Dünən İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Ağcabədi rayonunda "İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər" mövzusunda konfrans keçirilib. Nazirlikdən bildirildiyi kimi, konfransda Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ağcabədi rayon İH, ictimai təşkilatların nümayəndələri və 200-ə yaxın istehlakçı iştirak edib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev çıxışında ölkə iqtisadiyyatında davamlı inkişafın təmin olunduğunu, Azərbaycanın iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrildiyini, çoxsaylı infrastruktur layihələrinin uğurla həyata keçirildiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını və yoxsulluğun səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını bildirib:
"Nəticədə insanların müxtəlif mallara və xidmətlərə olan tələbatı artıb, istehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıb. Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb, bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunub".
Z.İsayev istehlak bazarının qorunmasında inzibati tədbirlərlə yanaşı, həyata keçirilən maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyətini vurğulayıb və qeyd edib ki, Dövlət Xidməti tərəfindən ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 9 adda 130 mindən çox, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 9 500 ədəd buklet çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.
Z.İsayevin sözlərinə görə, ötən il ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 297,8 ton müxtəlif növ ərzaq malları məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 372,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 2,5 tonu heyvanların yemlənməsinə yönəldilib. Bundan başqa, il ərzində qeyd olunan səbəblərdən 145,3 ton qeyri-ərzaq malları məhv edilib.
"Ötən il ərzində qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1 740 qərar qəbul olunmuş və inzibati xətaya yol vermiş şəxslər 2,349 mln. manat cərimə edilib. Eyni zamanda, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə 45 təsərrüfat subyektinə 183,7 min manat maliyyə sanksiyası tətbiq edilib. Bu cür halların aradan qaldırılmasında istehlakçıların maarifləndirilməsi, onların bu sahədə öz hüquqlarını bilməsi vacib amildir", - deyə Z.İsayev bildirib.
Konfransda onun təmsil etdiyi qurumun işçiləri "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli?", "Mal (iş, xidmət) alarkən müqavilə bağlamağı unutmayın" mövzularında məruzələrlə çıxış ediblər.
|