuş tarifləri 6 dəfə bahalaşaraq 15 manatdan 95 manata qədər qaldırıldı.
Tarif Şurasının hazırkı qərarı müsbətdir, lakin əvvəlki artımla müqayisədə zəifdir. Çünki aviabiletlərin qiymətini 75 manata qaldırmaq doğru deyildi. Axı biletin qiyməti birdən-birə 6 dəfə artırılmışdı. Tarif Şurası onu əsas gətirmişdi ki, son 10 ildə aviabiletlərin qiyməti sabit qalıb. Amma son 10 ildə Azərbaycanda inflyasiya rəsmi 70 faizdən çox deyil, aviabilet isə 500 faiz bahalaşdı.
İqtisadçı ekspert Məhəmməd Talıblı qeyd edir ki, Naxçıvan-Bakı reysində bahalaşma Naxçıvan və ölkənin digər hissəsi arasında süni baryer yaradıb. Bu kəskin bahalaşma adamların cibinə uyğun deyildi. Bu, daxili uçuşlarda rentabelliyi kəskin şəkildə aşağı saldı: "Təbii ki, Naxçıvana getmək istəyənlər daha çox avtobus nəqliyyatından istifadəyə üstünlük verdilər. Çünki avtobusla adambaşına çıxan xərc 20-25 manat olur. Çox nadir hallarda aviareyslərdən istifadə olunur".
Hazırda təyyarə parkı yenilənib. Naxçıvana uçan rus təyyarələri "Airbus"larla əvəz olunub. "Yeni təyyarələrin uçuşunun intensivləşməsi üçün qiymətləri endirməklə, rentabelliyi artırmaq istəyirlər" deyən ekspert hesab edir ki, indiki şəraitdə 50 manat da bahadır. "Düşünürəm ki, daxili reyslərdə normal hədd 20-30 dollar arası olmalıdır. Özü də nəzərə almaq lazımdır ki, Naxçıvan blokada vəziyyətindədir, əhalisi kasıb və subsidiyalar hesabına dolanan bir ərazidir. Naxçıvanın büdcəsinin 80-90 faizi mərkəzdən ayrılan dotasiyalar hesabına formalaşır", - deyə M.Talıblı bildirdi.
Sözsüz ki, Tarif Şurası qəbul etdiyi qərarların şərhini verməlidir. Aviabiletlərin bahalığını şərtləndirən amillər açıqlanmalıdır. "Tənzimlənən qiymətlər haqqında" qanuna əsasən, hökumət məhsulun (malın, işin, xidmətin) istehsalına və satışına aid edilən xərclərin əsassız artırılmasının qarşısını almaq və onlara məhdudiyyətlər tətbiq etmək səlahiyyətindədir. Əgər bu imkandan istifadə edilsəydi, aviabiletlər belə bahalaşmazdı.
|