Hal-hazırda Ayna qəzetinin 19.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Bağlı qapılar arxasında keçən ömür
Bağlı qapılar arxasında keçən ömür
40 min əlil uşağın cəmiyyətə inteqrasiyası üçün imkanlar mövcud deyil
Şənbə, 19.02.2011

A.Əhmədova mətn ölçüsü  

Bu gün ölkədə 440.000 əlilliyi olan insan yaşayır ki, onun da 55.000-ini əlilliyi olan uşaqlar təşkil edir. Monitorinqlərdən bəlli olub ki, əlilliyi olan uşaqlar və onların ailələri əksər hallarda aztəminatlı qrupuna aid edilir və ya ailələri yoxsulluqda yaşayır.

Başqa uşaqlarla müqayisədə onlar dörd dəfə artıq fiziki zorakılığa, üç dəfə artıq emosional zorakılığa məruz qalırlar. Məktəb yaşlı 20.000 əlilliyi olan uşaqdan yalnız 5.000-i təhsilə müəyyən mənada olsa belə cəlb edilib. Əlilliyi olan uşaqların xeyli hissəsi ya təhsilə heç cəlb edilməyib, ya da aldıqları təhsilin keyfiyyəti xeyli aşağıdır.

Bunlar "Azərbaycanda əlilliyi olan uşaqların vəziyyətinə dair alternativ hesabat 2006-2010"dan götürülüb. Uşaq Hüquqları üzrə QHT Alyansının araşdırma, tədqiqat və monitorinqlər nəticəsində hazırladığı hesabat BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə göndərilib. Sənəd komitədə hökumətin hesabatı ilə yanaşı təhlil ediləcək. Nəticə etibarı ilə Azərbaycan hökumətinə tövsiyələr veriləcək. Alyans rəhbərliyi hesabatın bəzi məqamlarını "Ayna"nın oxucuları üçün açıqlamağa icazə verdi.

Acı durumun təsviri

Beləliklə, hesabatda əlilliyi olan uşaqların mövcud durumu təsvir edilib. Bəlli olur ki, 5 ilə yaxındır ki, inklüziv təhsil sisteminin yaradılması sahəsində pilot layihələrin uğurla gerçəkləşdiyinə baxmayaraq, hökumət tərəfindən inklüziv təhsil hələ də bir neçə rayonun bəzi məktəblərində və 4-cü sinifə qədər tətbiq edilir. Bu rayonlarda da 4-cü sinifə çatmış əlilliyi olan uşaqlar yenidən ümumi məktəbdən və təhsildən kənarda qalır. Həyat üçün vacib olan müalicə, səhiyyə, uşaqlara qulluq etmə və təhsil sahəsində dövlət qurumları tərəfindən göstərilən xidmətlər zamanı ayrı-seçkilik kütləvi xarakter daşıyır.

Hesabatda qeyd edilib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyasının tətbiq edilməsi məqsədilə Azərbaycan 2006-2010-cu illər ərzində bir çox qanunvericilik aktları qəbul edib, bir çoxuna isə konvensiyanın müddəaları ilə uyğunlaşdırılması məqsədilə əlavə və dəyişikliklər edilib, bir sıra dövlət proqramları və milli fəaliyyət planları da hazırlayıb. Lakin qanunvericilikdə prioritetlərin dəyişikliyi əlilliyi olan uşaqlar və onların ailələrinin vəziyyətində hər hansı böyük müsbət dəyişikliyə gətirib çıxarmayıb. Burada əsas səbəb odur ki, müstəqillikdən sonra Azərbaycan müharibə və iqtisadi, sosial və mədəni münasibətlərin və əlaqələrin pozulması ilə üz-üzə qaldı və çox ağır keçid dövrü yaşadı. Həmin keçid dövrü hələ də davam etməkdədir.

Köhnə sistemdən imtina və yeni sistemin formalaşdırılması prosesində hökumətimiz xeyli gecikib. Nəticə etibarilə əlilliyi olan uşaqların sosial müdafiəsi, təhsili, inkişafı və cəmiyyətə inteqrasiyası, onların peşələrə yiyələnməsi və əməyə cəlb edilməsini təmin edən sistem indiyədək yoxdur.

REKLAM

Belə bir situasiyada əlilliyi olan uşaqlar da daxil olmaqla əlilliyi olan şəxslər çoxsaylı çətinliklərlə üzləşir. Bu çətinliklərin ağırlığı onların valideynləri və yaxın qohumlarının üzərinə düşür.

Alyansın ekspertlər qrupu müəyyənləşdirib ki, əslində ölkədə qəbul edilmiş qanunların icrasına lazımi səviyyədə nəzarət olmadığından, habelə orada əksini tapmış müddəaların icrası üçün müvafiq maliyyə vəsaitinin ayrılmaması üzündən həmin qanunların əlilliyi olan uşaqların həyatına təsiri minimaldır. Yəni əslində əlillərə yardım göstərməli olan mövcud mexanizmlər ilk baxışdan məntiqidir, reallıqda isə onların yenidən işlənməsinə böyük ehtiyac vardər. Söhbət ondan gedir ki, mövcud mexanizmlərin əksəriyyəti keçmiş sistem üçün hazırlanıb və bu gününn tələbləri ilə ayaqlaşmır.

