Ötən gün Fövqəladə Hallar Nazirliyində (FHN) dövlət və özəl tikinti şirkətlərinin rəhbərləri, mərkəzi icra hakimiyyəti orqanlarının tikinti təşkilatlarının nümayəndələri, nazirliyin tikintidə təhlükəsizliyə nəzarət məsələləri üzrə cavabdeh şəxslərinin iştirakı ilə görüş keçirilib ("Turan").
FHN rəhbəri Kəmaləddin Heydərov təəssüflə qeyd edib ki, 2005-ci ilə qədər (FHN yaradılanadək) bu sahədə aparılan tikinti-quraşdırma işləri üzrə layihələrə, tikinti norma və qaydalarına, istifadə olunan tikinti materiallarının standartlara uyğunluğuna sistemli dövlət nəzarəti həyata keçirilməyib.
"Bəzən çoxmərtəbəli binaların tikintisilə bilik və təcrübəsi olmayan təsadüfi şəxslər məşğul olub. Binalar ekspertizadan keçmədən, heç bir kommunal xidmətə qoşulmadan əhaliyə verilib", - Heydərov bildirib ki, hazırda yerli və xarici ekspertlərin iştirakı ilə Şəhərsalma və Tikinti Məcəlləsi hazırlanır.
Nazir tikinti şirkətlərini inşa olunan obyektlərin keyfiyyətinin artırılması və təhlükəsizliyin təmin olunması ilə bağlı FHN-in keçirdiyi tədbirlərdə fəal iştiraka çağırıb.
Eyni zamanda, qanunvericiliyin tələblərinə əməl etməyən bütün fiziki və hüquqi şəxslərlə bağlı bu il martın 1-dən ciddi tədbirlər görüləcəyi, müvafiq materialların hüquq-mühafizə və məhkəmə orqanlarına göndəriləcəyi barədə xəbərdarlıq edib.
Bundan əvvəl FHN rəsmilərindən biri 50 yeni tikilmiş binanın təhlükəsizlik normalarına uyğun olmadığını demişdi.
|