Dünya bazarında taxıl bahalaşır. Çikaqo əmtəə birjasında 1 ton taxılın qiyməti 315 dollara çatıb, artım tendensiyası davam edir. Bahalaşmaya digər səbəblər sırasında bəzi ölkələrdə taxılın hədsiz çox istehsalı, digərlərində - daxili tələbatı öz ehtiyatları hesabına ödəyə bilməmək göstərilir.
Dünyada ərzağın bahalaşması və ərzaq qıtlığının baş verəcəyi barədə xəbərlər bizim hökuməti yerli istehsalın artımına daha çox diqqət yetirməyə məcbur edib. Hesab edilir ki, bir neçə taxıl elevatorunun istifadəyə verilməsi ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Ötən ilin sonlarında Dövlət Taxıl Fondunun Səngəçalda yerləşən elevatoru istifadəyə verilib. Naxçıvanda isə tutumu 30 min ton həcmində elevator artıq istifadədədir. Gəncədə 60 min tonluq elevatorun tikintisi yaxın vaxtlarda başa çatacaq. Tutumu 100 min ton olan elevatorun tikintisi də nəzərdə tutulur. Hökumətdə 2015-ci ilə qədər Azərbaycan əhalisinin ərzaq məhsulları ilə təmin edilməsinə dair xüsusi proqram hazırlanıb.
KTN-dən onu da bildirirlər ki, cari ildə 3 milyon tondan çox taxıl istehsalı gözlənilir. 2011-ci ilin məhsulu üçün 2010-cu ildə 1017,8 min hektarda şum qaldırılıb, 915,2 min hektarda dən üçün payızlıq taxıl əkilib ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını isə arpa təşkil edir. Qeyd edək ki, 2008-ci ildə 1 milyon hektar əkin sahəsinə buğda səpildiyi halda, istehsal heç 3 milyon tona çatmamışdı. İndi 915 min hektar sahədən 3 milyon tondan artıq taxılın necə yığılacağı məlum deyil. Deyəsən, rəqəmləri şişirtməyə meyil var. Məsələyə ekspert aydınlıq gətirir.
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovdan məsələyə aydınlıq gətirməsini xahiş edirik. O dedi ki, 2010-cu ildə heç bir aqrotexniki qaydalara əməl edilmədiyindən məhsuldarlıq daha az olacaq. O qeyd etdi ki, ötən il bu sahədə məhsuldarlıq 33 faiz aşağı düşmüşdü:
"Builki məhsuldarlıq keçən ilkindən də aşağı olacaq. Çünki ötən il əkindən öncə mineral gübrə verilmədi. Ümumiyyətlə, bu mövsüm əkin yubandı, hətta yanvarın 10-na kimi səpin aparılırdı. Deməli, yerlərdə səpin üçün hazır deyildilər. Bu dəfə fermerlərin əksəriyyəti taxıl əkinindən boyun qaçırmışdılar. Bələdiyyələrə, icra nümayəndələrinə göstəriş verildiyindən, onlar məcburiyyət qarşısında qalıb dekabrda özləri səpin apardılar".
Məhsuldarlığın aşağı düşməsinin daha bir səbəbi gəmiricilərə qarşı vaxtlı-vaxtında mübarizənin aparılmamasıdır. Bu qış qar yağmadığından onların daha da çoxaldığı barədə xəbərlər gəlir...
|