"Əlil uşaq"- "Allahın cəzası?"

Bəlli olub ki, Azərbaycanda əlilliyi olan insanlara və uşaqlara qarşı stiqma geniş yayılıb. Hətta Azərbaycan dilində belə əhali arasında "əlil" əvəzində daha çox "şikəst" sözü istifadə edilir. Əlil uşağın doğulduğu ailə ilə bağlı isə düşünülür ki, bu, "Allahın cəzası"dır və ya "Allahın sınağı". Çoxları imkanları məhdud uşağı dünyaya gətirdiklərinə görə ananı günahlandırır. Bir şey də həqiqətdir ki, hələ də Azərbaycan cəmiyyəti fiziki çatışmazlığı olan vətəndaşlarından utanır.

Bu gün əlilliyi olan uşaqların böyük əksəriyyəti öz ailələrində yaşayır. Çox az sayda əlilliyi olan uşaq dövlət uşaq müəssisələrinə yerləşdirilib. Dövlət uşaq müəssisələrində olan uşaqların əksəriyyəti əqli cəhətdən əlil və ya çox ağır fiziki əlilliyi olan uşaqlardır. Valideynlərin tərəfindən uşaqların dövlət uşaq müəssisələrində yerləşdirilməsində bir sıra səbəblər var. Əlilliyi olan uşaqların xüsusi qayğı və müdafiə tədbirlərinə ehtiyacları var. Valideynlərin bir çoxu bu ehtiyacları ödəyə bilməyəcəklərinə inanaraq və uşağın inkişafı və təhsili üçün lazımi şəraiti yarada bilməyəcəyindən ehtiyatlanaraq həmin uşaqları dövlət qayğısına verir və dövlət uşaq müəssisələrinə yerləşdirir.

Fiziki əlilliyi olan uşaqların bir çoxunun dövlət internat müəssisələrinə yerləşdirilməsinə digər mühüm səbəb həmin müəssisələrdə təhsilin olmasıdır. Təəssüflə qeyd etmək lazımdır ki, ölkədə fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil məktəbləri (pilot layihələrin aparıldığı bir neçə məktəb və bağça istisna olmaqla) əlilliyi olan uşaqların təhsili üçün yararlı deyil. Nəticə etibarilə uşaqlarına təhsil vermək istəyən valideynlər onları məhz dövlət internat məktəblərinə yerləşdirmək məcburiyyətində qalır.

Əlilliyi olan uşaq ailənin iqtisadi yükünü də artırmış olur və həmin uşağın müxtəlif ehtiyaclarını ödəmək məqsədilə valideynlərin daha çox maliyyə vəsaitlərinə ehtiyacları yaranır. Dövlət tərəfindən həmin ailələrə verilən maliyyə yardımının azlığı, icma səviyyəsində mühüm sosial xidmətlərin yoxluğu valideynləri məcbur edir ki, uşaqlarını internat müəssisələrinə yerləşdirsin.

Valideynlər müvafiq bacarıqlara malik deyillər

Ailələrdə yaşayan əlilliyi olan 40.000-dən artıq uşağın təhsilə cəlb edilməsi mümkünsüzdür. Həmin uşaqların cəmiyyətə inteqrasiyası üçün də imkanlar mövcud deyil. Nəticə etibarilə, həmin uşaqlar evlərində bağlı qapı arxasında aylar-illər keçirir. Dövlət dəstəyi olmadığı üçün valideynlər uşaqların inkişafının təminedilmə prosesində çox məhdud səviyyədə iştirak edir. Əlilliyi olan uşaqların valideynlərinin əksəriyyəti bu uşaqlarla rəftar, tərbiyə və digər sosial inteqrasiya yönümlü işlər sahəsində bilik və bacarıqlara malik deyil.

Əlilliyi olan uşaqların bir qismi daim qulluq, qayğı və nəzarət tələb edir. İcma səviyyəsində onlara uyğun günərzi mərkəzlərin, reabilitasiya xidmətlərinin olmadığından valideynlərdən biri məcburi şəkildə bütün gününü həmin uşağa sərf etmiş olmalıdır. Bu isə həm ailənin yoxsulluğa uğraması, həm də ailədaxili psixoloji və emosional durumun pisləşməsinə, gərginliyə gətirib çıxarır.

