Millət vəkili Eldar İbrahimov:
"Bura Afrika deyil, bizdə ərzaq qıtlığı yoxdur!"
 |
Çar Nikolaya yemiş Şahtaxtıdan, Brejnevə qara kişmişi üzüm - Culfadan gedərmiş
Şənbə, 12.02.2011
A.Əhməd |
mətn ölçüsü |
|
|
|
Ötən əsrin 90-cı illərindən bəri xaricdən ölkəyə çeşidli ərzaq məhsulları gətirilir. Onların çoxu genetik modifikasiya edilmiş məhsullardır. Onlardan istifadənin fəsadları bu gün üzə çıxmaqdadır. Bununla yanaşı, əhalimiz artır, bunun müqabilində ekoloji vəziyyət ağırlaşır, təbii sərvətlərin azalma meyli müşahidə olunur. Ona görə bəzi ölkələr öz milli bitki sortlarının, toxumlarının itib-batmaması üçün genbank yaradıblar. Bu məsələnin aktuallığını nəzərə alaraq, müvafiq qanun qəbul edən ölkələr də var.
Bizim qanunvericilər də "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi hazırlayıblar. MM aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bunu vacib iş sayır. Millət vəkili deyir:
"Türkiyə Böyük Millət Məclisində buna bənzər qanun layihəsi müzakirə olunurdu. Təbii ki, bizdə də bitki genlərimizin, bitki sortlarımızın, toxumlarımızın qorunub saxlanması, insanlarımızın ekoloji təmiz məhsulla təmin edilməsi üçün belə bir qanuna ehtiyac var. Hələlik bu sənədin ilkin variantının müzakirəsi gedir. Layihəni aprel, may aylarında parlamentin plenar iclasına çıxarmağı nəzərdə tuturuq".
Birmənalı fikir var ki, genetik modifikasiya olunmuş toxumlar kənd təsərrüfatına ciddi zərər vurur. Fermerlər əkdikləri bitkilərin toxumundan növbəti il üçün toxum götürə bilmir. Deyilənlərə görə, təkcə Azərbaycanda genetik modifikasiya olunmuş toxum və bitkilərdən istifadə nəticəsində 10-dan çox pomidor növü artıq məhv olub. Millət vəkili deyir ki, toxumlar qarışdırılmamalıdır.
Deputat Tahir Süleymanov da bu qanuna böyük ehtiyac duyulduğunu deyir. Onun sözlərinə görə, ölkəni bir sıra meyvə-tərəvəz məhsulları ilə təmin edən Quba-Xaçmaz bölgəsində indi yerli bitki sortlarına, toxumlarına çox az rast gəlinir.
Vaxtilə Xaçmazda gözəl pomidor yetişdirilirdi. İndi orada yetişdirilən pomidorda əvvəlkindən heç əsər-əlamət yoxdur. Digər meyvə-tərəvəz məhsulları da eləcə...
Eldar İbrahimov deyir:
"Bu məhsulların ölkəyə gətirilməsinin qarşısı alınmalıdır. Əgər Afrikada ərzaq qıtlığı varsa, ora aparsınlar, amma bizdə belə problem yoxdur, biz sağlamlığımızı qorumalıyıq. Bura Afrika deyil. Həkimlər bildirirlər ki, xaricdən gətirilən bu cür qidalar bədənin energetik ehtiyatlarının tükənməsinə də gətirib çıxarır. Təxminən 10 ildən sonra insanlarda gen dəyişikliyinin əmələ gəlməsi qaçılmaz ola bilər".
O, sözlərinə əlavə edir: "Heç bir ölkə heç vaxt öz yaxşı məhsulunu, bitki sortunu, toxumunu başqasına satmaz, verməz. Onlar sadəcə, başdan etmək üçün öz keyfiyyətsiz məhsullarını, bitki sortlarını, toxumlarını xaricə ixrac edirlər. Biz isə bu məsələdə çox diqqətli olmalıyıq. Vaxtilə böyüklərimiz bizə qurdlu almanı yeməyi məsləhət görərdilər. İndi bilmirsən haradan gəlib, geni necə dəyişdirilib, hamı xaricdən gələn meyvə-tərəvəz məhsullarına üstünlük verir. Bu, çox ziyanlıdır. Almanı kəsirsən, üstündən bir həftə keçir, nə xarab olur, nə də qaralır. Deməli, bunun geni dəyişdirilib. Bu meyvə insan orqanizmi uçün çox zərərli və təhlükəlidir. Vaxtilə Naxçıvandan rus çarı Nikolaya Şahtaxtı yemişi göndərərdilər. Görün nə qədər keyfiyyətli məhsul imiş. Yaxud Leonid Brejnevin süfrəsinə qara kişmişi üzümü Culfadan göndərmişdilər. Həmin üzümün dadından olmazdı. Ancaq çox təəssüf ki, son illər bir çox bitki sortlarımız, toxumlarımız sıradan çıxarıldığı üçün xaricilərin meyvə-tərəvəzinin ümidinə qalmışıq. Onların da, təbii ki, ziyandan savayı heç bir xeyri yoxdur".
|
|
|
|
|
|
|