Dünyanın qiymət sarsıntısı
 |
Ərzaq qıtlığı qaçılmaz olacaq?
Şənbə, 12.02.2011
A.Əhməd |
mətn ölçüsü |
|
|
|
Neftin qiyməti artır, bu artım ərzaq məhsullarının qiymətinə təsir edir. Ərzaqın qiyməti heç qlobal böhran vaxtı bu dərəcədə yüksək deyildi. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mütəxəssisləri bildirirlər ki, dünya bazarında şəkərin qiyməti son 30 ildə rekord həddə - tonu 835 dollara yüksəlib. Başqa sözlə, şəkərin kiloqramı bir manatı ötüb. Bu barədə Bloomberg agentliyi məlumat yayıb. Bahalaşmanın əsas səbəbi kimi şəkər qamışı ixracına görə dünyada üçüncü yeri tutan Avstraliyada baş vermiş təbii fəlakətlər nəticəsində investorların ehtiyat etmələri göstərilir.
BMT-nin sözügedən qurumu etiraf edir ki, dünya faktiki olaraq qiymət sarsıntısı keçirir. Təşkilat ötən ayın sonunda dünya bazarını araşdırandan sonra bu nəticəyə gəlib. Ərzağın qiymətləri 2007-2008-ci illərin ərzaq qıtlığından doğan qiymətləri geridə qoyub. Dünya Ərzaq Təşkilatının iqtisadi müşaviri Abdulrza Abbasian deyir ki, indiki bahalıq bir müddət də davam eləsə, ərzaq qıtlığı qaçılmaz olacaq.
İqtisadçılar əmindirlər ki, qiymətlər artmaqda davam edəcək. Önəmli olan iki vacib ərzaq məhsulunun - düyü və buğdanın qiymətləridir. Düyünün qiymətləri sabit olsa da, Rusiya, Ukrayna və Qazaxıstandakı quraqlıq bu il taxılın məsuldarlığına ciddi ziyan vurub. Odur ki, qıtlıq və bahalaşma qaçılmazdır.
Təbii fəlakətlər öz sözünü deyir
Üstəlik "La Nina effekti" deyilən amilin də təsiri artır. Söhbət quraqlıq və isti havaların ABŞ, Braziliya, Argentina və Avstraliyada məhsudarlığa təsirindən gedir. Yanvarın əvvəlində bu effektin hələ 3 ay da davam edəcəyi gözlənirdi. Ancaq son vaxtlar Avstraliyada leysan yağışları qoyunçuluq və heyvandarlığa da ciddi ziyan vurub.
Bahalaşmaya baxmayaraq, kasıb ölkələrdə əhali öz sakitliyini qoruyur.
Məsələn, "Financial Times" yazır ki, indi Afrikanın ən kasıb ölkələrindən biri - Keniyanın paytaxtı Nayrobidə ən ucuz bulka 7 sentə satılır, ötən ilə görə 50 faiz bahalaşıb. Amma bulkanın əsas müştəriləri olan fəhlələr, sürücülər və şəhər işsizləri deyirlər ki, bahalaşsa da, tapılır və almağa da birtəhər pul tapırlar. 2-3 il əvvəl kasıblar dünyanən bir çox yerlərində, elə Nayrobidə də ərzaq qıtlığı üzündən hökumət qoşunları ilə toqquşmalara girmişdilər.
Bahalaşma Azərbaycana yeyinti məhsulları idxalının artdığı vaxta təsadüf edir. Gömrük Komitəsinin məlumatına görə, ötən ilin 9 ayında Azərbaycana ət məhsulları, buğda, şəkər və yağ idxalı artıb. İdxalın artması ilə yanaşı, gətirilən məhsullarının qiymətində də artım müşahidə olunub. Belə ki, idxal olunan ət məhsulları 40 faiz bahalaşıb. Ötən il ölkə sərhədində 22 qəpiyə başa gələn ərzaq buğdasının qiyməti 28 qəpiyə qalxıb. Ölkəyə gətirilən şəkərin qiyməti isə 1 il əvvəllə müqayisədə 54 faiz artıb.
İqtisadçılar dünyada müşahidə edilən qıtlığın Azərbaycanın istehlak bazarına təsir edəcəyini, hətta kəskin qiymət artımını proqnozlaşdırırlar. Lakin ərzaq qıtlığının yaşanacağı güman edilmir.
Rəhbərlik nikbindir
Səbəb - statistikadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010-cu ildə ölkəmizdə taxıl və kartof istisna olmaqla, hər növ kənd təsərrüfatı istehsalında artım qeydə alınıb. Məsələn, ötən il 1181 min ton tərəvəz (2009-cu ilə nisbətdə 2,5 min ton çox), 729 min ton meyvə-giləmeyvə (12 min ton çox) istehsal olunub. Üzüm istehsalında 330 ton artım olub. Bostan məhsulları istehsalında artım isə 23 min tonu keçib. Ötən il ən çox artım şəkər çuğunduru istehsalında qeydə alınıb. 33,6 faiz. Bu isə son beş ildə şəkər istehsalında ən yüksək artım göstəricisi sayılır. Bundan başqa, 440 min ton diri çəkidə ət istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 7,1 faiz, təxminən 34 min ton artım deməkdir.
Lakin buna baxmayaraq, həmin məhsulların qiymətləri artıb. Meyvə, tərəvəz, bostan və heyvandarlıq məhsulları istehsalında 50, bəzi məhsullarda 70 faiz qiymət artımı baş verib. Ötən illə müqayisədə kələm, pomidor, xiyar, çuğundur, kök və digər tərəvəzlərin qiymətləri xeyli bahalaşıb...
İnhisarçılar yatmayıb
KTN şöbə müdiri Sabir Vəliyev bildirir ki, bahalaşma süni inhisarçılıq amilləri ilə daha çox bağlıdır. Qiymət artımında daxili bazar amillərinin rolu çox azdır. Son bir ildə istehsal və emal müəssisələrinin enerji, yanacaq, xammal, işçilərə verilən əməkhaqqı, nəqliyyat və daşınma, amortizasiya xərcləri artmadığı halda, onların istehsal etdikləri malların bahalaşmasını ancaq süni amillərlə əlaqələndirmək olar.
Nazirlik sözçüsünün qənaətincə, məhsul bolluğu olduğu halda, satış məntəqələrində qiymətlərin tələb-təklif prinsiplərindən kənara çıxaraq məqsədli şəkildə artırılması yalnız süni inhisarçılığın əlaməti sayıla bilər: "Bu gün bazarlarda əksər məhsullarən bolluğu hökm sürür, malların strukturunda qiymət artımına səbəb ola biləcək hansısa bir amil yoxdur".
|
|
|
Oxşar xəbərlər:
Qızıl bahalaşmaqda davam edəcək
Oktyabrda bahalaşma lideri - baş soğan
Bahalaşma və ərzaq qıtlığı dalğası ölkəni vurdu
Neft bu sürətlə bahalaşarsa
Yeni böhran təhlükəsi
|
|
|