Araşdırma göstərir ki, Bakıda bəzi əlilliyi olan uşaqların valideynləri öz uşaqlarına və digərlərinə kömək etmək üçün QHT və ya icma əsaslı reabilitasiya mərkəzləri yaradıb. Məhz bu cür valideynlərin fəaliyyəti nəticəsində hazırda ölkədə 10-dan artıq reabilitasiya mərkəzi fəaliyyət göstərir ki, bunların sırasında "Müşfiq", "Göy Qurşağı" və "Oriqami" icma əsaslı reabilitasiya mərkəzlərini və "Daun sindromlu uşaqlar assosiasiyası"nı ayrıca götərmək olar. Bu mərkəzlərin işi bir tərəfdən yüzlərlə valideynə bir örnək idi, digər tərəfdən cəmiyyətin və dövlət qurumlarının diqqətini həm əlilliyi olan uşaqların, həm də onlara qayğı göstərən valideynlərin problem və çətinliklərinə yönəltməyə nail oldu.

Əlilliyi olan uşağı ev şəraitində tərbiyə edən və ona qayğı göstərən ailələrə verilən həmin məbləğ normal yaşayış üçün kifayət etmir. Əlilliyi olan uşaqlara pensiyalar verildikdə və ya həmin uşaqların ailələrinə sosial müavinət ayrıldıqda, uşağın əlillik dərəcəsi, qayğı, reabilitasiya, təhsil, nəzarət və qulluqla bağlı ehtiyacları və valideynlərin bu işlərin görülməsi üçün sərf edəcəyi enerji, vaxt və maddi vəsaitin həcmi nəzərə alınmır. Halbuki pensiyanın, ailəyə veriləcək müavinətin həcmi bilavasitə yuxarıda verilmiş göstəricilərdən asılı olmalıdır. Yalnız bu vasitə ilə əlilliyi olan uşaqların ailələrdə normal yaşaması, tərbiyəsi və ümumi inkişafına nail olmaq mümkündür.

Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) tərəfindən 2008-ci ildə aparılan tədqiqat nəticəsində hazırlanmış hesabatda göstərilir ki, dövlət uşaq müəssisələrində hər bir əlilliyi olan uşağın yaşayışı üçün təqribən ildə 750 AZN vəsait xərclənir. Bu isə ailələrə verilən sosial müavinətin həcmindən ən azı 2 dəfə azdır.

Yeni model problemin həll yoludur!

Hesab edilir ki, neft gəlirlərinin artdığı şəraitdə hökumətin qarşısında duran başlıca vəzifələrdən biri insan kapitalının inkişafına qoyuluşları, onların sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxış imkanlarını artırmaq olmalıdır. Sözsüz ki, ehtiyacı olanların, xüsusilə də həssas qrupların sosial-tibbi qayğısına istiqamətlənən proqramları genişləndirməklə bu qrupun cəmiyyətə inteqrasiya prosesinin sürətlənməsinə dəstək göstərilməlidir. Lakin bu prosesə yalnız dövlətin maddi-texniki dəstəyi ilə deyil, biznes strukturların korporativ sosial məsuliyyət proqramlarının artımı hesabına da təkan verilə bilər.

Mövcud reabilitasiya mərkəzləri maliyyə qıtlığına və dövlətin maliyyə dəstəyi olmadığına görə çox az sayda uşağı əhatə edir. Həmin mərkəzlərin əksəriyyəti il ərzində cəmi 50-60 uşağa xidmət göstərə bilir. Nəzərə alsaq ki, uşaqların əlilliyindən asılı olaraq bərpa xidmətləri illərlə davam etdirilməlidir, onda bu mərkəzlərin dövlət dəstəyinə ehtiyacı aydın görünər.

Hesabatda qeyd edilib ki, İqtisadi Tədqiqatlar Mərkəzi ötən il əlilliyi olan uşaqların reabilitasiyasını həyata keçirən mərkəzlərin göstərdiyi xidmətin keyfiyyətini və iqtisadi səmərəliliyini artırmaq üçün model hazırlayıb. Təklif olunan model qəbul edilərsə, qısa müddətdə evdə oturaraq xüsusi qayğıya ehtiyacı olan övladına baxmalı olan valideynlər bu qayğıdan azad olaraq işləmək üçün də vaxt qazanar və bu da əhalinin ümumi rifahını artırmış olar. Beləliklə də uzunmüddətli dövrdə isə reabilitasiyadan keçən uşaqların müstəqil fəaliyyət imkanları artar, onlar öz ehtiyaclarını qarşılamaq üçün vərdişlərə və təcrübələrə yiyələnər, cəmiyyətə daha asan inteqrasiya olunar və gələcəkdə dövlətin "yükünə" çevrilməzlər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı polisi hesabat verdi

Ordumuz daha bir əsgər itirdi

BMT Azərbaycan hökumətini tənqid etdi

Qarabağda yaşayan vətəndaşlarımıza status vermək olar

"Naxçıvan: qaranlıq ada"

Bölmənin digər xəbərləri
 
Korrupsiyadan şikayətçi yox
TN "qaynar xətt"inə müraciətlərin çoxu sorğu xarakterlidir

Kommunal sektordakı problemlərə son?
Hədəf - münasibətlərdə dünya standartlarına keçid

Təhsilin səviyyəsi: məktəblərdə nə düşünürlər?
Burada sabaha baxışda nikbinlər də var

32 gərəksiz universitet...
Bunu son reytinq üzə çıxarıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər