Dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovun rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), bank sektorunun və biznes icmasının iştirakı ilə geniş müşavirə keçirilib. Mərkəzi Bankın mətbuat xidmətindən deyildiyi kimi, tədbirdə MB yanında olan Azərbaycan İpoteka Fondu və Maliyyə Monitorinq Xidməti, Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi də iştirak edib.
Müşavirəni giriş sözü ilə açan E.Rüstəmov qeyd edib ki, son 7 ildə ümumi daxili məhsulun həcmi 3 dəfə artıb, nəticədə ölkədə dayanıqlı makroiqtisadi sabitlik hökm sürüb. Azərbaycan 183 dövlət arasında milli gəlirin səviyyəsinə görə 35 pillə irəliləyərək 81-ci yerə qalxıb. Kasıblıq səviyyəsi 40 faizdən 9 faizə düşüb. Dünya İqtisadi Forumunun Beynəlxalq Rəqabətlilik İndeksində ölkə 2005-ci illə müqayisədə 12 pillə irəliləyərək 139 dövlət arasında 57-ci sıraya yüksəlib".
E.Rüstəmov bildirib ki, Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev tərəfindən milli iqtisadiyyatın daha da müasirləşdirilməsi və şaxələndirilməsi, biznes və investisiya mühitinin radikal yaxşılaşdırılması və sağlamlaşdırılması, kiçik və orta sahibkarlığın rolunun artırılması ilə əlaqədar ciddi göstərişlər verilib və yeni strateji təşəbbüslər irəli sürülüb. Onun sözlərinə görə, bu strategiyanın realizasiyası istiqamətində MB və bank sektoru qarşısında da ciddi vəzifələr durur:
"Sahibkarlığın və əhalinin maliyyə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə banklar tərəfindən təklif edilən kredit məhsulları üzrə faizlərin, o cümlədən digər bank xidmətləri üzrə tariflərin bir daha nəzərdən keçirilməsi məsələsinə toxunulub. Biznesin rentabellik səviyyəsinin və rəqabət qabiliyyətinin artırılması üçün maliyyə resurslarının dəyərinin əhəmiyyəti qeyd edilib. Əhalinin, sosial baxımdan aztəminatlı kateqoriyadan olan insanların maliyyə və xüsusilə sosial ödənişlər üzrə xidmətləri daha ucuz əldəetmə yolları müzakirə edilib. Bu zaman sahibkarlıq fəaliyyətinin bir növü olan bank fəaliyyətinin özünün də xərcləri və onun strukturu, bank məhsulları və xidmətlərinin maya dəyərinin azaldılması məsələsinə diqqət yetirilib. Həmçinin girovların realizasiyası, bunun üçün tələb olunan müddət və xərclər məsələsinə toxunuldu, bu sahədə görülən işlər və girov mexanizminin təkmilləşdirilməsi üzrə hazırlanan təkliflər barədə məlumat verilib".
Qeyd olunub ki, əhalini və sahibkarları bank xidmətləri barədə məlumatlandırma səviyyəsi artırılmalı, onlara ətraflı və təfərrüatlı izahat verilməlidir. Bank-müştəri münasibətlərində şəffaflıq prinsiplərinə ciddi əməl olunmalı və lüzumsuz bürokratiyaya yol verilməməlidir. Bank əməkdaşlarının etik davranış səviyyələri artırılmalı, müştərilərlə rəftarda yüksək korporativ mədəniyyət nümayiş etdirilməlidir.
Müşavirədə bildirilib ki, bank sektoru tərəfindən xidmətlər daha müasir texnologiyalar əsasında həyata keçirilməli, avtomatlaşdırma səviyyəsi artırılmalı, müştərilərlə fiziki təmas minimallaşmalıdır. Banklar öz məhsul və xidmətlərinin çeşidini artırmalı, geniş əhali kütləsinin və müxtəlif iqtisadi fəaliyyət sektorlarının tələbatlarını ödəyən məhsullar təklif etməlidirlər.
AMB sədri vurğulayıb ki, xususi olaraq ölkənin ərzaq təhlükəsizliyinin etibarlı qorunması baxımından aqrar sektor və fermer təsərrüfatlarının effektiv maliyyələşmə mexanizmləri barədə müzakirələr aparılıb:
"Banklar sosial məsuliyyətlərini artırmalı, biznes icmasında və cəmiyyətdə maliyyə mədəniyyətinin və şəffaflığının yüksəldilməsinə çalışmalıdır. Bu istiqamətdə xüsusi ədəbiyyatlar, televiziya verilişləri və digər kommunikasiya alətləri vasitəsilə təbliğat kampaniyaları həyata keçirilməlidir".
Qarşıya qoyulmuş mühüm vəzifələrdən biri də iqtisadiyyatda nağdsız ödənişlərin genişləndirilməsidir. Mərkəzi Bank, banklar və aidiyyəti iqtisadi qurumlar birlikdə iqtisadi subyektlərin yaradılmış ödəniş infrastukturundan aktiv istifadə etmələri üçün fəal iş aparmalıdırlar. E.Rüstəmovun fikrincə, bu, büdcənin vergi bazasını genişləndirər, eyni zamanda bank sektorunun yığım və investisiya potensialını əhəmiyyətli artırar:
"Əhali isə ödənişləri rahat və təhlükəsiz xidmət vasitəsi ilə həyata keçirəcək. Banklar nağdsız ödənişlər üzrə stimullaşdırıcı fəaliyyətə başlamalı, əqdlərin daha sərfəli qiymətlə aparılmasına çalışmalı, müştərilərə təklif edilən texnoloji infrastrukturu daha da genişləndirməli və təkmilləşdirməlidirlər. Təhlil göstərir ki, ipoteka kreditlərinə böyük tələbat var və bu mexanizm genişlənməlidir. Bunun üçün daxili bazarın maliyyə imkanlarından istifadə edilməlidir. Kreditlərin verilmə zamanı vətəndaşların müraciətlərinə vaxtında baxılmalı, izafi bürokratiya aradan qaldırılmalıdır. Kreditlərin verilmə prosesində vaxt və çəkilən xərclər minimallaşmalıdır. Bunun üçün elektron ipoteka sisteminin yaradılması üzrə başlanan işlər tamamlanmalı, insan faktorunun rolu aşağı salınmalıdır".
"Biznes mühitin sağlamlaşdırılması istiqamətində MB yanında fəaliyyət göstərən Maliyyə Monitorinq Xidməti də mühüm rol oynayacaq. Xidmətin aidiyyəti orqanlarla birgə fəaliyyətinin effektivliyi artırılmalıdır. Banklar çirkli pul vəsaitlərinin bank sektoru vasitəsilə leqallaşdırılmasının qarşısının alınması üçün daxili sistemlərini və nəzarəti gücləndirməlidirlər", - deyə Mərkəzi Bankın rəhbəri vurğulayıb.
Tədbirin sonunda Banklar Assosiasiyası və Sahibkarlar Konfederasiyası ilə birlikdə müzakirə edilən məsələlər üzrə müvafiq işçi qrupların yaradılması qərara alınıb.
|