Naxçıvanın sosial həyatından vaxtaşırı yeni-yeni əcaib faktların Bakı və Avropa mediasına çıxarılmasına öyrəşmişik. Bu faktlar ölkə ictimaiyyətinin gözündə artıq adiləşmiş kimidir. Bu yeni fakt isə bizə gestapo, DTK, Savak zindanlarında baş verən və kitablardan oxuduğumuz müdhiş işgəncə üsullarını xatırladır.
"Fevralın 16-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin iş otağında nazir Əhməd Əhmədov əlimin üç dırnağını bir-bir kəlbətinin arasına qoyaraq sıxdı. Şəxsən nazir mənə bir neçə şillə vurdu. Sonra məni üzümün dərisini soyacağı, dırnaqlarımı çəkəcəyi ilə hədələdi. Əvvəlcə, Elnur adlı bir zabit çağırdı, sonra isə hirsli halda dözməyərək bu hərəkətləri şəxsən özü etdi. Mənə dedi ki, köpəyoğlu qurumsaq, sən kimsən ki, bizdən şikayət edirsən". Bu barədə Naxçıvandan qaçmış Naxçıvan şəhəri, Əcəmi küçəsi ev 2, mənzil 3-də yaşayan Nadir Məmmədov AYNAnın əməkdaşı ilə söhbətində bildirdi.
Məmmədov baş verənlərlə bağlı Ombudsmana və İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinə, Azərbaycan Respublikası Prezidentinə şikayət etdiyini də dedi.
Onun sözlərinə görə, başına gələnlər də məhz polis özbaşınalığından şikayətindən sonra baş verib. Belə ki, o, əvvəl NMR Daxili İşlər Nazirliyinə Naxçıvan Yol Polisi ilə bağlı şikayət edib. Nəticəsi olmadığına görə İrana keçərək oradan Bakıya şikayət məktubu yollayıb. Dediyinə görə, NMR-dən şikayət məktublarının çıxmasının qarşısı alınır və bu səbəbdən də şikayətçilər ya İrana keçərək Urmiyadan, ya da Türkiyəyə keçərək İqdırdan Bakıya şikayət ərizələri yollayırlar. Habelə o, təzyiqlərlə bağlı RATİ Naxçıvan bölgə müxbirlərinə fevralın 14-də məlumat verib.
Nadir Məmmədov başına gətirilən bu hadisə barədə bildirib ki, 2010-cu il noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər zamanı 28 saylı Naxçıvan seçki dairəsində Qarabağ blokundan deputatlığa namizəd Faiq Əliyevin müşahidəçisi olduğuna görə təqib edilib və ona qarşı təzyiqlər edilib.
Nadir Məmmədovun sözlərinə görə, 13 fevral saat 10.00 radələrində Naxçıvan şəhərində onun idarə etdiyi VAZ 21-011 markalı avtomobil heç bir qayda pozuntusuna yol verilmədiyi halda DYP əməkdaşları tərəfindən saxlanılıb. Ona, avtomobilin guya çirkli olduğunu əsas gətirərək, cərimə olunması üçün protokol yazılıb. Amma protokola imza atmaqdan imtina etdiyi üçün sənədləri yol polisləri tərəfindən götürülüb.
"Məni yol polisləri həmişə izləyir, nəzarətdə saxlayır və psixoloji təzyiqlər edirlər. Mümkün qədər qaydalara əməl etməyə çalışıram. Lakin, buna baxmayaraq, müxtəlif bəhanələrlə cərimə etmək istəyirlər. Fevralın 13-də şəxsi qara rəngli, "Mersedes" avtomobildə dörd nəfər yol polisi əməkdaşı idarə etdiyim avtomobili saxladı. İki nəfər avtomobillə kənara çəkilib gülərək hadisəni izlədi, digər ikisi isə mənə cərimə yazdı. Mən hər dəfə haq-nahaq mənə cərimə yazmalarının səbəbini soruşanda dedilər ki, öl, canın da çıxsın. Bilmirdin ki, müxalifətçini dəstəkləyəndə belə olar", - deyə o qeyd edib.
Nadir Məmmədov bundan öncə "Qazel" markalı yük maşını idarə edir və mağazalara yük daşıyırmış. Onun idarə etdiyi avtomobil seçkilərdən sonra, bir qayda olaraq, yol polisləri tərəfindən saxlanılıb və müxtəlif məbləğlərdə cərimə ödəməsi tələb edilib. O, yol polisinin hərəkətlərindən Naxçıvan Daxili İşlər Nazirliyinə, Naxçıvan Prokurorluğuna şikayət edib. Bundan sonra Daxili İşlər Nazirliyinin yüksək rəsmiləri Nadir Məmmədovu qəbul edib və hadisənin baş verməsi ilə bağlı ondan izahat alıb və araşdırma aparıb.
Baş verənlərlə bağlı Naxçıvan Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb. "Biz o adamı tanımırıq. Dediklərinin isə hər hansı əsası yoxdur", - deyə Naxçıvan DİN rəsmisi "Turan"ın müxbirinə cavab verir.
Amma fevralın 17-də axşam saatlarında NMR DİN əməkdaşları Nadir Məmmədovun qardaşı Fariz Məmmədovu saxlayıblar və ondan qardaşının Naxçıvana dönməməsini, şikayətlərə də son qoymağını tələb ediblər. Son olaraq Nadir Məmmədovun AYNAya verdiyi məlumata görə, ona naməlum adamlar zəng edir və onu, həyat yoldaşını, hətta 6 aylıq azyaşlı qızını, digər qohumlarını öldürməklə hədələyir. Bu hədələrdən bərk qorxan Nadir Məmmədov dünən prezident İlham Əliyevə müraciət edərək ona Bakıda sığınacaq verilməsini və ailəsinin təhlükəsizliyinin təmin edilməsini xahiş edib.
Qeyd edək ki, NMR-də bu kimi hallar tez-tez baş verir. Muxtar Respublikada həyatları təhlükə altında olan digər şəxslər isə RATİ-nin bölgə əməkdaşları Həkimeldostu Mehdiyev və Elman Abbasovdur. Təsadüfi deyil ki, adı çəkilən şəxslərin NMR-də söz və ifadə azadlığının vəziyyəti ilə bağlı bir neçə gün əvvəl açıqladıqları hesabat Muxtar respublika rəhbərliyi tərəfindən sərt qarşılanıb. Nadir Məmmədovun sözlərinə görə, onu nazir Ə.Əhmədov şərt qarşılığında sərbəst buraxıbmış.
"Mənə dedi ki, çıxan kimi yaxınlaşırsan Elman Abbasova və bir şillə qoyursan onun qulağının dibinə və ona verdiyin şikayət ərizəsini də geri alırsan. Amma mən yazıq Elmanı necə vura bilərdim? Əgər o, Məlahət Nəsibova və İlqar Nəsibov olmasaydı, bəlkə də məni içəridə öldürəcəkdilər", - deyə Nadir Məmmədov sözlərinə əlavə edir.
|