Səhiyyə Nazirliyinin praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan həkimlərin sertifikasiyası məqsədilə fevralın 2-də keçirdiyi imtahanda uğur qazananların adları bəlli olub. SN mətbuat xidməti bildirir ki, revmatologiya ixtisası üzrə imtahanlarda 7 həkim iştirak edib.
Nəticələrə əsasən, onlardan heç kəs mümkün 100 balı toplaya bilməyib. İmtahanda iştirak edən 7 həkimdən 99 ballıq ən yüksək göstəriciyə 2 həkim nail olub. İmtahan iştirakçılarından 3 nəfəri isə növbəti mərhələyə keçid üçün tələb olunan 60 balı toplaya bilməyib. Bu həkimlərdən biri mümkün 100 baldan 51, digəri 46, üçüncüsü isə ...cəmi 20 bal toplayıb.
Şərtlərə əsasən, 3 saat ərzində 100 sualdan ən azı 60 suala düzgün cavab verilməlidir. Hər sual 1 balla qiymətləndirilir. Bu tələbə cavab verən həkimlər növbəti mərhələyə - 5 il müddətinə sertifikat almaq üçün müsahibəyə buraxılır. İmtahanda 60 baldan aşağı nəticə göstərənlər isə yenidən imtahan verməlidir. İkinci imtahanda da tələb olunan keçid balını toplaya bilməyən həkimlərin praktik tibb fəaliyyəti göstərə bilməzlər. Onlar yalnız bir müddət də hazırlaşıb yenidən imtahan verməli və sertifikasiya üçün tələb olunan balı toplamalıdırlar.
|