Dünya bazarında neftin qiyməti durmadan artır. Həftənin əvvəlində London birjalarında "qara qızıl"ın bareli 99,65 dollara qalxdı. Buna səbəb Misir olaylarının digər Yaxın Şərq ölkələrinə keçmə təhlükəsi idi. Beynəlxalq ekspertlər qiymətin 100 dolları ötmə ehtimalı barədə danışmağa başladılar. Nəhayət, gözlənilən baş verdi. London birjalarında Azərbaycan neftinin qiyməti 102 dollar oldu. Bu, son 3 ildə neftin qiymətinin dünya bazarında ikinci sıçrayışı kimi yadda qaldı.
Neftin bir barelinin 100 dolları ötməsi iqtisadi səbəblərdən daha çox siyasi səbəblərlə bağlıdır. Ekspertlərə görə, qiymətin yüksəlməsi Yaxın Şərqdə müşahidə edilən siyasi gərginliklə bağlıdır. Artıq bir sıra şirkətlər Misirdə neft emalını dayandırıblar. Monitorinq və qiymətləndirmələr dünya bazarında neftə olan tələbatın artmasının müşahidə olunmadığını göstərir. Əksinə, AB ölkələrində neftə olan tələbatın azalması müşahidə edilir ki, bu da birbaşa qitədəki iqtisadi böhranla bağlıdır. Eyni zamanda, ABŞ və Çində neftə olan tələbatın artması qeydə alınmayıb. Bu baxımdan, neftin qiymətinin artması üçün iqtisadi zəmin faktiki olaraq yoxdur. Deməli, qiymətdə dəyişiklik ərəb ölkələrində siyasi gərginliyin nə zaman başa çatmasından birbaşa asılıdır.
Avstraliya Milli Bankının mütəxəssisi bəyan edib ki, Misir böhranı dünyanın xammal və maliyyə bazarı üçün təhlükədir. Bu olaylar Süveyş kanalı ilə daşınmaların azalmasına səbəb ola bilər. Bu da "qara qızıl"ın dəyərini artıracaq.
Azərbaycan neftinin bir hissəsi də Süveyş kanalı vasitəsilə dünya bazarına çıxır. Bakı-Tbilisi-Ceyhan kəməri ilə göndərilən xammalın bir hissəsi tankerlərlə oradan Cənub və Cənub-Şərqi Asiya ölkələrinə gedir.
ABŞ-ın energetika naziri Stiven Çu da bəyan edib ki, ərəb ölkələrindəki qeyri-sabitlik neftin ixracında çətinlik yarada, dünya bazarında yanacağın qiymətini kəskin şəkildə artıra bilər. Çu deyib ki, ABŞ enerji ehtiyatlarına olan ehtiyacını öz resursları hesabına ödəyə bilər".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə, ərəb ölkələrində baş verənlər bazara ciddi psixoloji təsir göstərməyə başlayəb: "Nəticədə neftin qiyməti günü-gündən bahalaşır. Belə xəbərlər gəzir ki, Süveyş kanalı bağlana bilər. Oradan isə Avropaya daşınan neftin 40 faizi keçir".
İqtisadçı neftin hansı həddə qədər bahalaşacağını pronozlaşdırmağın çətin olduğunu söylədi. Onun sözlərinə görə, bu cür hadisələr 1973-cü ildən sonra olmayıb. O vaxt neftin qiyməti 2 dollardan 14 dollaradək artmışdı. İran inqilabından sonra isə 40 dollaradək bahalaşdı. "Ərəb ölkələrində baş verən olaylar qiymət artımını qaçılmaz edir", - deyə İ.Şaban vurğuladı.
|