Bu mətbuat konfransında bacı və qardaşın analarının ölümü ilə bağlı müdhiş açılamaları bizə Vəhşi Qərbin amansız həyat gerçəkliklərindən bəhs edən filmlərin süjetlərini xatırlatdı. Amma bunlar, deyilənlərdən belə görünürdü ki, bənzər süjetlər XXI yüzilin Azərbaycan gerçəkliklərində də mövcuddur və əsl kəskin süjetli film mövzusudur.
Keçən ilin sentyabrında Xaçmazda qətlə yetirilmiş iş adamı Nəcimə Babayevanın övladları Gülnarə və Fuad Həbibovlar çərşənbə günü Media Mərkəzində mətbuat konfransı keçiriblər. Onları əyalətdən Bakıya gələrək öz ailə dramlarının peripetiyalarını ictimai fikrə açıqlamağa məcbur edən isə qanunlarımızın acizliyi, məmur hərisliyi imiş. Hər halda, bacı və qardaşın söylədiklərində həqiqətə uyğunluğun xeyli əlamətləri vardı və bu versiyaların indiyədək hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb bir yana çıxarılmadığı heyrət doğurur.
Sözügedən mətbuat konfransı mərhum Nəcimə Babayevanın qətlinin istintaqına və mülkiyyət məsələsilə bağlı məhkəmə proseslərinə həsr edilmişdi ("Turan"). Övladları analarının qətlinə səbəb kimi 2001-ci ildə Nəcimə Babayevanın Xaçmaz bazarı sahəsində təsis etdiyi "Arzu" ticarət mərkəzi uğrunda gedən mübarizəni göstəriblər.
Hər iki övlad bildirib ki, hələ sağlığında Nəcimə Babayevaya məxsus obyekti əlindən almağa cəhd ediblər, amma Nəcimə Babayeva buna müqavimət göstərib və məhkəmə proseslərini udub. "Onu ancaq öldürməklə əmlakını əlindən ala bilərdilər, onu da etdilər", - deyə qızı Gülnarə Həbibova bildirib.
Hər iki övlad bu qətlin sifariş olduğunu deyərək, bunun arxasında rayon icra başçısından rayon prokuroru və sahə müvəkkilinə kimi hər kəsin dayandığını iddia ediblər. Övladlar analarının qətlinin sifarişli olmasını qətldən dərhal sonra yayılmağa başlayan şayiələrlə əsaslandırmağa çalışıblar. "Anam qətlə yetiriləndən cəmi 5 dəqiqə sonra onun ailə daxilində qətlə yetirilməsi şayiəsi rayonu bürüdü, özü də buna görə qardaşımın adını çəkirdilər və bu şayiəni yayan da prokurorun sürücüsü idi", - deyə Gülnarə Həbibova nəzərə çatdırıb. Bu şayiəni yaymaqda məqsəd diqqəti qətlin sifarişli olmasından yayındıraraq, onu ailədaxili münaqişə kimi qələmə vermək idi.
Rayon prokuroru Nəcimə Babayevanın oğlu Cavid Həbibovu anasını öldürməkdə ittiham edib. Təkcə buna görə ki, Nəcimə Babayeva əmlaka rəhbərliyi 4 övladına rəsmi qaydada təhvil verdiyi halda, bu sırada Cavidin adı olmayıb. Amma aparılan istintaq bu mülahizənin doğru olmadığını sübut edib. "Artıq qətlin üstünün açılmasına bizdə ümid qalmayıb", - deyə Fuad Həbibov qeyd edib. İşə ölkə prokurorluğunun Ağır Cinayətlərə dair İdarəsində baxılmasına baxmayaraq, heç bir irəliləyiş yoxdur.
Əmlak məsələsinə gəlincə, Fuad Həbibov Nəcimə Babayevanın sağlığında udduğu məhkəmə proseslərini uduzmağa başladıqlarını deyib. "Aydındır ki, bu məhkəmə qərarları sifarişlidir və qarşı tərəfin bizim əmlaka yiyələnməsinə hesablanıb", - deyə Fuad Həbibov məhkəmə proseslərinə mövqeyini bildirib. O, artıq anasının sahibi olduğu əmlaka sahibliyi bərpa edəcəklərinə ümidsiz yanaşdığını nəzərə çatdırıb.
"Ən dəhşətlisi bundan sonradır, anamın əmlakına sahibləndikdən sonra rayon rəhbərliyi bizi ailə olaraq məhv etmək planını işə salacaq", - deyə Fuad Həbibov qeyd edib.
|